Accessibility links

Prezident terrorizmə və dini ekstremizmə qarşı mübarizəni nəzərdə tutan qanunlara dəyişiklikləri təsdiq edib


Dekabrın 5-də prezident İlham Əliyev qanunvericiliyə terrorizmə və dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə yönələn dəyişiklik və əlavələri təsdiqləyib. Dəyişikliklər güc qurumlarının səlahiyyətlərini genişləndirir, xaricdə təhsil alan din xadimlərinin hüquqlarını məhdudlaşdırır.

“Polis haqqında” qanunun 26-cı maddəsinə edilən düzəlişə görə, polislərə terrorun və dini ekstremizmin, eləcə də konstitusiya quruluşunun dəyişdirilməsinə yönələn cinayətlərin qarşısının alınması zamanı odlu silahdan atəş açmaq hüququ verilib.

“Vətəndaşlıq haqqında” qanunun 18-ci maddəsinə edilən əlavəyə görə, terrorçuluq fəaliyyətində iştiraka və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair hərəkətlərə görə vətəndaşlıq itirilir. Bu, dini ekstremizmə və ya “dini təhsil adı altında xaricdə təhsilə” və buna başqalarını cəlb etməyə görə də nəzərdə tutulur.

Bundan başqa Cinayət Məcəlləsinə yeni maddə -168.1.2 əlavə edilib. Bu əlavəyə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dini təbliğatın aparılmasına görə iki ilədək azadlıqdan məhrum ediləcəklər. Həmin hərəkətlər təkrar törədilərsə və əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən törədilərsə cəza müddəti beş ilədək azadlıqdan məhrum etməyədək artacaq.

“Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər edilib. Bu düzəlişlərə görə dini ayinləri yalnız yerli təhsil alan Azərbaycan vətəndaşları keçirə bilər. Xaricdə dini təhsil alanların mərasim keçirməsi qadağan edilir. Bu pozuntuya görə 1000 manatdan 5000 manatadək (1050 dollardan 5250 dollaradək) cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Digər düzəlişə görə, ibadət yerlərindən kənarda, ictimai yerlərdə dini atributların nümayişi qadağan edilir. Dini atributlar, o cümlədən dini bayraqlar yalnız ibadət yerlərində, dini mərkəzlərdə və müəssisələrdə asıla bilər.

İnzibati Xətalar Məcəlləsinə övladlar məktəbdən yayınan valideynlərin hüquqları barədə düzəliş edilib. Belə ki, bir ay ərzində yeddi gündən çox dərs buraxılarsa 100 manat (105 dollar) məbləğində cərimə nəzərdə tutulur. Çox güman ki, bu yenilik bəzi dindarların hicaba qoyulan qadağaya görə öz qızlarını məktəbə buraxmamasının qarşısının alınmasına yönəlib.

Bundan əlavə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun təsdiqlənib.

Qanun dini ekstremizmə qarşı xüsusi əməliyyatın keçirilməsini nəzərdə tutur.

Bu məqsədlə xüsusi əməliyyatların zonası müəyyən ediləcək ki, bu da müvafiq hüquq-mühafizə orqanı tərəfindən müəyyən ediləcək.

Həmin zonada nəqliyyatın və piyadaların hərəkəti müvəqqəti olaraq və ya tam məhdudlaşdırıla, müəyyən edilmiş əraziyə avtomobil və ayrı-ayrı şəxslər buraxılmaya bilər.

Zonaya daxil olarkən və çıxarkən nəqliyyata və fiziki şəxslərinə əşyalarına baxıla bilər.

Hüquq-mühafizə orqanlarının nümayəndələri maneəsiz olaraq fiziki şəxslərin mənzillərinə, evlərə və həyətlərinə, hüquqi şəxslərin obyektlərinə daxil ola bilər, xüsusi əməliyyatların keçirilməsinə mane olmaq istəyən şəxsləri saxlaya, müqavimət göstərən ekstremistləri zərərsizləşdirə bilər.

Bundan əlavə, xüsusi əməliyyat zonasında fiziki və hüquqi şəxslərə kommunal və telekommunikasiya xidmətlərinin göstərilməsinin dayandırılmasına icazə verilir.

Dini ekstremizmlə məşğul olan hüquqi şəxslər qadağan edilir və ləğv olunur.

XS
SM
MD
LG