Accessibility links

Qabil Hüseynli: “Ərəb baharı” davam edəcək


Qabil Hüseynli: “Ərəb baharı” davam edəcək

Qabil Hüseynli: “Ərəb baharı” davam edəcək

Politoloq Qabil Hüseynli Liviyada keçid dövrünün ağır olacağını düşünür. Onun fikrincə, Türkiyə demokratiyası bütün müsəlman dünyası üçün yaxşı nümunədir.

Politoloq Qabil Hüseynli Amerikanın Səsi radiosuna müsahibəsində Liviyada keçid dövrünün ağır olacağını düşünür. Onun fikrincə, Türkiyə demokratiyası bütün müsəlman dünyası üçün yaxşı nümunədir.

Sual: Artıq, Liviya xalqı qələbəyə çox yaxındır. Qəzzafi hökumətinin süqutundan sonrakı dövrü necə görürsünüz?

Cavab: Müəmmar Qəzzafidən sonrakı proseslər o qədər də asan olmayacaq. Liviya tayfaların, qəbilələrin üstünlük təşkil etdiyi çoxrəngli və mozaik bir ölkədir. Bu səbəbdən də ölkədə ümummilli həmrəyliyə gəlməyin yolları asan olmayacaq. Xüsusilə, nəzərə almaq lazımdır ki, Liviyanın indiki ərazisində vaxtı ilə üç bölgə olub və hər üç bölgə özünü müstəqil elan edib. Sonra, kral İdrisin vaxtında 20-cu əsrin ortalarında bölgələr birləşdirilərək vahid Liviya elan edilib. Keçmişdən qalan, ayırıcı fikir sindromu da, ola bilər ki, gələcəkdə maneələr yaratsın. Bununla yanaşı, qalib gəlmiş inqilabçılar Qəzzafi hökumətinin üzvlərindən bütövlükdə imtina etsə, idarəetmədə çətinliklər daha da artacaq.

Bununla yanaşı, güman edirəm ki, artıq çətin proseslər arxada qalıb. İnqilab dünya dövlətlərinin yaxından dəstəyi ilə məqsədinə çatacaq.

Sual: Liviya və ərəb inqilablarının regional təsirləri nə ola bilər? Çünki, bir sıra siyasi liderlər, dövlət başçıları rişxəndlə artıq “ərəb baharının” arxada qaldığını iddia edir.

Cavab: Yox, “Ərəb baharı” başa çatmayıb, proses davam edir. Çünki, Liviyada cərəyan edən hadisələr Suriyada da cərəyan etməkdədir. Suriya da artıq yeni siyasi dəyişikliyə “hamilədir”. Suriyadan sonra, başqa ölkələr də bu, proseslərə qatılacaq. Xüsusilə uzun illərdir ki, İranla bağlı söylənilənlər yenidən gündəmə gələcək. Çünki, bölgədə həm terrorizmə, həm də qərb əleyhinə yönəlmiş diversiyalara hamilik edən dövlətlər sırasında həm Suriyanın, həm İranın, eləcə də Müəmmar Qəzzafinin adı çəkilir. Hazırda bu adamların tarix səhnəsindən silinməsi prosesi gedir və proses məntiqi sonluğuna çatacaq.

Sual: Türkiyənin demokratiya təcrübəsi ərəb dünyası üçün nümunə ola bilərmi?

Cavab: Türkiyədə bərqərar olmuş demokratiya və dövlətçilik modeli bütün müsəlman dünyası üçün daha keçərlidir və çox pozitiv əhəmiyyətə malikdir. Son zamanlar, bu nöqteyi-nəzərdən Türkiyənin qərbdən inqilab baş vermiş ölkələrə bir kart-blanş aldığının şahidi olmaqdayıq. Məsələn, Liviyada proses hələ məntiqi sonluğa çatmayıb, amma Türkiyənin xarici işlər naziri öz xanımı ilə birgə bu ölkəyə səfər edib. Nazir Türkiyənin qalib gəlmiş üsyançıların tərəfində olduğunu açıq bəyan edib. Bu isə Türkiyənin Liviyada gedəcək yenidənqurma prosesinə yaxından dəstək verəcəyini göstərir. Bununla yanaşı, Türkiyə Suriya rəhbərliyinə ultimativ şəkildə qırğınları dayandırmağı məsləhət görüb. Düzdür, buna cavab verilməyib. Amma, Türkiyə açıq şəkildə bəyan edib ki, “sözün qurtardığı yerdə əməli hərəkətlər başlayır”.

Sual: Bundan sonra, ərəb dünyasında qərbin, xüsusilə də Amerikanın regional təsirləri necə olacaq?

Cavab: Bundan sonra, ərəb dünyasındakı proseslər demokratiya və insan haqlarına söykənən proseslər olacaq. Bərqərar olan və olacaq siyasi sistemlər qərb demokratiyasına bənzəməyə çalışacaq. Bu nöqteyi-nəzərdən Amerikanın regionda təsirləri böyük olacaq. Prezident Obamanın Liviya, Suriya ilə bağlı bəyanatları ərəb dünyası və xalqları tərəfindən ürəklə təqdir və qəbul edilir.

XS
SM
MD
LG