Accessibility links

Elşad Abdullayevin qardaşının itkin düşməsi ilə bağlı cinayət işi üzrə yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb


Elşad Abdullaev

Elşad Abdullaev

Baş Prokurorluq Abdullayev Azərbaycana gəldiyi təqdirdə bu cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyinə təminat verir

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin 2003-cü ildə itkin düşmüş qardaşı Mahir Abdullayevin işi üzrə yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatı yayıb.

Məlumatda deyilir: “Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini nəzərə alaraq qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş Prokurorluğun nəzdində tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilmişdir.

Eyni zamanda “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq E.Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcəkdir”.

Xatırladaq ki, Fransada mühacirətdə olan Elşad Abdullayev sentyabrın 25-də sosial şəbəkələrdə keçmiş deputat Gülər Əhmədova vasitəsi ilə deputat olması üçün yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırılması ilə bağlı danışıqları əks olunmuş video yayıldıqdan sonra bu məsələ gündəmdən düşmür. Bundan sonra rüşvət faktı ilə bağlı cinayət işi qaldırılıb, Elşad Abdullayevin rektoru olduğu Beynəlxalq Universitetdə, qayınatasının ofisində axtarış aparılıb, Gülər Əhmədova deputata mandatından imtina edib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev videoda adının hallandırılmasına münasibət bildirib.

Elşad Abdullayev həmçinin 2003-cü ildə itkin düşmüş qardaşı Mahir Abdullayevlə bağlı aparılan istintaqa inanmadığı barədə oktyabrın 3-də prezident Əliyevə müraciət edib. Müraciətin mətnini həm də sosial şəbəkələrdə yayıb.

O qardaşının axtarışı və tapılması üçün vəzifəli şəxslərə milyonlara dollar rüşvət verdiyini bildirib.
XS
SM
MD
LG