Accessibility links

“Qəbələ” azarkeşlərə qarşı zorakılığı pisləyir


Qəbələ futbol klubunun meydanı
Qəbələ futbol klubunun meydanı

Azərbaycanın “Qəbələ” futbol klubu avqustun 6-da Kiprin “Apollon” komandası ilə qarşılaşma zamanı polisin azarkeşlərə qarşı davranışını zorakılıq kimi qiymətləndirib.

Klubun oyundan sonra yaydığı bəyanatda deyilir ki, “Qəbələ” komandası idmanda hər cür zorakılığın əleyhinədir.

Sənəddə deyilir ki, qazanılan qələbə azarkeşlər tərəfindən ikiqat sevinclə qarşılanıb.

“Azarkeşlərin çılğınlığı qaydalar çərçivəsini qətiyyən aşmasa da, təəssüflə bildirmək istəyirik ki, sadə insanlar polis təzyiqinə məruz qaldılar. Xüsusən də, fan-klubların toplaşdığı sektorlar ətrafında say çoxluğu təşkil edən polislər futbolsevərləri sevimli komandalarını qələbəyə səsləməyə imkan vermir, sakitcə yerlərində oturub futbola tamaşa etməyə məcbur edirdilər. Polis 90 dəqiqə ərzində fəallıq göstərən fanatlara fiziki müdaxilə edərək tribunadan uzaqlaşdırırdı.

Vəzifəsi tribunlarda təhlükəsizliyi təmin etmək olan polis oyunboyu göstərdiyi aqressiyanı final fitindən sonra dəhşətli həddə çatdırdı. Belə ki, hadisəyə dair şəkil və videolarda göründüyü kimi, mənasına izah verə bilmədiyimiz zorakılıqla yeniyetmə azarkeşlərimizi dəyənəklə döyməkdən, hətta tribunanın yuxarı mərtəbəsindən aşağı atmaqdan çəkinmədilər. Bunun nəticəsində bir neçə şəxs müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildi. Xoşbəxtlikdən zərərçəkmişlərin vəziyyəti hazırda qənaətbəxşdir”, “Qəbələ” futbol klubunun bəyanatında deyilir.

Sənəddə həmçinin qeyd edilir ki, hadisənin miqyası yalnız bir neçə şəxsin xəsarət alması ilə yekunlaşmır, Azərbaycanda idman yarışlarına azarkeş dəstəyinin artmasına ciddi şəkildə zərbə vurur.

Azərbaycanın “Qəbələ” klubu avqustun 6-da UEFA Avropa Liqası III təsnifat mərhələsində Kiprin “Apollon”komandası ilə qarşılaşıb. “Qəbələ” 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunun gedişində və sonra gərginlik olub. Azarkeşlər Kipr bayrağını cırmağa cəhd edib. Polis buna imkan verməyib və qarşıdurma yaşanıb. Komandaların Kiprdə görüşü də gərgin şəraitdə keçib. Kior azarkeşləri təhiqlərdən belə çəkinməyib.

XS
SM
MD
LG