Accessibility links

Dekabrın 24-də 23 yaşı tamam olan Azərbaycanın ilk müstəqil mediası – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Amerikanın Səsinin Sərbəst Kürsü canlı forumunun qonağı olub. Forumu ixtisarlarla sizə təqdim edirik:

Emil Quliyev [moderator]: Hər vaxtınız xeyir, Qənimət bəy! Sizi və kollektivinizi, qəzetin ərsəyə gəlməsində əməyi olan hər bir şəxsi təbrik edirik!

Qənimət Zahid: Təşəkkür edirəm, sağ olun!
Mən də Azadlığın kollektivini ve oxucularını ürəkdən təbrik edirəm.

EQ: İlk sual Kamil Quliyev adlı oxucudan daxil olub. O yazır:

- Qənimət bəy, salamlar. Sizi və kollektivinizi təbrik edirəm! Sualım belədir: Siz Azadlığa nə zaman gəlmisiniz və neçə ildir jurnalistika ilə məşğulsunuz?

Cavab: 1990-cı ildə Bakı Dövlət Universitetini bitirəndə mərhum Əbülfəz Elçibəy BDU-ya tələbnamə yolladı ki, məni Xalq Cəbhəsinin Azadlıq qəzetində işləmək üçün yollasınlar. O zamanlar belə qayda vardı ki, idarə və təşkilatlar ali məktəblərdən məzunları tələb edirdilər.. BDU da həmin tələbnamə əsasında məni oraya göndərdi. Mən rəsmən Xalq Cəbhəsinə təyinat götürmüş ilk gənc mütəxəssis kimi Azadlıqda işə başlamışam. Əslində Əbülfəz bəyin mənim üçün tələbnamə göndərməsi təsadüfi və ya şəxsi münasibətlərə bağlı deyildi. 1990-cı ilin 20 yanvarında ruslar komendant saatı elan etdikdən sonra televiziya və qəzetlər qapadılmışdı. Ölkədə ciddi informasiya böhranı vardı. O zaman mən dostlarla məsləhətləşərək Tbilisiyə getdim və orada YURD adlı qəzetin əsasını qoydum. YURD 25-30 min tirajla Tbilisidə dərc edilirdi, biz onu Azərbaycanda yayırdıq. Elçibəy də bunu nəzərə alaraq mənim Azadlıqda işləməyimi istəmişdi. Jurnalistika ile de hemin vaxtdan, yeni YURD qezeti nəşrə başlayandan məşğulam. 1990-cı ilin iyun ayında Azadlıq fəaliyyətini bərpa etdi və mən də həmin ay universiteti bitirərək bu qəzetde işləməyə başladım.

Sual [Anar Yasef]: Sözsüz ki, Azadlığın hazırda necə çətinliklər yaşadığı hamıya məlumdur. Bilmək istərdim ki, sizin ən böyük, mühüm əhəmiyyət kəsb edən çətinlikləriniz hansılardır.

Cavab: Azadlıq yarandığı zamandan çətinliklər içərisindədir. Qəzetin fəaliyyətinin bir ayı tamam olmamış onu ruslar qapatdılar. Sonra Azərbaycanda Heydər Əliyev zamanının uzun və ağrılı senzuraları, təqib və təzyiqləri başlandı. Açığı, keçdiyimiz zamana baxanda müəyyənləşdirmək çətin olur ki, hansı təzyiqlər bizim üçün daha ağır olub. Çünki bəlli bir müddət keçəndən sonra təzyiqlər sanki adiləşir, amma yeni bir dəhşət mərhələsi başlayır. Məsələn, yadıma gələn ən ağır olaylardan biri Azadlığın Xaqani 33-dəki binasının əlindən alınması olub. Əməkdaşlarımıza qarşı ağla gəlməyəcək dərəcədə repressiyalar olub. Meselen, Aqil Xəlilin bıçaqlanması olayını xüsusi ağrılı hisslərlə xatırlayıram, çünki bu, bütün dövlət aparatının gənc və təcrübəsiz bir gənclə müharibə aparması demək idi…. Qəzetin əsassız ve ədalətsiz məhkəmə qərarları ilə üzləşməsi, bank hesablarına həbs qoyulması nəticəsində əməkdaşların yaşadığı maddi sıxıntılar, qəzetin özünün dəfələrlə qapanma təhlükəsi ilə üz-üzə qalması… bütün bunlar çox ağır, ədalətsiz və haqsız təqiblərdir. Bu gün də davam edir. Amma kollektiv bu qədər sınaqlara tab gətirib. Başqa heç bir kollektiv bu qədər ağır təqib və təzyiqlərə davam gətirə bilməzdi, deyə düşünürəm…

