Accessibility links

Politoloq İran-Azərbaycan münasibətlərini gərgin sayır. Təbrizdə Azərbaycan konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

İran və Azərbaycan ikitərəfli əlaqə səviyyəsinin yüksəlməsi və əməkdaşlıqların genişləndirilməsi məqsədi ilə mövcud potensiallardan bəhrələnmə zərurətini vurğulayıb.
Arannews.ir saytının məlumatına görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi mayın 9-da Tehranda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşdə müxtəlif sahələrdə İranın malik olduğu potensiallara toxunaraq deyib: “İranın iradəsi qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi və bu münasibətlərin yüksək səviyyəyə çatdırılmasına yönəlib”.
Əli Əkbər Salehi həmçinin İran və Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı və möhkəmləndirilməsi üçün bütün qabiliyyətlərindən istifadə edəcəklərinə ümidvarlığını bildirib.
Görüşdə Xələf Xələfov ölkəsinin İranla əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üzrə müsbət iradəsindən danışıb. “Azərbaycan İranla daha artıq əlaqələrin olması və ikitərəfli münasibətlərin genişləndirilməsi üçün tamamilə hazırdır”.
İranla Azərbaycan arasında müştərək mədəni ortaqlıqlara işarə edən Xələf Xələfov sonra deyib. “İran Azərbaycanın xarici siyasətində xüsusi yeri olan bir ölkədir”.
O, həmçinin bildirib ki, rəsmi Bakı Tehranla əlaqələr barədə müstəqil qərar qəbul edir və heç kəsin fikrini qəbul etmir.

Maraqlıdır ki, iki ölkə xarici işlər nazirlikləri görüş və müzakirə edilən məsələlərlə bağlı rəsmi açıqlama yaymayıb.

Azərbaycan xarici işlər nazirinin müavini Tehranda danışıqlar aparan zaman isə Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib. İran mediasının yazdığına görə, İran əhalisi Bakıda gey paradın keçiriləcəyinə etiraz bildirib və Azərbaycan hökumətindən şiələrin fəaliyyətinə şərait yaradılmasını tələb edib. Aksiyanın qətnaməsində deyilir ki, əgər səhvə yol verilmiş olarsa, bu yanlış hərəkət Azərbaycan xalqının habelə, Təbrizin və İranın digər şəhərlərinin müsəlman əhalisinin qəzəbi ilə üzləşmiş olacaq. “O zaman, bu qəzəbin qarşısını almaq mümkün olmayacaq. Biz, Təbriz əhalisi ümid edirik ki, Azərbaycan prezidenti cənab İlham Əliyev Təbriz əhalisinin aydın və qətiyyətli xəbərdarlığını eşidərək, Avroviziya mahnı müsabiqəsi və Gey Paradı ləğv etsin. Bütün vicdan məhbusları, o cümlədən İslam Partiyasının rəhbəri cənab Möhsün Səmədovun azadlığını təmin edərək, rəsmi Bakının islam dininə qarşı siyasətlərinin kökündə duran sionist İsrail rejimi ilə bütün əlaqələri kəssin ki, İslami Oyanış Hərəkatı və Bin Əli, Qəzzafi, Hüsnü Mübarək və digər diktatorların taleyindən ibrət almış olduğunu əyani formada nümayiş etdirsin”, - deyə hədə dolu sənəddə qeyd edilir.

Rəsmi Bakı İranda səslənən bəyanatlara hələ cavab verməyib. Amma, müstəqil politoloqlar hesab edir ki, belə bəyanatlar İran rəsmi hakimiyyətindən qaynaqlanır.

Politoloq Qabil Hüseynli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Bakıda geylərin paradının keçiriləcəyi nəzərdə tutulmur. Rəsmi Tehran Bakıda dünyanın ən böyük tədbirlərindən olan Eurovision mahnı müsabiqəsinin keçirilməsinə qısqanclıqla yanaşır və bu tədbirə dini məzmun verməyə çalışır. “İrana qarşı beynəlxalq sanksiyaların geniş vüsət alması ölkədə gərgin sosial və siyasi durum yaradıb. Əhalinin diqqətini bu böhrandan yayındırmaq üçün ən yaxşı hədəf Azərbaycandır. Çünki, Azərbaycan beynəlxalq diqqət mərkəzindədir və İsraillə münasibətlərini inkişaf etdirməkdədir”.

Politoloqun fikrincə, bütün bu bəyanatlara baxmayaraq İran hazırda mövcudluğunun ən ağır dövrünü yaşayır. “Münasibətlər sistemi tez bir zamanda aydınlaşacaq. İranın azərbaycanlı əhalisi dini rejimi müdafiə etmir və bundan sonra da müdafiə etməyəcək. Çünki İrandakı rejim ən ağır zərbələri məhz azərbaycanlılara vurub”, - deyə o qeyd edib.

Cənab Hüseynli xalq mücahidləri qruplaşmasının Azərbaycanda yerləşdiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələrə də münasibət bildirib. “Bu qrupun Azərbaycanda yerləşdirilməsi reallığı ümumiyyətlə mövcud deyil. Xalq mücahidləri qruplaşmasını kimlərin yaratdığı da məlumdur, onların harada yerləşdirəcəyi də tam aydın səslənib”.

XS
SM
MD
LG