(Yuxarıdakı video Amerikanın səsinin YouTube kanalına da yüklənib. Youtube videosuna məqalənin sonundan baxa bilərsiniz.)
Dünyanın ən böyük radar sistemlərindən biri olan Qəbələ RLS SSRİ-nin raketdən müdafiə sisteminin ən vacib elementlərindən hesab olunurdu və bu stansiya 1991-ci ildə Sovet İttifaqı dağılanda Azərbaycan Respublikasının dövlət mülkiyyəti oldu.
Milli Məclisin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyir ki, yaxın gələcəkdə razılıq əldə olunacaq: “Danışıqlar davam edir. Ümumilikdə heç bir fikir ayrılığı yoxdur. Fikrimcə hər iki tərəfin razılaşmalı olduğu yeganə məsələ ödənişlə bağlıdır. Azərbaycan müqavilənin uzadılmasının tərəfdarıdır. Rusiyadan da eyni təşəbbüsü görürük. İnanmıram ki, tərəflər əməkdaşlığı dayandırsın. Hər iki tərəfin burada mənfəəti var”.
Aydın Mirzəzadə ödəniş məsələsindəki fikir ayrılığına da toxunub. “Hazırda Azərbaycan müqavilənin uzadılmasına görə, 30 milyon dollar tələb edir. Rusiya isə 15 milyon dollar və icarəyə verilən ərazinin yarıyadək azaldılmasını təklif edir” - deyə Aydın Mirzəzadə bildirir.Hazırda Rusiya 2002-ci ildə 10 il müddətinə imzalanan sazişə əsasən ildə 7 milyon dollar ödəyir. Radar 6 min kilometri əhatə edir və Hind okeanı, İran da daxil olmaqla Yaxın Şərq və demək olar ki, bütün Şimali Afrikanı izləyə bilir.
Ancaq Azərbaycanda çoxları ətraf mühit və təhlükəsizlik məsələləri səbəbilə Qəbələ radar
stansiyasının mövcudiyyətinə qarşıdır. Belə narahatlıqları səsləndirənlərdən biri ekologiya eksperti Telman Zeynalov deyir ki, stansiya elə bu gün bağlanmalıdır: "Radar stansiyası yalnız psixi təsir göstərmir. Kişilərdə impotentlik yaradır, qadınlar ya dünyaya uşaq gətirə bilmir, ya da dünyaya gələn uşaqlarda çatışmazlıqlar olur. Eyni hal kənd təsərrüfatında da müşahidə edilir. Məhsuldarlıq 30 faiz aşağı düşüb və bir zamanlar Azərbaycanın ən zəngin sakinləri yaşayan region indi yoxsullaşıb".Telman Zeynalov deyir ki, radar stansiyasının mövcudluğuna dair hazırki siyasi inkişaflar yerli sakinlər üçün böyük təhlükədir.
İranla həmsərhəd olan Azərbaycanı ABŞ və İsraillə ikitərəfli əlaqələri olan dünyəvi hökumət idarə edir.
“Fikrimcə Azərbaycan ərazisində bu radar stansiyasının istifadəsi Rusiyanın əlində bir silahdır. Bu, Azərbaycan üçün təhlükəli ola bilər” - deyə cənab Zeynalov bildirir.Son aylar İran və Azərbaycan arasında gərginlik artmaqdadır. Bu gərginlik xüsusilə İranın nüvə aliminin öldürülməsindən sonra daha da artıb. Tehran hadisəyə görə ABŞ və İsrailin məsuliyyət daşıdığını irəli sürür.
Fevral ayında İslam Respublikası Azərbaycanı İsrail kəşfiyyat agentlərinə İranın nüvə alimi Mustafa Əhmədi-Rövşənin qətlini həyata keçirməyə köməkdə ittiham edib. Alim avtomobilinə yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olmuşdu.
2007-ci ildə Moskva Vaşinqtonun Avropada yerləşdirmək istədiyi raketdən müdafiə sisteminə alternativ olaraq Qəbələdən birgə istifadə təklifini irəli sürmüşdü. Ancaq ABŞ bu təklifi rədd etmişdi.