Accessibility links

Prokuror islamçılara uzunmüddətli həbs cəzası istəyir


Prokuror islamçılara uzunmüddətli həbs cəzası istəyir

Prokuror islamçılara uzunmüddətli həbs cəzası istəyir

İslamşılar Cinayət Məcəlləsinin 28,214.2.1 (mütəşəkkil qrup tərəfindən ilkin razılaşma əsasında cinayətə hazırlıq), 28, 214.2.3 (silahdan istifadə etməklə cinayətə hazırlıq), 228.3 (silah saxlanması və gəzdirilməsi) və 278 (hakimiyyətin zorla ələ keçirilməsi) maddələri ilə təqsirli bilinir.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun və partiyanın digər altı üzvünün işi üzrə məhkəmə istintaqı başa çatıb. Onlar Cinayət Məcəlləsinin 28,214.2.1 (mütəşəkkil qrup tərəfindən ilkin razılaşma əsasında cinayətə hazırlıq), 28, 214.2.3 (silahdan istifadə etməklə cinayətə hazırlıq), 228.3 (silah saxlanması və gəzdirilməsi) və 278 (hakimiyyətin zorla ələ keçirilməsi) maddələri ilə təqsirli bilinir. Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, partiya lideri M.Səmədov islam dininin mahiyyətini təhrif edərək ondan zorakı hərəkətlərə və islam dövlətinin qurulmasına çağırışlar üçün istifadə edib. O, bu il yanvarın 2-də partiyanın Baş Məclisinin toplantısında partiya sədri Səmədovun çıxışını qeyd edib. Cənab Səmədov öz çıxışında vətəndaşları “cihad”a çağırıb. Bundan əlavə, o, dinlərarası düşmənçilik və nifrətin təbliğində ittiham olunub. Prokurorun çıxışı zamanı müttəhimlər bir neçə dəfə “Allahu əkbər!” şüarı səsləndirib, prokurora və hakimə lənət oxuyub. Prokuror Ruhulla Axundzadənin barəsində ittihamnaməni oxuyanda sonuncu prokuroru yalanda suçlayıb. Sonda prokuror məhkəməni M. Səmədovun, onun müavini Vaqif Abdullayevin, AİP Astara təşkilatının rəhbəri Axundzadənin və fəal Fərəməz Abbasovun 12 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib. Dəyanət Səmədovun və Firdovsi Məmmədrzayevin (M.Səmədovun qohumları) 11 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib. Prokuror ev həbsində olan teoloq Zülfüqar Mikayılzadənin 9 ay azadlıqdan şərti məhrum edilməklə 10 il məhkum olunmasını təklif edib. Müttəhimlərin qohumları məhkəmə binasının qarşısında etiraz əlaməti olaraq “Allahu əkbər!” qışqırıb.

Hakim növbəti iclası oktyabrın 10-na təyin edib. AİP bu işin uydurma olduğunu hesab edir və baş verənləri hakimiyyəti tənqid etdiklərinə və vətəndaşların dini hüquqlarını müdafiə etdiklərinə görə partiya liderlərinin və fəallarının cəzalandırılması məqsədilə siyasi sifariş kimi qiymətləndirirlər. Yanvarın 2-də partiyanın Baş Məclisinin sessiyasında AİP lideri Azərbaycan xalqını “ayağa qalxaraq despotik rejimə son qoymağa çağırıb”. İslam Partiyasının liderinin çıxışı YouTube-da yerləşdirilib.

XS
SM
MD
LG