Accessibility links

Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib


Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib
Pərvanə Məmmədli: İranın dövlət siyasəti Azərbaycan milli mətbuatının qarşısına sədd çəkib

AMEA-nın aparıcı elmi işçisi, ədəbiyyat üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli Amerikanın Səsi radiosuna son əsrlər İranda dərc edilən Azərbaycan mediası ilə bağlı müsahibə verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, ədəbiyyat üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli Amerikanın Səsi radiosuna son əsrlər İranda dərc edilən Azərbaycan mediası ilə bağlı müsahibə verib. Xanım Məmmədlinin müsahibədə əks olunan media, onun problemləri mövzusu ilə bağlı məqaləsini təqdim edirik.

Mətbuat xalqın ictimai-siyasi və ədəbi həyatının güzgüsüdür...

Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı həmişə paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub. Lakin, hakim İran rejiminin siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkib.
1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər Hərəkatı, nəhayət 1978-1979-cu illər İran İslam İnqilabı yalnız XX əsrdə Güney Azərbaycan türk¬lərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.

İslahatçı Abbas Mirzə

XIX əsrin əvvəllərində Azərbaycanı idarə edən Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başlayır. Uğurla nəticələnən bu islahatlar tək Azərbaycanda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi, Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) ilə tarixə daxil oldu. İlk çap dəzgahını Təbrizə gətirdən, ilk kitabları çap etdirən də Abbas Mirzə oldu. Azərbaycandan sonra bütün İranda qurulan mətbəələr basmaxana, orada işləyənlərsə basmaçı adlandırıldı. Bu da İranda nəşriyyat işinin türklər tərəfindən yaradıldığının əyani göstəricisi idi.
XIX və XX yüzilliklərdə Azərbaycan türkləri tək Güney Azərbaycanda deyil, eləcə də İranda elm, maarif, mədəniyyətə iri miqyaslı yeniliklər gətirmiş, bu sahədə aparıcı qüvvə olmuşlar.

Marağalı Məhəmmədhəsən xan Etimad-ül-səltənəni tanıyırıqmı?

Abbas Mirzənin layiqli davamçılarından olan Məhəmmədhəsən xan Müqəddəm Etimadülsəltənə dövrünün mütərəqqi şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin olunmuşdu. O, İranda və Cənubi Azərbaycanda maarifin, o cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı, cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək yəqin ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl “Sani-əd-daulə” (Dövlət sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır. Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın, eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir. Bu əsərlərin çoxu İranın, eləcə də Cənubi Azərbaycanın mədəniyyət tarixindən və coğrafiyasından bəhs edən gözəl mənbələrdir.
Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edib.

“İran maarifinin atası” - M.H.Rüşdiyyə

Güney Azərbaycanın, eləcə də İranın maarifçilik tari¬xində Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban Hacı Məhəmməd Naxçıvaninin böyük xidmətləri olub. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq bağçasının, lal-karlar üçün xüsusi məktəbin yaradıcısı sayılır. 1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində ilk üsuli-cədid məktəbinin əsası qoyulur. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu məktəb idi. “İran maarifinin atası” sayılan M.H.Rüşdiyyənin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir bilikləri və ana dilini təbliğ edən bir çox dərsliklər – “Ana dili”, “Vətən dili” dərsliklərini yaratması idi. M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda “Məktəb” və “Tehran” adlı qəzetləri nəşr etdirmişdi.

Əfkarı-ümumiyə təsir edən dövrün fədakar ziyalıları

Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş, xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və inkişafına təsir göstərmək üçün yeni mətbu orqanları təsis edirdilər. 1897-ci ildən başlayaraq Güney Azərbaycanda dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət “Əlhədid”, Sadiq xan Ədibülməmalik “Ədəb”, Hüseyn Təbibzadə “Kamal”, Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə) “Gəncineyi-Fünun” kimi qəzet və jurnalları nəşr edirdilər. Bu mətbu orqanlar publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçiril¬məsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər.

M.F.Axundovun indiyə qədər əldə olunmayan «Təlqinnamə»« əsərinini sorağı...

1898-ci ildə Təbrizdə “Ədəb” qəzetini nəşr edən Sadiq xan Fərəhani sonralar 1905-ci ildə, Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan “İrşad” qəzetinin fars dilli əlavəsini çıxarır. “İrşad”ın farsca cəmi 13 sayı çıxmış və bu əlavələrdə ədəbi-ictimai fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məsələn, onun saylarından birində böyük mütəfəkkir Mirzə Fətəli Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış “Təlqinnamə” əsərindən bir hissə çap olunmuşdur. Bu onu göstərir ki, əsər həqiqətən mövcud olmuşdur.

