Accessibility links

Qətər 2022-ci il Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməkdə təkid edir [Video]


Qətərdə keçiriləcək 2022-ci il Futbol üzrə Dünya Çempionatı Təşkilat Komitəsinin sədri FİFA ilə bağlı korrupsiya qalmaqallarına baxmayaraq, ölkəsinin oyunlara ev sahibliyi etməsində təkid edib. Həsən Əl-Təvadi onu da əlavə edib ki, yeni qanunlar Dünya Kuboku layihəsinin tikintisində çalışacaq miqrantların haqlarının qorunmasını təmin edəcək.

Həsən Əl-Təvadi

Həsən Əl-Təvadi

Qətər 2022-ci il Futbol üzrə Dünya Çempionatının keçiriləcəyi yeni stadionların tikintisinə təxminən 10 milyard dollar, infastrukturun təkmilləşməsinə isə 200 milyard dollar xərcləməyi nəzərdə tutub.Yəni bu, dünyanın ən bahalı turniri olacaq.

Keçən həftə Londonda, Chatham House-da çıxış edən Qətərin Dünya Kuboku Təşkilat Komitəsinin sədri Həsən Əl-Təvadi bu qədər xərcin məqsədəuyğun olacağını deyib. “Futbola həvəs bizim cəmiyyətin qanındadır və biz regionumuzu münaqişə və çəkişmələrə səhnə kimi görən dünyaya buna qadir olduğumuzu nümayiş etdimək istəyirik.”

FİFA rəsmilərinin Dünya Kubokunun Qətərdə keçirilməsinə səs verməsi qalmaqala və çoxlarına qarşı cinayət işinin başlanmasına səbəb olmuşdu. FİFA araşdırmaların aparılmasını amerikalı vəkil Maykl Qarsiyaya həvalə etmişdi. 2014-cü ildə FİFA-dan istefa verməzdən əvvəl vəkil tender və seçkilər zamanı böyük və ciddi qüsurların olduğunu bildirmiş, lakin Alman hakimin başçılıq etdiyi istintaq qrupu Qətərin heç bir səhvi olmadığını bəyan etmişdi.

“Biz qanuna uyğun iş görürdük. Əsasən də Maykl Qarsia istintaqın nəticələrini açıqladıqdan sonra biz günahkar olmadığımızı sübut etmək üçün istintaq qrupu ilə yaxından əməkdaşlıq etdik" deyə, Həsən Əl-Təvadi bildirib.

Bu arada isə insan haqları qrupları dəfələrlə Qətərdəki futbol stadionunun tikintisində işləyən yüz minlərlə insanın hüquqlarının pozulduğunu deyib. Qətərin “kafala” sistemi miqrantların iş sahibləri tərəfindən sistematik şəkildə təzyiqlərə məruz qalmasına səbəb olub. Əl-Tavadi hökumətin bu məsələdə günahı olmadığını və işçilərin haqlarını müdafiə sahəsində islahatlar aparıldığını deyib.

XS
SM
MD
LG