Accessibility links

Bu veb səhifə cəmi iki həftə əvvəl yaranıb. Amma Azərbaycanda artıq çox sayda insan hər gün bu vebsayta baş çəkir. Söhbət Azərbaycanda baş verən gündəlik xəbərlərə satirik dad qatan "QAZZETTİ.COM"-dan gedir. Bu onlayn qəzetdə dərc edilən yumorlu yazıları gülmədən oxumaq mümkün deyil. Çoxları üçün bu portalı kimlərin təsis etdiyi və çalışdırdığı hələ də qaranlıq qalmaqdadır. Beləliklə, Sərbəst Kürsünün növbəti qonağı, daha doğrusu bu dəfə qonaqları Qazettinin təsisçisi və redaktorlarıdır. Forumun tam mətnini buradan oxuya bilərsiniz. Forumu ixtisarla təqdim edirik:

Salam əziz Sərbəst Kürsü oxucuları, canlı forumda yenidən sizinlə qonaqlarımız arasında moderatorluğu mən edəcəm – Emil Quliyev. Elan etdiyimiz kimi bugünkü qonaqlarımız “Qazzetti.com”un təsisçiləridir. Bəs onlar kimdir?

Musa Əfəndi İstanbuldan, İlham Əkbərli Bakıdan, Teymur Cahangir isə Ankaradan Sərbəst Kürsüyə qoşulur. Qazzetti komandası bu üç nəfərdən ibarətdir.

Emil Quliyev: Salam dostlar, daha doğrusu, həmkarlar : ) Ümid edirəm, həmkar sözünə etiraz etməzsiniz. Sərbəst Kürsüdə hər üçünüzü xoş gördük.


Musa: Hamınızı salamlayıram.
Teymur: Salamlar.
İlham: Xoş gördük.


EQ: Yeni başlatdığınız layihəyə görə sizi təbrik edirəm və ilk suala keçmək istəyirəm. Gülər adlı oxucumuz soruşur: Qazzetti nə deməkdir?


Musa: Saytı qurmamışdan əvvəl bir çox ad haqda düşündük. Soxulcan qoymağı da fikirləşmişdik. Bu qədər dərinə getmişdik yəni. Sonra, qazzetti qoymağı qərara aldıq. Qazzetti-nin xüsusi bir mənası yoxdu. Qazzetti də...


Sual [Misha]: Sən Allah, o Bəxtiyar xəbərini kim yazmışdı? #adcek


İlham Əkbərli: Onu mən yazmamışdım, balaca qardaşım yazmışdı..əlim dəyib, çəkdim, gör necə çıxıb? Bu Mişa da yəqin Mixail Sakaşvilidi. Bakıdadı axı. Salam deyirik Mişaya.
Musa Əfəndi:
Can sağlığı, atasına da çoxlu-çoxlu uğurlar.

Emil Quliyev [moderator]: John adlı bir nəfər yazıb ki, "Bextiyar xeberini biz yazmışdıq". Buna münasibətiniz?


Sual [Vüqar]: Salam. Saytınız xoşuma gəlir, amma hərdən qrammatik səhvlər də olur. Onlara da fikir versəniz, əla olardı.


Musa: Bu məsələdə maksimum səliqəli olmağa çalışırıq. Bir xəbəri yazan kimi həmin dəqiqə çap etmirik. Hamı oxuyur, üstündə düzəliş edir. Amma hərdən xəbərlərimiz elə gülməli olur ki, öz gözümüzdən də qaçır bu xırdalıqlar. Amma "ş" yerinə "w" yazanlara qarşı da tolerant deyilik.
İlham: Vaxtı saxlayırıq :)


Emil Quliyev: Vurğun Maşiyev Twitter vasitəsilə soruşur:

- Qazzettinin arzusu nədir?


Musa: Mən İlhamı, Teymuru 4-5 ildir tanıyıram. Elə o vaxtdan bir işə girmək, beş-üç manat pul qazanmaq istəyirdik. Axırda həmişə McDonald'sda offisiant işləməkdə qərarlaşırdıq. Sonra "Theonion" saytının azərbaycanca versiyasını açmaq qərarına gəldik. Tvitterdə, facebook-da yazırdıq. Yazdıqlarımız müsbət qarşılanırdı. Amma bu işə ciddi yanaşırdıq bir tərəfdən də. Facebook səhifəsi, ya da blog həddində qalmasın dedik. Saytı qurduq. Məqsəd satiramızı daha böyük kütlələrə çatdırmaqdır, istəyirik Azərbaycan xalqı səviyyəli zarafatlara güasdffghjkl... Zarafat bir yana, tək arzumuz Qarabağın alınmağıdır.

İlham: Bu Qazzettinin arzusudu. Mən də İlhamıyam, İlham mənbəyi.
Musa: Teymur da bizim Teymur əmimizdi.


EQ: Etibar Salmanlı Twitterdən soruşur:

- Sizə xəbər yazıb yollansa onları paylaşacaqsınızmı ?


İlham Əkbərli: Etibar Salmanlı twitterdən soruşursa, ona niyə biz cavab veririk? Twitter versin də. Aralarına girmiş kimi olmayaq...
Teymur Cahangir: Zarafat bir yana, saytda xəbər göndər bölməsi var. Ordan göndərə bilər. Gülməlidisə, səliqəlidirsə, zor xəbərdisə, bomba xəbərdisə, əlbəttə dərc edərik.

