Accessibility links

Deyvid Kramer: Putinin hakimiyyətə qayıtmasının Rusiyada insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmasına müsbət təsir edəcəyinə inanmıram

  • Amerikanın səsi

Freedom House təşkilatının prezidenti Deyvid Kramer Rusiya müxalifətinin birləşməli və məqsədlərini müəyyənləşdirməli olduğunu deyib. Amerikanın səsinin Rus xidmətinə müsahibədə Deyvid Kramer Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsinin ölkədə ümumi atmosferə və xarici siyasət kursuna təsirləri haqda danışıb.

“Putinin yenidən hakimiyyətə gayıtmasının Rusiyada insan hüquqları sahəsində vəziyyətin yaxşılaşması və vətəndaş cəmiyyəti quruculuğuna müsbət təsir göstərəcəyinə inanmıram. Putinin Rusiyanın liberallaşmasını istədiyinə də əmin deyiləm. İnanmıram ki, o, islahatlar həyata keçirəcək. Onun məqsədi və vəzifəsi hakimiyyəti öz əlində saxlamaq, status-kvo vəziyyətini davam etdirmək və yaratdığı sistemi qoruyub saxlamaqdan ibarətdir. Vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqlarının müdafiəsi və müxalifətin vəziyyəti ilə bağlı nikbinliyə heç bir əsas görmürəm. Müxalifətin öz məqsədlərini aydın şəkildə müəyyənləşdirə bilmək qabiliyyəti, problemə baxışını idafə etmək bacarığından çox şey asılı olacaq.”

Deyvid Kramer Rusiya müxalifətilə bağlı fikirlərini açıqlayıb. O, müxalifət liderlərinin özlərini riskə qoyduğunu deyib, lakin qeyd edib ki, müxalifət sıralarında kifayət qədər siyasi birliyin olmadığı müşahidə olunur.

“Müxalifət sıralarında həmrəylik və siyasi birliyin olmaması barizdir, onlar öz liderini seçmək və putinizm ideologiyasının qarşılığında öz ideyasını ifadə etmək qabiliyyətinə malik olmadığını göstərir.”-deyə o bildirib.

Freedom House təşkilatının direktoru Vladimir Putinin hakimiyyətə qayıtmasının ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə təsirləri məsələsinə də toxunub.

“Rusiyada bəzi qeyri-hökumət təşkilatarı xarici yardım olmadan funksiya göstərə bilməyəcək. Ümid edirəm ki, beynəlxalq demokratik ictimaiyyət Rusiyada vətəndaş cəmiyyətinə siyasi, mənəvi və maddi dəstəyi davam etdirəcək. Bu mənada Rusiyada vəziyyətin düzələcəyinə nikbinliklə baxmıram. Putin və onun ətrafında olan insanlar QHT-lərin rolundan çox qorxur və onların fəaliyyətinə dözmür. QHT-lərin insan hüquqlarının müdafiə məsələsini önə çəkməsi, jurnalistlər, demokratik hərəkatın nümayndələrinə qarşı hücumların qarşısını alması onların xoşuna gəlmir. Onlar QHT-lərin fəaliyyətindən qorxur və onların Rusiyada narıncı inqilabı yaratmağa səy göstərdiyini düşünür.”

Deyvid Kramer Freedom House təşkilatının Şimali Qafqaz regionuna diqqəti artırılmağa çalışdığını deyib. O, Şimali Qafqaz regionunun Rusiya üçün əhəmiyyəti və Vladimir Putinin seçkilər zamanı bu regionda qələbəsindən danışıb. Deyvid Kramerin sözlərinə görə, Şimali Qafqazda qeyri-sabit vəziyyət, insan hüquqlarının sistematik şəkildə pozulması halları təkcə Rusiya üçün deyil, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan kimi ölkələrdə vəziyyət üçün təhlükə təşkil edir.

“Cənubi Qafqaz Rusiya üçün böyük bir problemdir. Ramzan Kadırov Putinin yaratdığı liderdir. Kadırov Çeçenistana Putinin dəstəyi ilə rəhbərlik etməyə başlayıb, buna görə hesab edirəm ki, Putin Ceçenistan liderinin ittiham olunduğu bütün hərəkətlərə görə məsuliyyət daşıyır. Kadırov belə görünür, öz kursunu dəyişməyəcək. Lakin Moskva Şimali Qafqazda vəziyyətə diqqət verməyə bilməz. Amma vəziyyət dəyişə bilər, Şimali Qafqazda nəsə baş verə bilər, ya da regionda hadisələrin inkişafı Moksva və Sank-Peterburqda Rusiya liderlərini on illərdir problem olan Qafqaz məsələsinin həllini vadar edə bilər.”

