Accessibility links

Qazax mütəfəkkirlərinin büstləri Toxuculuq Fabrikinin həyətində saxlanılır


Qazax rayonundakı məşhur "Mütəfəkkirlər" bağında görkəmli şəxslərin büstlərinin naməlum səbəblərdən götürülməsi barədə Qazax sakininin Teleqraf.az-a verdiyi məlumat təsdiqini tapıb. Məlumatda deyilirdi ki, büstlərin götürlməsinin səbəbi məlum deyil və bu barədə heç kəsə açıqlama verilmir. “Mütəfəkkirlər bağında Qazaxda anadan olmuş görkəmli şəxsiyyətlərin demək olar ki, hamısının büstü var idi. Qazağa gələn qonaqları birinci növbədə bu bağa aparırdıq. Burada alimlər, hərbçilər, görkəmli ədiblərimizin büstü var idi və biz fəxrlə onları qonaqlara göstərirdik. Dünəndən etibarən büstləri götürürlər” - deyə Qazax sakini bildirib. Bu hadisəyə Qazax rayon İcra Hakimiyyəti münasibət bildirib.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sərman Nağdəliyev APA-ya deyib ki, büstlər parkın yaxınlığında ədəbiyyat muzeyinin tikintisi zamanı abidələrə hər hansı ziyanın dəyməməsi üçün müvəqqəti olaraq götürülüb: “Bildiyiniz kimi, 2012-ci ilin aprel ayında ölkə başçısı Qazaxa səfər edib. Səfər zamanı bir sıra obyektlərin açılışı olub. Bundan sonra prezident İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı üçün 2, ədəbiyyat muzeyinin tikintisi üçün isə 5 milyon manat vəsait ayırıb. Hazırda həmin ədəbiyyat muzeyi şəhərin mərkəzində “Mütəfəkkirlər” parkının yaxınlığında inşa olunur, ərazidə inşaat işləri görülür. Bu səbəbdən də parkda məşhur şəxsiyyətlərin büstlərinə hər hansı xələl gəlməməsi üçün, inşaat işləri zamanı qorunsun deyə götürülüb. Həmin büstlər Qazaxdakı Toxuculuq Fabrikinin həyətində saxlanılır”.

RİH başçısının birinci müavini onu da qeyd edib ki, Toxuculuq Fabriki daim mühafizə olunur: “Toxuculuq fabrikində onlarla əməkdaş işləyir, oranın mühafizəçiləri var. Abidələri mühafizə edirik və muzey tikiləndən sonra, park tam hazır vəziyyətdə olan kimi büstlər əvvəlki yerlərinə qoyulacaq”.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG