Accessibility links

Azərbaycanda 20 Yanvar anılır [Video & Fotoqalereya]


Sovet ordusunun Bakıda törətdiyi qətliamdan 25 il keçir

1990-cı il 20 Yanvar faciəsindən 25 il keçir.

Yanvarın 20-si Azərbaycanda anım günüdür. Gün ərzində on minlərlə insan, o cümlədən prezident İlham Əliyev, hökumət orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, siyasi müxalifətin liderləri, diplomatik korpusun təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət edib.

Yerli vaxtla saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib. Ölkənin bütün məscidlərində şəhidlərin ruhuna dualar oxunub, bütün mətkəblərdə 20 yanvar hadisələri ilə bağlı dərslər keçirilib, məktəblərdə, salonlarda, muzeylərdə, çoxsaylı parklarda şəhidlərə aid sərgilər açılıb.

25 il əvvəl sovet ordusu hissələrinin Bakıya daxil olması dinc əhali arasında çoxsaylı tələfata səbəb olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti adı “Zərbə” olub.Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-dən başlayaraq əhalinin hakimiyyətin tələblərinə məhəl qoymaması olub. Lakin qoşunlar gələnə kimi ölkədə artıq tam sabitlik yaranmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Qeyd edək ki, keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

1994-cü ildə ölkə Azərbaycan parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSSR-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə qoyulub. Eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarılıb.

Bu il yanvarın 19-da Azərbaycan Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətfən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır: “İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Hadisə baş verən dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Cinayətdə təqsirli bilinən Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Şəhidlər xiyabanın ziyarət edən çoxsaylı insan Amerikanın Səsinə 20 yanvar faciəsini törədənlərin indiyədək cəzalanadırlmamasını bildirib. Onların fikrincə, Bakıya qoşun yeridilməsi barəıdə əmr verənlərdə, faciəni törədənlər də məlumdur. Sadəcə Azərbaycan hökuməti iradə nümayiş etdirərək onların tutulub məhkəmə qarşısına çıxarılmasına qərar vermə\lidir. Siyasi müxalifət isə hökumətin son zamanlar Rusiya meylli siyasətini qınayır.

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə bildirib ki, 25 il bundan əvvəl Azərbaycan xalqı əliyalın istiqlal uğrunda ölümə hazır olduğunu göstərib.

“Bu, uzun müddət davam etmiş milli ağalığa, müstəmləkə siyasətinə, imperiya zülmünə qarşı xalqımızın kütləvi ayaqlanması idi. Şükürlər olsun ki, bu hadisədən cəmi il yarım sonra xalqımız müstəqil oldu və 20 Yanvar şəhidləri özlərilə bərabər, Azərbaycan istiqlalına da abidə qoymuş oldular”.

O Amerikanin Səsinin sualının cavabında 20 Yanvar hadisəsinə siyasi və hüquqi qiymət verilməsi məsələsinə də toxunub.

“1992-ci ildə bu hadisəyə bizim tərəfimizdən hüquqi qiymət verilib. 1994-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən sonra belə bir imitasiya yaratdı ki, guya siyasi qiymət verilməyib, müzakirələr başlandı, amma sonradan özləri qiymət verə bilmədilər. Çünki Azərbaycana sonradan qayıtmış keçmiş komminist rəhbərliyi, həqiqətin gözünün içinə baxa bilməzdi. Deyə bilməzdi ki, onların əqidə dostları Azərbaycanın işğal olunması ilə bağlı göstəriş veriblər. Ona görə də o müzakirələri yarımçıq saxladılar, Primakov başda olmaqla, Azərbaycanla bağlı göstəriş verən şəxslərin adlarını həmin qərara yaza bilmədilər. Azərbaycana ordu çağıran insanları indi hökumətdə saxlayırlar. Bu adamlar nə qiymət verəcəklər?”.

AXCP sədri Azərbaycan hakimiyyətinin son zamanlar Rusiyaya meyillənməsinə də münasibət bildirdi: “Axır vaxtlar Azərbaycan hökuməti birmənalı şəkildə Azərbaycana 20 Yanvarı yaşatmış, Xocalını yaşatmaqda yardımçı olmuş Rusiyaya münasibətdə çox ciddi reveranşlar edir, Rusiyanın daxili siyasətilə həmrəyliyini ifadə edir, xarici siyasətdə də imkanı çatdığı qədər Rusiya siyasətinə dəstək verir. Hazırda Azərbaycandakı rejim Rusiyadakı rejimin kölgəsinə çevrilib”.

Milli Şuranın sədri Cəmil Həsənli də 20 Yanvar hadisəsinin əhəmiyyətindən, Azərbaycan tarixində oynadığı roldan danışıb. O Amerikanın Səsinə bildirib ki, 20 Ynavar Azərbaycan xalqının milli istiqlal mübarizəsi tarixində önəmli yer tutur və Azərbaycanın azadlığa, istiqlala qovuşmasında həlledici bir mübarizə məqamdır.

“Zaman keçəcək, dövr dəyişəcək, amma Azərbaycan xalqı istiqlal uğrunda canlarını fəda etmiş və qəhrəmanlıq tarixi yaratmış insanları yaddaşında yaşadacaq”.

XS
SM
MD
LG