Accessibility links

Alimlər meymunların kökünün kəsilməsinə insanların səbəb olduğunu deyirlər [Video]


İllinoys Universitetindən Pol Qarber yanvar ayında meymunların gələcəyi haqda narahatedici açıqlama verib. Amerikanın Səsinə müsahibəsində o araşdırmaları ilə bağlı bunları deyb: “Meymun növlərinin 60 faizi yox olma təhlükəsi ilə üzləşir, 75 faizinin isə sayı azalır”.

Xəbərdarlıq bundan ibarətdir – Biz qorillaların mövcud olmayacağı dünyaya doğru gedirik. Madaqaskarda oranqutanlar, lemurlar olmayacaq. “Beləliklə, bizim yaşadığımız dövrdə bunların 60 faizinin kökü kəsilmək üzrədirsə, bu temp getdikcə artacaq və bizim uşaqlarımızın yaşadığı dövrdə onların kökü tamamilə kəsiləcək" deyə, Durham universitetindən Co Setçel bildirir.

Primatların məməlilər qrupuna qorillalar, şimpanzelər, gibbonlar, mandrilislər, lemurlar və insanlar daxildir. Co Setçel kimi primatoloqlar meymunların kökünün kəsilməsinə insanın səbəb olduğu ilə bağlı eyni fikirdədirlər. “Əsas problem onların yaşayış yerlərini itirmələri və ya yaşayış yerlərinin dəyişməsidir. Primatların yaşayış yerini insanlar özləri üçün dəyişir, yəni meşələri qıraraq, tikinti, kənd təsərrüfatı və başqa sahələrdə istifadə edir. Bu isə o deməkdir ki, primatların yaşadığı tropik meşələr məhv edilir.”

Nə araşdırmaların nəticələri ilə bağlı hesabat, nə də primatoloqlar “bunun qarşısını necə almaq olar” sualının cavabını verə bilmir. Co Setçel: “Biz primatların təhlükədə olduğunu bilirdik, lakin primatları araşdıranlar üçün belə, onların nə dərəcədə təhlükədə olduqlarını bilmək bizi şoka salıb.”

Bu məsələnin həllinin təkcə bir yolu var, insan primatların yaşadığı yerlərdən mümkün qədər uzaq dursun. Alimlər primatların kökünün kəsilməməsi üçün əsas prioritetin onların özlərinin və yaşadıqları yerlərin qorunması olduğunu deyirlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG