Accessibility links

Məhsa Mehdili: Milli hərəkat güneyli qadınların etimadını qazanmalıdır [Audio]


Məhsa Mehdili

Məhsa Mehdili

“Bir qadın fəalının milli məsələni inkar etməsi doğru olmadığı kimi, milli fəalların da qadın məsələsini inkar etməsi yanlışdır,” deyə Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə “Güney Azərbaycan Milli Hərəkatının” qadınların etimadını qazanmaq üçün qadın haqlarına önəm verməsinin gərəkli olduğunu vurğulayır. Türkiyədə mühacirətdə yaşayan güneyli fəal həmçinin qadın haqları söyləminin ictimai hərəkatların demokratikləşməsində oynadığı rolu dəyərləndirir.

Güney Azərbaycan hərəkatı qadın haqlarını müdafiə edərək toplumda bir öncül cərəyan halına gəlməklə yanaşı, öz bazasını da genişləndirə bilər. Ayrıca, qadınların fəallığı hərəkat içi demokratiyanı gücləndirib, şiddət meyilllərini zəiflədər.

Mehdilinin fikrincə, qadın haqlarını müdafiə edən qrupların bəziləri qlobal dəyərləri müdafiə edirlər, ancaq, onların bir bölümü də öz toplumlarında mövcüd olan problemləri aradan qaldırmaq üçün mübarizə aparmaqdadır.

Onun dediklərinə görə, qadın haqları fəalları toplumda qadına qarşı problemləri ortadan qaldırmaq üçün bir tərəfdən hakimiyyət gücünə qarşı hərəkət etməli, digər tərəfdənsə toplumun içərisində uyğun bir zəmin yaratmağa çalışmalıdırlar.

“Özəlliklə qadın haqlarının uzun illər boyu ciddi şəkildə pozulduğu Yaxın Şərq ölkələrində cərəyan edən milli hərəkatlar qadın məsələsinə diqqət yetirməlidirlər,” deyə Məhsa Mehdili toplumun əsas problemlərinə diqqət göstərməyən ictimai hərəkatların uğur qazanmayacaqlarını vurğulayır.

“Bir ictimai hərəkat müdafiə etdiyi toplumu tanımalı, onun sorunlarını bilməlidir. Toplumda insan haqlarının pozulması alışıq hala gəlmiş isə ona diqqət göstərməlidir. Türklərin tarixində qəhrəman qadınlar olub ya Azərbaycan qadınlara səsvermə haqqı tanıyan ilk toplumlardandır deməklə olmur. Bəs indi necə?” deyə Urmiyə Universitetinin məzunu güney hərəkatının qadın haqları ilə bağlı ciddi fəaliyyət göstərmədiyini ifadə edir.

Türklərin tarixində qəhrəman qadınlar olub ya Azərbaycan qadınlara səsvermə haqqı tanıyan ilk toplumlardandır deməklə olmur. Bəs indi necə?

Onun fikrincə, “Güney Azərbaycan hərəkatı qadın haqlarını müdafiə edərək toplumda bir öncül cərəyan halına gəlməklə yanaşı, öz bazasını da genişləndirə bilər. Ayrıca, qadınların fəallığı hərəkat içi demokratiyanı gücləndirib, şiddət meyllərini zəiflədər.”

Mehdilinin dediklərinə görə, bir qrup fəallar qadın məsələsinə milli sahələrdə uğur qazandıqdan sonra diqqət göstərəcəklərini irəli sürürlər. O, bu qrupların düşüncəsini tənqid edir.

“Qadınların problemləri nədən elə bu gün gündəmə gəlməsin? Bunun zərəri yoxdur, bəlkə xeyri vardır. Milli hərəkat qadınların sorunlarını gündəmə gətirərək onların güvənini qazanmalıdır,” deyə güneyli mədəni fəal əlavə edir.

Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə həmçinin milli məsələ məhvərində fəaliyyət göstərən Türkiyədəki kürd hərəkatının qadın haqları sahəsində əldə etdiyi uğurları önə çəkir.

XS
SM
MD
LG