Accessibility links

Prezident Əliyev: Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır!


Prezident Əliyev: Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır!

Prezident Əliyev: Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır!

Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı açılıb. Qurultayda dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edir. Müxalifət və bir sıra müstəqil media nümayəndələri qurultaya dəvət edilməyib. Məşhur biznesmen Telman Ismayılov qurultaya 1 milyon dollar dəyərində olan Rolls-Royce-sində gəlib. İranda yaşayan 35 milyonluq azərbaycanlının təmsilçiləri foruma dəvət almayıb.

Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı açılıb. Qurultayda dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edir. Nümayəndələrin əksəriyyəti Rusiyadandır – 155 nəfər, Türkiyədən - 101, Ukraynadan - 49, Almaniyadan -43, Gürcüstandan- 41, ABŞ-dan - 25, İsveçdən - 23, Niderlanddan - 21, İsraildən - 17, Özbəkistandan -13, Fransadan -12, Böyük Britaniyadan - 11, Kanadadan - 10 nəfər iştirak edir.

Qurultayın gündəliyinə əvvəlki qurultaydan (2006-cı il) sonrakı dövr üçün
hesabat məruzəsinin müzakirəsi daxildir. “Dünya Azərbaycanlılarının 3-cü qurultayının qətnaməsi”, “Azərbaycan prezidentinə müraciət”, “Dünya Azərbaycanlılarına müraciət”, “Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət”lər qəbul edilib.

Qonaqların arasında Qırğızıstan parlamentinin sədri Əhmətbəy Keldıbekov, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Papun Davitaya, Türkiyə diaspor təşkilatının rəhbəri Kamal Yurtnac, Moldova Qaqauz Muxtariyyətinin rəhbəri Mixail Formuza, Rusiya Xaricdə Yaşayan Soydaşlar üzrə Federal Agentliyinin idarə rəhbəri Vladislav Şvetsov və başqaları var. Azərbaycan prezidenti İlham Əliyev qurultay qarşısında çıxış edib. O bildirib ki, Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb. “5 il əvvəl 336 Azərbaycan diaspor təşkilatı olduğu halda, bu gün onların sayı 416-ya çatıb. Diaspor təşkilatları keyfiyyət baxımından da güclənib və öz sözlərini deməyə başlayıb”.
Prezident Əliyev diaspor təşkilatlarına tövsiyə edib ki, fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmaları və diplomatik nümayəndəliklər bir olmalıdır. “Bəzən elə hallar olur ki, ziddiyyətlər ortaya çıxır. Buna son qoyulmalıdır. Diaspor təşkilatlarının birliyi təmin olunmalıdır. Səfirliklərlə diaspor təşkilatları arasında əməkdaşlıq daha da güclü olmalıdır. Bəzən bu münasibətlər məni narahat edir. Hərə bir küncə çəkilməməlidir ki, sonra biz işə qarışaq. Diaspor təşkilatları və səfirlik bir yumruq kimi, komanda şəklidə işləməlidir”.
Prezident hesab edir ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti erməni lobbisinə tutarlı cavablar verir. “Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır”.

O qeyd edib ki, bunun üçün bütün metodlardan, o cümlədən internetdən səmərəli istifadə edilməlidir: “Bəzən, Azərbaycan mətbuatının azad olmadığı barədə fikir formalaşdırılır. Necə ola bilər ki, 50 faiz internet istifadəçisi olan ölkədə mətbuat azad olmasın? Mən göstəriş vermişəm Azərbaycan xalqının tarixini, mədəniyyətini əks etdirən saytlar yaradılmalıdır”.
Dövlət başçısının fikrincə, Azərbaycan diasporu xarici ölkələrin daxili siyasətinin faktoruna çevrilməli, dövlət və hökumət qurumlarında, qanunverici orqanlarında təmsil olunmalıdır. O xaricdəki iş adamlarına da müraciət edib. “Ətrafınızdakı azərbaycanlılara da kömək edin, şirkətlərinizdə daha çox azərbaycanlıları işə götürün. Azərbaycan dövlət şirkətlərinin xaricdəki layihələrində daha çox azərbaycanlılar işlə təmin edilməli, o ölkələrdə azərbaycanlılara məxsus şirkətlər podratçı və digər formalarda bu layihələrə cəlb olunmalıdır”.
Prezident Əliyev deyib: “Dünyada yaşayan azərbaycanlıların bir vətəni var - o da Azərbaycandır! Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır”, - deyə o qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu gün qarşıda duran ən vacib məsələlərdən biridir. “ Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verir. Vasitəçi dövlətlər də bəyan edirlər ki, “status-kvo” qəbul edilməzdir. Azərbaycan danışıqları davam etdirəcək. Ermənilər yaxşı bilirlər ki, onlar Dağlıq Qarabağa qonaq gəliblər. Ermənistan dövləti tarixi Azərbaycan ərazisində - İrəvan və Zəngəzurda yaradılıb. Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası coğrafi baxımdan parçalanıb”.
Prezident Əliyev, həmçinin bildirib ki, Azərbaycan bütün amillərdən, o cümlədən ordu amilindən istifadə etməklə ərazi bütövlüyünü təmin edəcək.