“Molla Nəsrəddin”dən 14 il öncə Təbrizdə Azərbaycan türkcəsində, şəkilli satirik qəzet olub...

Azərbaycan mətbuatı üçün maraqlı bir fakt. “Molla Nəsrəddin” jurnalı çap olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə Azərbaycan türkcəsində “Şəbnamə” adlı kiçik formatlı, illustrasiyalı, yeni ideyalarla zəngin, çox düşündürücü satirik mətbu orqanı mövcud idi. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı. Qəzetin redaktoru sonralar da Təbrizdə “Ehtiyac”, “İqbal” və “Azərbaycan” satirik dərgilərini çıxaran istedadlı publisist təbrizli Əliqulu Səfərov idi.

İlk mühacir qəzetlərin yaradıcıları da Azərbaycan ziyalıları olub

Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib, İranda, Güney Azərbaycanda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin konstitusiyalı rejimlə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edir və əfkari-ümumiyyəyə güclü təsir göstərirdi. Belə mətbu orqanların ən birincisi Tahir Təbrizinin 1875-ci ildə İstanbulda nəşr etdiyi “Əxtər” qəzeti olub. Türkiyədə “Əxtər”lə yanaşı «Şahsevən»« də çap olunurdu. ”Şahsevən”in redaktoru bizə yaxşı tanış olan yazıçı Əbdürəhim Talıbov idi. Bunlardan başqa Misirin Qahirə şəhərində “Hikmət”, “Kəmal”, Hindistanın Kəlküttə şəhərində “Həblülmətin” qəzetləri çap olunub. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqət¬lərin üstü açılıb, ölkədəki yaramazlıqlar haqqında ibrətli tənqidi məqalələr yazıldığına görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni maneələr yaradılırdı. Lakin xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin çoxalması ilə əlaqədar olaraq həmin mətbu orqanları müxtəlif yollarla ölkəyə gətirilib əldən-ələ keçir, oxunurdu. Söz yox ki, mühacir mətbuat İranda Məşrutə inqilabının baş verməsinə zəmin yaradan əsas amillərindən biri olmuşdu.

Məşrutə dönəmində demokratik ənənələrin formalaşması

O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan Məmməd Əmin Rəsulzadə “İran məktubları” adlı əsərində yazır ki, Məşrutə dövrü cənubi azərbay¬canlıların milli-mədəni hərəkatdan milli haqlar uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olub. O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sa¬yılan “İran-nou” gündəlik qəze¬ti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. M.Ə.Rəsulzadənin sözləri ilə desək, “İran-noy” İran Demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azəri türklərindən təşkil olunmuşdu.
Bu dövrdə Azərbaycanda 50-yə yaxın qəzet və jurnal çap olunurdu. Tək Təbrizdə deyil, Urmiyə, Ərdəbil, Həmədan və başqa şəhərlərdə “Dəbistan”, “Əcnümən”, “Azərbaycan”, “Naleyi-millət”, “İstiqlal”, “Buqələmun”, “Təbriz”, “Şəfəq” kimi bir çox qəzetlər nəşrə başladı. Ölməz Mirzə Ələkbər Sabirin də şerlərində böyük önəm verdiyi Məşrutə inqilabı dönəmində mətbuat həqiqətən ictimai-siyasi və ədəbi həyatın güzgüsünə çevrilmişdi. Dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Qəzvini tərəfindən Rəştdə nəşr olunan “Nəsimi-Şimal” qəzetinin əksər səhifələri şer nümunələrindən ibarət idi. Yusifxan Etisalınmülkün redaktorluğu ilə çıxan “Bahar” qəzetində Yusif xanın şerləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. “Sure-İsrafil” qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan “Çərənd pərənd”də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı.

“Təcəddüd” Azərbaycanda deyil, bütün İranda ictimai və ədəbi fikirdə yenilik yaratmışdı...