Deyvid Kramer Vladimir Putinin hakimiyyətə qayıtmasından sonra Rusiya və Gürcüstan arasında münasibətlərdə müsbət inkişafların olacağına inanmadığını bildirib. Onun sözlərinə görə, Vladimir Putinin Gürcüstan prezidenti Mixail Saakaşviliyə olduqca mənfi münasibətini nəzərə alaraq iki ölkə arasında müsbət inkişafların olacağını gözləmək mümkün deyil.

Deyvid Kramer ABŞ-Rusiya münasibətlərinin inkişaf istiqamətlərilə bağlı da fikirlərini söyləyib. “ABŞ-ın Rusiya ilə münasibətləri artıq bir ildir pisləşməyə doğru gedir. Bu münasibətlər olduqca mürəkbbəbdir, sadə deyil. Fikrimcə, münasibətlərdə gərginlik raketlərdən müdafiə planı ilə bağlıdır. Məsələ ilə bağlı NATO-nun Çikaqoda sammitinə qədər razılaşmanın əldə olunacağını düşünmürəm. Suriya da ciddi məsələdir. Eyni dərəcədə Rusiyanın BMT Təhlükəsizlik Şurasında Suriyaya dair qətnaməyə veto qoyması da. Cekson-Venik düzəlişi də gərginliyin mənbəyi olaraq qalır. Hələlik ABŞ Konqresinin Cekson-Venik düzəlişinin ləğv edilib-edilməyəcəyi aydın deyil. Mən onun mərhələli şəkildə ləğvini dəstəkləyirəm, lakin eyni zamanda, onun Rusiyada bu gün insan hüquqlarının vəziyyəti ilə bağlı yeni bir qətnamə ilə əvəz edilməsini tövsiyə edirəm. Buna görə də də mən Sergey Maqnitskinin işi ilə bağlı təşəbbüsə dəstək verirəm. Bunun böyük əhəmiyyəti ola bilər, belə ki, qanun layihəsi Maqnitskinin işi də daxil olmaqla, insan hüquqlarının pozulmasında iştirak edən Rusiya rəsmilərinin hesablarının dondurulmasını nəzərdə tutur. Bəziləri bunun Rusiya ilə münasibətlərdə gərginliyə gətirib çıxaracağını düşünür. Mən öz mövqeyimdə dururam. Mən hesab edirəm ki, bu, Rusiyada insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan bütün şəxslərin müəyyən edilməsi üçün məqsədli, konkret və effektiv bir yoldur. Əgər siz jurnalistlər, hüquqşünaslar, hakimiyyətin tənqidçiləri və müxalifət nümayəndələrinin qətllərində iştirak etməmisinizsə, qorxmağa əsas yoxdur. Əgər bu işdə əliniz varsa, qanun sizə ABŞ-a səfər etmək, ya da Amerika banklarında hesab saxlamağa icazə verməyəcək. Bir sözlə, problem çoxdur və Rusiyada demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi sahəsində götürülən siyasi kurs bu problemlərin arasında sonuncu yerdə deyil. Bu gün Rusiya başqa yolla gedir. Duma seçkiləri və martın 4-ü prezident seçkiləri vəziyyətin pisləşdiyini deməyə əsas verir. Fikrimcə, prezident Obama administrasiyası belə görünür, ABŞ-da seçkilərə qədər Rusiyaya xüsusi diqqət verməyəcək. Əvvəllər Rusiya ilə münasibətlər xarici siyasət sahəsində uğurlu sahələrdən biri hesab edilirdi. İndi iki ölkə arasında münasibətlərdə gərginliyə görə inkişafdan danışmaq mümkün deyil. Münasibətlərin yenidən yoluna qoyulması siyasətinin baş tutmadığını demək istəmirəm. Bu siyasətdə nailiyyətlər var, amma onu müvəffəq adlandırmazdım və indiki dövrdə inkişaf gözləmirəm.”

XS
SM
MD
LG