Dünya Azərbaycanlılarının 3-cü qurultayı əvvəlki forumlardan bir sıra cəhətlərinə görə fərqlənib. Belə ki, bu qurultaya daha az jurnalist dəvət edilib, nümayəndələrin bir çoxu daha çox xaricdə yaşayan biznes aləminin və Azərbaycan iqtidarına yaxınlığı ilə seçilən insanlardır. Nümayəndələr qurultaya bahalı avtomobillərdə təşrif buyurub. APA agentliyinin yazdığına görə, hətta biznesmen Telman Ismayılov qurultaya 1 milyon dollar dəyərində olan Rolls-Royce-sində gəlib.

Qurultay nümayəndələri Amerikanın Səsi radiosuna diaspora problemlərindən də danışıb. Bir çox qurultay nümayəndəsi İranda yaşayan on milyonlarla azərbaycanlının təmsilçilərinin qurultaya dəvət edilməməsindən narahatdır. “Əgər Azərbaycan prezidenti bildirir ki, o, dünya üzrə 50 milyon azərbaycanlının prezidentidir, o zaman Cənubi Azərbaycandan olan 35 milyon azərbaycanlı qurultayda təmsil olunmalı idi”, - deyə qurultay nümayəndələrindən biri Amerikanın Səsi radiosuna bildirib.

Deputat Çingiz Qənizadə İranda yaşayan azərbaycanlıların qurultaya dəvət edilməməsini təşkilat komitəsinin səhvi sayır.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı hesab edir ki, İranda yaşayan azərbaycanlılar qurultayda iştirak etməsə də, onların dünyanın müxtəlif ölkələrində yaşayan təmsilçiləri problemləri qaldıracaq.

Dünya Azərbaycanlıları Yazarlar Birliyinin rəhbəri Sayman Aruzun fikrincə, qurultayda İranda yaşayan azərbaycanlıların say tərkibi daha çox olmalı idi. “Çünki, dünyada olan 50 milyon azərbaycanlının məhz 35 milyonu İranda yaşayır”.

Azərbaycan hakimiyyəti öz mövqeyini onunla əsaslandırır ki, İran azərbaycanlıları diaspor deyil, köklü əhalidir. “Gürcüstan azərbaycanlıları, Dərbənd azərbaycanlıları da da diaspor deyil. Qurultay da diaspor qurultayı yox, azərbaycanlıların qurultayıdır”- deyə Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsi radiosuna bildirib.

Azərbaycan müxalifəti qurultaya dəvət edilməyib. “Biz müxalifətdə olan insanların, siyasi partiya rəhbərlərinin, hətta müstəqil mediaların Dünya Azərbaycanlılarının qurultayına dəvət edilməməsindən çox təəssüflənirik. Bu ayrıseçkilik siyasətidir”, - deyə AXCP sədri Əli Kərimli Amerikanın Səsi radiosuna bildirib.

Dünya Azərbaycanlılarının 1-ci qurultayı 2001-ci il noyabrın 9-10-da, II qurultay 2006-cı il martın 16-da Bakıda keçirilib

XS
SM
MD
LG