Accessibility links

Prezident Obama intensiv seçki kampaniyası aparır


ABŞ prezidenti Barak Obama bu həftə Demokratların qurultayında nominasiya edilməzdən öncə intensiv seçki kampaniyası aparır.

Cənab Obama Əmək Gününü Ohayo ştatının Toledo şəhərində fəhlələrlə birgə qeyd edib. O, ABŞ avto-sənayesinin dirçəlişini öz administrasiyasının uğuru kimi qiymətləndirib.

“Mən Amerika fəhlələri ilə çiyin-çiyinə dayandım. Mən Amerika istehsalçıları ilə birgə dayandım. Mən sizə inanmışam və bu inanc öz bəhrəsini verməkdədir,” deyə ABŞ prezidenti bildirib.

Daha sonra prezident körfəz ştatı Luizianaya səfər edib. Burada o, İsaak qasırğasının törətdiyi dağıntılardan əziyyət çəkən yerli sakinlərlə görüşüb.

Cənab Obama həmçinin Luiziananın Respublikaçı qubernatoru Bobbi Cindalı və qasırğanın fəsadlarını aradan qaldırmağa çalışan federal və ştat rəsmilərini alqışlayıb.
XS
SM
MD
LG