Birinci Cahan savaşından sonra İranda və Cənubi Azərbaycanda üsyanlar baş vermişdi. Hələ gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən və onun öndərlərindən biri olan Şeyx Məhəmməd Xiyabani sonralar Cənubi Azərbaycan tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejim yaratmağa nail oldu. 1917-1921-ci illər arasında Cənubi Azərbaycanda 20-dən artıq müxtəlif istiqamətli mətbu orqanları çap olunurdu. Dövrün aparıcı mətbu orqanları ”Təcəddüd” qəzeti və “Azadistan” dərgisi idi. Ş.M.Xiyabani redaktoru olduğu “Təcəddüd” qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu. Ş.M.Xiyabaninin rəhbərliyi ilə yaranmış Xiyabani hərəkatı və mətbu orqanı “Təcəddüd” qəzeti ictimai fikir sahəsində olduğu kimi, ədəbiyyatda da həm forma, həm də məzmunda yenilik yaratmışdır.
Demokratik hərəkatın başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi və həmkarı olan Tağı Rüfət “Təcəddüd” və “Azadistan” jurnalında dərc etdirdiyi şerləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərir, İranda poeziyanı yeniləşdirmək, həm də onu mətn, forma, üslub və dil cəhətdən yeniləşdirməyə xidmət edirdi. Beləliklə, İranda yeni şerin təməli “Təcəddüd” qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulurdu.

“Molla Nəsrəddin”in Təbriz dövrü

Hər iki tayda (İran Azərbaycanı və indiki Azərbaycan Respublikası-T.F) Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən “Molla Nəsrəddin” jurnalı xalqın milli birliyinin təşəkkülündə böyük rol oynamışdır.
Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 sayı nəşr olunub. 1921-ci ilin fevralında nəşrə başlayan jurnalın həmin ayda iki, martda üç, apreldə iki, mayda isə bir sayı işıq üzü görmüşdü.
Təbrizin mütərəqqi və qabaqcıl ziyalıları “Molla Nəsrəddin” jurnalı redaksiyası ətrafında sıx toplaşmışdılar. Bunlar Cəlil Məmmədquluzadə ilə tez-tez görüşür, ondan məsləhətlər alırdılar. Onlar var qüvvələri ilə jurnalın nəşrinə kömək edirdilər. Əbülfütuh Ələvi, İskəndərxan Qaffari, Mözüc Şəbüstəri, Hacı Əli Şəbüstəri, Möhsün xan Sərtibi, Əsgər Azərvənd və başqaları əldə etdikləri məlumatları, məqalə, felyeton və şerləri “Molla Nəsrəddin”in redaksiyasına çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırdılar.

Bölünmüş xalqın faciəsini və “Ayrılıq, həsrət” mövzusunu ilk dəfə gündəmə gətirən qəzet

1941-ci ildə Sovet ordusu tərkibində Cənubi Azərbaycana gəlmiş yaradıcı ziyalılar “Vətən yolunda” qəzetini təsis etmişdilər. Qəzetin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxdı. Qəzet Azərbaycan dilində günaşırı çap olunurdu.
“Vətən yolunda” qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzet idi. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı - P.M.). Qəzetin fəaliyyəti dövründə (1941-1946-cı illər) onun baş redaktorları Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. “Vətən yolunda” qəzetində dərc olunan materiallar da ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. Qətiyyətlə deyə bilərik ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası “Vətən yolunda” qəzeti ilə bağlı olmuşdur.
1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik ya¬zılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə “Vətən yolunda” qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən “parçalanmış vətən həsrəti”, “ayrılıq” mövzusu yaranırdı.

1945-ci ildə Bakıda nəşr edilib, Təbrizdə yayılan, sovet təbliğatından yan keçə bilən nəfis tərtibat...

O illərdə Bakıda Rəsul Rzanın redaktorluğu ilə əski əlifbada “Güney Azərbaycan üçün nəzərdə tutulmuşdu - P.M.) rəngli illustrasiyalı ”Azərbaycan” adlı jurnal nəşr olunurdu. Jurnalı Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə ən maraqlı və milli mənafe baxımından ən əhəmiyyətli nəşr orqanı hesab edən tədqiqatçı alim Cəmil Həsənli yazırdı ki, jurnalın hər sayında Güney və Quzey Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə olunurdu. İkincisi, jurnal Cənubi Azərbaycan üçün buraxıldığından Sovet Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər yayınır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək olar ki, “Azərbaycan”ın hər sayından duyulurdu. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf etməsini əyani şəkildə sübuta yetirirdi
Xatırladaq ki, uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən “ikiyə bölünmüş Azərbaycan məsələsi” mövzusu yasaq olunmuşdu. 1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın faciəsini: “ayrılıq, həsrət” motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə “Vətən yolunda” qəzetinin və “Azərbaycan” jurnalının səhifələrində qoyulmuşdur.

