Accessibility links

Qahirədə təhsil alan azərbaycanlı tələbə Misir hadisələrindən danışır [Audio]


Qahirə universitetinin hüquq fakültəsində təhsil alan azərbaycanlı tələbə Toğrul Vəlixanlı Amerikanın Səsinə müsahibədə gənclər arasında əhval-ruhiyyə haqda fikirlərilə bölüşüb

Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarları və onun opponentləri arasında qarşıdurma davam edir. Qahirədə ordu əsgərlərinin Məhəmməd Mursi tərəfdarlarının etiraz aksiyası zamanı nümayişçilərə atəş açması nəticəsində 42 nəfərin öldüyü haqda məlumat verilib. Yeni hökumətin təşkili prosesinin ləngiməsi ölkədə siyasi böhranın dərinləşə biləcəyi ilə bağlı narahatlıqları daha da artırır. Qahirə universitetinin hüquq fakültəsində təhsil alan azərbaycanlı tələbə Toğrul Vəlixanlı Amerikanın Səsinə müsahibədə Misirdə son hadisələr və misirli gənclərin siyasi böhrandan çıxış yolları ilə bağlı fikirləri haqda danışıb.



Dilşad Əliyarlı: Toğrul bəy, Qahirədə bugünkü durumu necə təsvir edə bilərsiniz? Vəziyyət necədir?

Toğrul Vəlixanlı: Bildiyiniz kimi səhər vaxtlarında insident baş vermişdi. Səhiyyə nazirliyindən bildirilir ki, Müsəlman Qardaşları tərəfdarlarının Respublika Qvardiyasının baş qərargahına hücumu zamanı ölənlərin sayı 34- çatır və bu rəqəm hər an dəyişə bilər. Hal-hazırda qərargahın qarşısında nisbi sakitlik hökm sürür və təhlükəsizlik tədbirləri görülüb. Lakin şəhərdə avtomobillərin yol hərəkəti iflic vəziyyətindədir. Bu saatlarda Nəsr şəhərimdə Qahirə universiteti tərəflərdə yaşayan dostların verdiyi məlumata görə, təhlükəli vəziyyət hələ də hökm sürür. Üstəlik iki nəfər hərbçinin də oğurlandığı haqda xəbər daxil oldu. Digər məlumat da ondan ibarətdir ki, “Təmərrud” hərəkatı müvəqqəti ölkə başçısından “Azadlıq və Ədalət” partiyasının buraxılmasını tələb edir. Qeyd edim ki, Sələfi Nur partiyasının sözçüsü “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə araşdırma komissiyasının yaradılmasının vacibliyini vurğulayıb. Bizim universitetdə tələbə dostlarımız var və gənclər arasında müxtəlif düşərgələrdən təmsil olunan adamlar var.

D.A. Toğrul bəy, siz özünüz Qahirə universitetində təhsil alırsınız. Misirli gənclərin hadisələrə münasibəti necədir? Onlar ölkənin gələcəyi haqda nə düşünür, Misiri necə görmək istəyirlər?

T.V. Dediyim kimi çoxlu dosltarımız var və gənclər arasında müxtəlif düşərgələrdən təmsil olunan adamlar da var. Onların bir qismi Əl-Ədəviyyə meydanındadır, yəni onlar sabiq prezidentin səlahiyyətlərinin qaytarılmasını istəyirlər və hətta Ramazan ayında da bu mitinqlərin davam etdiriləcəyi haqda fikirlər irəli sürürlər. Lakin digər düşərgənin nümayəndələri isə deyirlər ki, “yox, biz yeni seçki istəyirik, yeni hökumət yaranmasını istəyirik.” Bilirsiniz, qəribə bir durum yaranıb. Hər iki tərəf özünü haqlı hesab edir. Lakin hər ikisi də Misirin inkişafı, təhlükəsizliyi və demokratiya prinsiplərinin aliliyinin təmin olunmasını istəyir. Bu gün hər kəs hadisələrdən narahatdır, çünki hadisələr davam etsə, vəziyyət daha da pisləşə bilər. Misir mərkəzi bankının sədri Körfəz ölkələrindən maliyyə yardımı istəyib. Çünki Misirdə işsizlik səviyyəsi yüksəkdir və sosial durum çox aşağı səviyyədədir. Misirin gələcəyi mövzuların predmetidir. Bununla belə, Misir öz əhəmiyyətini saxlayır və bu fikir dəfələrlə vurğulanıb.


D.A. Toğrul bəy, gənclər vəziyyətdən çıxış yolunu necə görür, çıxış yolu nədən ibarətdir? Qarşıdurmaya necə son qoymaq olar və gənclər buna necə töhfə verə bilər? Çünki bir il bundan əvvəl Təhrir meydanında nümayişlərdə nümayişçilərin böyük hissəsi gənclərdən ibarət idi. Barışıq mümkündürmü?

T.V. Misirdə gənclər siyasi düşüncəyə malikdirlər və cəmiyyətdə də böyük rol oynayırlar. Amma bir də təkrar edirəm ki, hər iki tərəf özünü haqlı hesab edir. Hər iki tərəf də istəyir ki, Misirdə demokratiya prinsiplərinin aliliyi təmin olunsun. Əksər gənclər də yeni seçkilərin keçirilməsini istəyir, çıxışı seçki yolunda görürlər. Yeni hökumət qurmaq istəyirlər, çünki kifayət qədər problemlər var. Gənclər bu problemlərdən yorunub. İndiki çıxış yolu yeni yalnız seçkilər və yeni hökumətin qurulmasından ibarətdir. Yəni əksər gənclər belə düşünür.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG