Accessibility links

Müstəqil araşdırma qrupu jurnalistin evinə gizli çəkilmiş kabelləri aşkar edib. Telefon qovşağının sahə ustası kabeli rəhbərliyin göstərişi ilə çəkdiyini etiraf edib.

Bakı şəhər prokurorluğu Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı ilə bağlı qaldırılmış cinayət işi ilə bağlı məlumat yayıb. Xatırladaq ki, jurnalist aprelin 4-də mətbuat konfransı keçirərək istintaq işinin gedişindən narazı olduğunu bəyan edib.

Prokurorluğun məlumatında deyilir ki, son günlər “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova və onun nümayəndəsi, vəkil Adil İsmayılov müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar edərək onun şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında Bakı şəhər prokurorluğunda istintaq olunan cinayət işinin istintaqının gedişatından narazı olmaları, işin istintaqını aparan müstəntiqlə görüşə bilməmələri, istintaqın tam, hərtərəfli aparılmaması, zəruri istintaq hərəkətlərinin yerinə yetirilməməsi barədə əsassız və həqiqəti əks etdirməyən bəyanatlar verməklə ictimaiyyət arasında cinayət işinin istintaqı ilə bağlı mənfi rəy yaratmağa çalışırlar.

Prokurorluq bildirir ki, Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar şikayəti əsasında martın 15-də Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

İstintaq zamanı nümayəndəsinin iştirakı ilə Xədicə İsmayılovanın ifadəsi alınıb, onun vəsatəti təmin olunaraq dindirilməsini xahiş etdiyi şəxslər və eləcə də digər şahidlər dindirilib, Xədicə İsmayılova və nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxışlar keçirilərək iş üçün əhəmiyyət kəsb edən maddi sübütlar götürülüb, məhkəmə-trasoloji ekspertizısı təyin olunub, müxtəlif orqanlara sorğular göndərilib, tapşırıqlar verilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Öz növbəsində, aprelin 4-də keçirilən mətbuat konfransında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Preventiv Araşdırma Qrupu Xədicə İsmayılovanın daha sonra şantaj etmək məqsədilə gizli video izlənməsinin dövlət qurumları tərəfindən təşkil edildiyi qənaətinə gəldiyi bildirilib.

Araşdırma qrup martın 17-18-də İsmayılovanın mənzilində çəkilmiş videosüjeti nümayiş etdirib. Süjetdə İsmayılovanın mənzilinə səsdinləmə üçün çəkilmiş naqillər əks olunub. Telefon naqilləri ATS-38-ə birləşdirilib.

“Bu gün mənə qarşı aksiyanın Azərbaycan prezidentinin ailəsinin biznesi ilə bağlı araşdırmalarıma görə həyata keçirildiyinə daha çox inanıram”, - deyə Xədicə İsmayılova bildirib.

O qeyd edib ki, konkret olaraq prezidentlə bağlı araşdırmalar aparmayıb. “Nə araşdırsam, hansı iri layihələri öyrənsəm, sonda hər yerdən prezidentin ailəsi ilə bağlı şirkətlərə gedib çıxır”. Bu layihələr sırasında o, Bayraq Meydanındakı tikinti işlərini, “Azerfon” telekommunikasiya layihəsini qeyd edib.

İsmayılova onu gözdən salan görüntülərlə ilk xəbərdarlığı martın 7-də alıb və martın 9-da Baş Prokurorluğa, DİN-ə müraciət edib. Bu qurumlar isə onun müraciətlərinə məhəl qoymayıb.

Martın 13-də Amerika hostingində olan bir günlük musavat.tv saytında İsmayılovanın intim videoçarxı peyda olub və elə həmin gün iqtidaryönümlü üç qəzetdə - “Yeni Azərbaycan”, “Səs” və “İki sahil”də jurnalistin əleyhinə yazılar dərc edilib.

Vəkil Adil İsmayılovun sözlərinə görə, istintaq ləng aparılır. Xüsusən, müstəqil araşdırma qrupunun jurnalistin yaşadığı evdə aşkar etdiyi məftillərin və videomüşahidə kameralarının yerləşdirilməsinin ekspertizası uzadılıb.

Sonda kabellərə baxmaq üçün ATS-38-in sahə rabitəçisi çağırılıb, məlum olub ki, o, özü mənzilin girişinə paylayıcı lövhədən məftil çəkib. Rabitəçi etiraf edib ki, bunu rəhbərliyin göstərişi ilə edib. Bunun üçün 2011-ci ilin iyulunda yeni telefon nömrəsi ayrılıb. Videoçarx qalmaqalından sonra nömrə ləğv edilib.

İsmayılova bu əməliyyatda Milli Təhlükəsizlik Nazirliyindən şübhələndiyini bildirib. “ABŞ-da bir vəkillik kontoru rolikin Amerika hostingində yerləşdirilməsi faktı üzrə mənim hüquqlarımı müdafiə etməyi öhdəsinə götürüb”.

Preventiv Araşdırma Qrupunun rəhbəri Şahvələd Çobanoğlu deyib ki, praktiki olaraq eyni vaxtda üç domen qeydiyyata alınıb, onlardan musavat.tv-dən istifadə olunub.

XS
SM
MD
LG