Xalqı “xabi-qəflətdən oyadan” qəzet

Azərbaycanda ictimai həyatın demokratikləşməsi, burada şəraitin dəyişməsi ilə müşahidə olunurdu. Belə bir şəraitdə yerli vətənpərvər demokratik və milli ziyalıların nümayəndələri “Azərbaycan Cəmiyyəti”ndə birləşməyi qərara aldılar. Azərbaycanın demokratik nailiyyətlərinin bərpa olunması, azərbaycanlıların milli hüquqlarının təmin edilməsi, dil və mədəniyyətin dirçəlişi məsələsi “Azərbaycan Cəmiyyətinin” öndə duran vəzifələrindən idi. Bu cəmiyyətin mətbu orqanı “Azərbaycan” qəzeti 1941-ci il noyabrın 1-dən Əli Şəbüstəri və İsmayıl Şəmsinin redaktorluğu ilə nəşr olunmağa başlayıb. “Azərbaycan Cəmiyyəti”nin orqanı olan qəzet ilk sayındakı baş məqalədə tutacağı yol və fəaliyyəti haqda yazırdı: “Azərbaycan”ın seçdiyi yol, mövcud vəziyyə¬tin, əfkari ümuminin, habelə xalqın gündəlik ehtiyaclarının aynasına çevrilərək ictimai şüuru istiqamətləndirmək, onu işıqlandırmaqdır”.
Qəzet sonradan, 1945-ci ildən Azərbaycan Demokrat partiyasının orqanı oldu və partiyanın məqsəd, məramını sadə Azərbaycan dilində xalqa çatdırırdı.
O illərdə “Vətən yolunda” və “Azərbaycan” qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər.
“Azərbaycan” qəzetində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən, klassik ədəbi nümunələrdən, çağdaş şairlərin əsərlərindən parçalar dərc edilirdi. Qəzet səhifələrində ilk şerləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi. “Azərbaycan” qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms, Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. “Azərbaycan”ın ən ən məzmunlu və dolğun məqalələri Seyid Cəfər Pişəvərinin qələmi ilə yazılmışdır.

Milli Demokratik Hökumətin islahatları və dövrün mətbu nümunələri

1945-ci ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Məhz, həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin, birliklərinin öz mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan milli məclisinin orqanı olan “Azad millət”, Azərbaycan həmkarlar ittifaqının “Qələbə”, Azərbaycan Demokrat təşkilatının “Cavanlar”, bunlardan başqa “Yeni Şərq”, “Fəryad”, “Xavər nou”, “Təbriz”, “Şahin”, “Əxtəre-şimal” , “Vətən yolunda”, “Azərbaycan ulduzu”, “Azərbaycan”, “Şəfəq”, “Demokrat”, “Yumruq”, “Ədəbiyyat səhifəsi”, Ərdəbildə “Cövdət”, “Yumruq”, Urmiyədə “Qızıl əsgər”, Zəncanda “Azər”, Miyanada “Vətən” adlı qəzet və jurnallar çap olunurdu.
Azərbaycan yazıçı və şairlər cəmiyyətinin “Günəş”, maarif idarəsinin “Maarif” kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu nəşriyyatların təsisçi və redaktorları dövrün tanınmış ziyalıları idi. “Qələbə” qəzetinin redaktoru sonralar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair Məhəmməd Biriya, “Azərbaycan ulduzu” qəzetinin redaktoru isə tanınmış ictimai xadim Hilal Nasiri idi.

Sonuncu inqilab da yaralara məlhəm olmadı...

1978-1979-cu illər İran inqilabından sonra İran dövlət konstitusiyasında öz əksini tapan - ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu.
1978-1979-cu illər İran inqilabından sonra Cənubi Azərbaycan ədəbi mühitində xüsusi bir canlanma başladı.40-dan artıq ana dilli mətbuat orqanlarının nəşri, Tehranda və Təbrizdə müxtəlif ədəbi birliklərin fəaliyyətə başlaması ədəbi prosesin təşkilatlanmasına, ədəbi qüvvələrin istiqamətlənməsinə, bədii əsərlərin oxuculara çatdırılmasına ciddi təsir göstərdi. İran İslam Respublikasının 1979-cu ilin dekabrında qəbul etmiş qanunun 15-ci maddəsində yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində, mətbuatda işlənməsinə, məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verildi. Əsas qanunun 19-cu maddəsində isə ölkədə müxtəlif millətlərin, xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.