Sual [İlahə]: Sizi bu qədər uzaq coğrafiyalarda birləşdirən dəyər nədir?
Bir də cap olunmaq isterdiz, ya belə daha uğurludur sizcə?
Bol enerji və uğurlar:)


Ilham: Uzaq coğrafiya deyilki. İki qardaş ölkədi də. Hacıbəy demiş bizi kimsə ayıramaz, siz də aramıza nifaq toxumları səpməyin. Çap məsələsinə də Hacıbəy müəllimdən sitat gətirirəm ki, bu bizim üzerimize çok böyük mesuliyyet koyar, ona görə hələ düşünmürük bunu.
Teymur: Arzuları üçün İlahə xanıma təşəkkür edirik.

Sual: [Orxan Ata - Twitter]: Qazzettinin idarə heyətinə sualım budur ki, bu qədər suala necə cavab verməyi fikirləşirsiniz? Əvvəl fikirləşmişdiniz bu haqda?


Musa: Sualların hamısına vaxt çərçivəsində cavab verməyi planlaşdırırıq. Amma, vaxt çatmasa Bəxtiyar Hacıyev demiş, vaxtımızı donduracağıq. Orxan Ataya bu gözəl sual üçün təşəkkür edirik. O yeganə adamdır ki, bizim onunla ata zarafatımız var. Orxan atasına da çoxlu-çoxlu uğurlar.

Emil Quliyev [moderator]: Turan Yusifova sizə uğurlar arzulamaqla məşğuldur.


Musa: Turan bizim saytın kraliçasıdır. O olmasaydı, biz Amerikalara qədər gedib çıxammazdıq, ordan Amerikanın səsinə səs verəmməzdik.
Teymur: Bizə çox xeyri dəyib. Biz də ona uğurlar arzulayırıq!


Sual [Ninja]: Salam, sizcə Qazzettinin belə tezlikle məşhurlaşmasının sebebi nedir ? Buna rəqabətsizlik səbəb ola bilərmi? Öncədən təşəkkürlər və uğurlar:)


Musa: Qazzettinin belə tez məşhurlaşmasının səbəbi apardığımız, uğurlu daxili və xarici PR siyasəti, o cümlədən, çiçəklənən zarafatlarımızdır. Rəqabətsizliyin böyük təsiri olduğunu düşünmürük. Belə layihələrdə vacib olan davamlılıqdır. Səhifə və ya bloq formatında başlayıb, amma davam edə bilməyənlər də var.

Sual [Cavid Ağa - Twitter]: Qazzettinin yaradıcılarına sualım budur ki, evdəkilərin xəbəri var?


Ilham: Mənim "evim sensin" Cavid Ağa...
Teymur: Mamaya demişəm, papa bilsə öldürər.
İlham: Musa Effendi bu suala cavab vermək istəmir, şəxsi həyatı ilə deyil, sənəti ilə gündəmə gəlmək istəyir... Növbəti suala keçə bilərik.

Sual [Demet Kurtbas]: Qazzetti’yi Türkiye de biliyor! Şimdiden bu kadar ilgi toplaması cesur paylaşımlarının sonucudur. Başarılar diliyorum, takibinizdeyim:)


Musa: Türkiyədə ən az iki nəfər - mənlə Teymur sayta ilk gündən mütəmadi giririk. Sən demə çox imiş. Mənim otaq yoldaşım da türkdür. O da tez-tez girir oxuyur. Tam başa düşməsə də "hacı sizin şiveniz çok güzel eheh" deyir.
Teymur: Türkiyə hər məsələdə olduğu kimi bunda da Azərbaycanın yanındadı. Demet xanıma çox təşəkkür edirik!


Sual [Etibar Salmanlı - Twitter]: Saytınıza gündəlik neçə nəfər daxil olur, yəni İP nə qədərdir ?


İlham: Saytımıza giriş o qədər çoxdu ki, vallah İPini yığa bilmirik :)

Sual [Atabəy Ağalarbəyli]: Kasıbçılığı da #qzztt edəcəksiz?


Musa: Biz bu suala Twitterdə cavab verəcəyik.

Sual [EvezBaku - Twitterdən]: Bruce Lee döyər, yoxsa Van Dame?


Teymur: Van Persie döyər.


Sual [Vurğun Maşiyev - Twitter]: Nə vaxt köşklərdə Qazzetti almaq üçün sıra olacaq?


Musa: Biz - azərbaycanlılar sırada durmağı bacaranda. Bəxtiyar Hacıyevin sözləri ilə bitirim, Növbəsizsiniz? Növbə sizsiniz!


Emil Quliyev [moderator]: Çox sağ olun, mən hər üç qazzettiçiyə iki saat ərzində oxucularımızın suallarını cavablandırdıqları üçün təşəkkürümü bildirirəm və yeni başlayan, amma uğurla başlayan fəaliyyətinizdə daha da uğurlu olmağı arzulayıram.


Musa: Mən də öz adımdan hamıya təşəkkür edirəm. Bizə bu fürsəti verdiyiniz üçün minnətdarıq. Avqust ayında Teymurun ad günü olacaq. İndidən təbrik edirəm fürsətdən istifadə edib.
Ilham Akberli: Çox sağolun. Qarşıdan gələn 8 mart münasibəti ilə də bütün qızlara qazzetti hədiyyə edirəm.
Teymur: Hər kəsə təşəkkürlər. Bir qazzetti eləyirik. Çox sağolun!


Emil Quliyev: Mən qazzettiçilərlə yanaşı oxucularımıza da xüsusilə twitterdə göstərdikləri fəallığa görə minnətdarlığımı bildirirəm. Sərbəst Kürsü sizin bloqunuzdur. Gələn görüşlərədək...

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG