Accessibility links

Qadir İbrahimli: Minimum əmək haqqı 85 manat, tikinti xərcləri 7 milyarddır


Qadir İbrahimli: Minimum əmək haqqı 85 manat, tikinti xərcləri 7 milyarddır

Qadir İbrahimli: Minimum əmək haqqı 85 manat, tikinti xərcləri 7 milyarddır

Güzəran Sosial Araşdırmalar Mərkəzinin rəhbəri ölkədə sosial təminat sisteminin normal olmadığını bildirir. Hökumət isə insanların sosial təminatının yüksək olduğunu iddia edir.

Güzəran Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli Amerikanın Səsi radiosuna müsahibəsində hökumətin sosial siyasəti, əmək haqlarının artım tempi, inflyasiya və istehlak zənbili barədə danışıb.

Sual: Azərbaycanda bu büdcə ilində əmək haqlarının nə qədər artırılması nəzərdə tutulub?

Cavab: 2011-ci büdcə ilində əmək haqlarının artımı 20-25 faiz cuvarında nəzərdə tutulub. Hökumət əmək haqlarını bundan artıq artırmaq niyyətində deyil. Bunu onunla əsaslandırır ki, əmək haqqının yüksək templərlə artırılması inflyasiya riskləri yarada bilər.

Sual: Amma, bir çox mütəxəssislər, o cümlədən müəllimlər, həkimlər, polislər, diplomatlar və b. büdcəyə əlavələr edildikdən sonra əmək haqlarının artırılacağını səbirsizliklə gözləyirdi. Bu baş vermədi. Səbəbi nədir?

Cavab: Bunun səbəbləri müxtəlifdir. Hökumət büdcə təşkilatlarında işləyənlərin sosial vəziyyətini düşünmək belə istəmir. Təsəvvür edin ki, Nəqliyyat naziri mediaya açıqlamasında deyir ki, hökumət Bakı şəhərində xeyli körpü, keçid tikintisini planlaşdırıb, amma hələ yerlərini müəyyən etməyib. Göründüyü kimi, hökumət üçün körpü, yol qovşağı tikintisi artıq statistikaya çevrilib. Yəni, Azərbaycanın neft dollarları körpü, yol qovşağı, keçidlər, divarların ağardılması adı ilə silinir. Həmin vəsaitlərdən səmərəli istifadə olunmur. Ancaq, hökumət həmin vəsaitlərin insan amilinə, Azərbaycan insanının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini planlaşdırmır. Daşa, divara fasadların ağardılmasına pul ayrılır, amma fasadların içərisində yaşayan insanların maddi problemlərinin həlli üçün vəsait ayrılmır.

Sual: Əmək haqqının artım tempi ilə inflyasiyanın artım tempi arasındakı münasibət necədir?

Cavab: Elə, situasiya yaranıb ki, əmək haqqı ilə inflyasiya bir-birinə demək olar ki, adekvat olur. Əmək haqqında 20-25 faiz artım olacaqsa, bu qərar qəbul olunan kimi, istehlak bazarında, əsasən ərzaq məhsullarının qiyməti 20-25 faiz artır. Bazarlar inhisarçıların əlində olduğundan istənilən əmək haqqı artımına bazar dərhal reaksiya verir.

Sual: Hazırda ən az maaş alanlar kimlərdir?

Cavab: Azərbaycanda dövlət büdcəsindən maliyyələşən 700 minlik işçi kontingenti var. Maliyyə nazirliyinin göstəricilərinə görə, onların 500 min nəfərinin əmək haqqı minimum əmək haqqı səviyyəsindədir, yəni 85 manatdır.

Sual: Müəllimlərin, həkimlərin, polisin, diplomatların, icra strukturlarının əməkdaşlarının əmək haqqının artımı gözlənilirmi?

Cavab: Artım tempi olacaqsa, bütün dövlət strukturlarına aid ediləcək. Ölkədə əmək haqlarının və pensiyaların normal həddə çatdırılması üçün ehtiyat resurslar var. Sadəcə, bu məsələdə hökumətin istəyi yoxdur. Hökumət vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına 3-cü, 4-cü məsələ kimi baxır. Biz, bu büdcə ilində də bunun şahidiyik. Təsəvvür edin ki, 7 milyard manat büdcə vəsaitini körpü, yol keçidi, divar qaşınmasına, daşa xərcləyirlər, amma insanların əmək haqqının artımı cəmi 20-25 faiz nəzərdə tutulur.

Sual: Azərbaycanda orta və minimum əmək haqqı ilə istehlak zənbili arasında fərq nə qədərdir?

Cavab: Son göstəricilərə görə, bir nəfər üçün minimum istehlak zənbili 120 manat təşkil edir. Minimum əmək haqqı ilə minimum istehlak zənbili arasında 30-35 manat fərq var.

Sual: Hökumətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığı siyasəti necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanda sosial siyasət yeridilmir. Ölkədə nə normal sosial təminat, nə də normal səhiyyə sistemi qurulur. Bir sözlə, sosial təminat sisteminin heç bir komponenti normal deyil. Hökumətin siyasəti insanın daha pis yaşamasına, sosial müdafiə cəhətdən daha da təminatsız vəziyyətə düşməsinə gətirib çıxaracaq. Yəni, yaxın illərdə təbəqələşmə daha da dərinləşəcək.

Müəllifdən: Azərbaycan hökuməti ölkədə insanların sosial müdafiəsinin yüksək səviyyədə olduğunu bəyan edir. Ölkədə əmək haqlarının artım tempi inflyasiyanı qabaqlayır. Hökumətin məlumatına görə, insanların pul gəlirləri ilbəil artmaqdadır.

XS
SM
MD
LG