“Bu nə türkidir ki, radio-televiziyon danışır, yarısından çoxu farsdır”

Qanunda nəzərdə tutulanların hamısı dərhal reallaşmasa da, Azərbaycancan dilinin tədrisi sahəsinə heç cür yol tapılmasa da, mədəni həyatda bir sıra nailiyyətlər nəzərə çarpırdı.
İnqilabın qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla Mişkini özü: “Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu farsdır” deyərək, Azərbaycan dilinin saflaşdırılmasını vacib sayırdı. Azərbaycan türkcəsi radioda artıq sərbəst işlədilməyə başlayır. Lakin, təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi ən adi insan hüquqları pozulur.
1978-1979-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən, inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mə¬dəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan ana dilli mətbuat orqan¬larının, “Varlıq» istisna olmaqla, hamısı bağlandı.

Milli kültür və dil problemi və ya “Haray-haray mən türkəm” hayqırtısı

Hələ XIX əsrin sonlarında Güney Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə nəşr və mətbu nümunələri çap olunurdu. 1893-cü ildə Təbrizin “Müzəffəriyyə” mədrəsəsində “Nasiri” adlı qəzet nəşr olunurdu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru “Müzəffəriyyə” məktəbinin müdiri idi. İranda ilk üsuli-cədid məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcılları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəblərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. 1907-ci ildə Təbrizdə işıq özü görən “Ümid” qəzeti Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən hazırlanmışdı. Bu ənənə bu gün də davam edir. Güney azərbaycanlıların təhsil aldıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mətbu orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla, onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu mətbu orqanlarda çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Cənub mətbuatı üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrində fars dilində məqalə və materiallar dərc etməklə Azərbaycan xalqının milli varlığını, mədəniyyətini, zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər.
Bu qəzetlərin tez-tez qapanmasının səbəbləri əvvəl maddi vəsait və maddi texniki imkanların məhdudluğu ilə bağlıdırsa, digər tərəfdən öz səhifələrində milli-siyasi və milli-ictimai problemlərin kəskin şəkildə qoyulması, siyasi tələblərlə, şüarlarla çıxış etməsi, bir sözlə radikal milli-siyasi məzmun və xarakter kəsb etməsi ilə bağlı olur.
Lakin bu məsələlərdən bir qədər yan keçib bütün problemləri əsasən milli kültürəl formada şərh etməyə çalışan mətbu orqanları özlərini yaşada bilir. Çox hallarda primitiv və kortəbii xarakter daşımalarına, Azərbaycan ədəbi dil üslubuna riayət olunmamasına, fars təhsilinin və təfəkkür tərzinin təsiri altında olub, fikirlərin çox halda dolaşıq şəkildə ifadə olunmasına baxmayaraq bu mətbu orqanlar mütərəqqi və demokratik əhval-ruhiyyəli olmaları ilə seçilir. Göstərilən nöqsan və qüsurlar isə obyektiv səbəblərlə; Güneydəki azərbaycanlıların İranda öz doğma dilində təhsil almaq, yazıb-oxumaq, ciddi mütaliyə etmək, rəsmi yerlərdə danışmaq və s. imkanlara malik olmaması ilə bağlıdır. Son nəticədə iki faktor özünü daim qabarıq göstərir: milli kimlik axtarışı, milli kültür və dil problemi.
Tək Cənubi Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında bu yaxınlaradək tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunub. Məsələn, “Kimlik” qəzeti Sənəndəc şəhərinin türkdilli tələbələri tərəfindən, “Çiçək” dərgisi Tehranın Tibb Universiteti, “Səs” qəzeti Zəncan universiteti tərəfindən hazırlanaraq nəşr edilirdi.
Daşıdıqları adları kimi sabaha, gələcəyə ümid hissləri ilə dolu olan və tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu mətbu orqanlar bütün İran boyu səpələnmişdi: Tehranda “Çiçək”, “Dilşad”, “Ərdəm”, “İşıq”, Təbrizdə “Səhər”, “Araz”, “Yurd”, İsfahanda “Məzun”, “Səhənd”, “Dan ulduzu”, Qəzvində “Araz” və s. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur.
Təəssüf ki, son illər İrandan ziyalı soydaşlarımıza qarşı ürək ağrıdan xəbərlər eşidirik. Güney Azərbaycan mediasında çalışanlar haqsız olaraq təqiblərə və təzyiqlərə məruz qalırlar. Qısaca qeyd etmək olar ki, hazırda Güney Azərbaycan mediası tənəzzül və repressiya dövrünü yaşayır.

Cəlal Ali Əhmədin hələ 60 il öncə söylədiyi həqiqət...

Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırdı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı…. Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi”.
Uzaqgörənliklə söylənilən bu fikir indi də qüvvədədir. Çağdaş dövrdə mərkəzi hökumətlə Cənubi Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur.
Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən Azərbaycan türkləri bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır.



XS
SM
MD
LG