Sual [Sabir]: Azadlığın yaranması barədə tarixi və ədalətli məlumat verməyinizi istərdim. Ətraflı olsa gələcək nəsillər Azadlığın necə bir şəraitdə formalaşmasından məlumatlı olar.
23 yaşınızı təbrik edirəm!

Cavab: Açığı Azadlığın yarandığı ilk günləri xatırlamıram və bir başa iştirak etməmişəm. Həmin ərəfədə mən könüllü tələbə rotasının komandiri olaraq Qubadlıdaydım. O zaman biz BDU tələbələrindən ibarət iki könüllü rota təşkil etmişdik. Bunların birinə mən, o birinə isə Əli Kərimli (Laçında) rəhbərlik edirdi. Mən Qubadlıda olanda eşitdim ki, Xalq Cəbhəsinin Azadlıq adlı qəzeti nəşrə başlayıb və onun baş redaktoru Necef Necefovdur. Mən Nəcəf bəyi əla tanıyırdım və düşünürəm ki, ondan daha layiqli namizəd ola bilməzdi. Amma açığı, orada daha çox ermenilərlə üz-üzə səngər qazaraq müdafiə işi ilə məşğul olduğumdan Bakıdakı bu sayaq yenilikləri sadəcə olaraq, elə bir fakt olaraq dəyərləndirirdim. Mən oradan yanvarın 19-da döndüm, ayın 20-si məlum hadisələr baş verdi… Və Azadlıq qapandı…
Emil Quliyev [moderator]: Növbəti sual Facebook vasitəsilə göndərilib. Rıza Talebinin sualı belədir:

- Zatən Mən Güney Azərbaycan üçün bir sorum var, belə görünür ki, rəhmətlik bəydən sonra Quzeyin müxalifətində Güney məsələsi sadəcə sözdədir, bu prosesdə bəlkə belə yazmaq lazım ki, Güney Milli hərəkatı tamamilə unudulubdur, özəllikcə milli fəalların durumu Bakıda çox bərbaddır, hakimiyyət də bu məsələləri qabartmaq istəmir, sizcə niyə Quzey müxalifəti samballı şəkildə Güney Azərbaycan partiyalarilə münasibət qura bilmir, halbuki açıq aydın bəllidir ki, İlham Əliyev Güneyi qullanır və onu bir özgür şəkildə görmək istəmir. Müsavat qazetinə baxanda İran rejiminə bir ələşdiri yoxdur, həddən artıq dərəcədə islamçılar muxalifətə girirlər və dəstəklənirlər! Bunlar hamısı mənim sorum deyil, bəlkə çoxlu insanın başına yerləşən paradokslardır. Yenə də Azadlıq qazetində Güney məsələsinə yer vermənizdən təşəkkür edirəm, Sayqılar!

Qənimət Zahid: Azadlıq qəzetində Güney Azərbaycan məsələsi həmişə diqqət mərkəzində olub. Uzun illər ərzində şəxsən mən özüm Güney Azərbaycan məsələsi ilə bağlı silsilə yazılar yazmış, sonra isə həmin yazıları mərhum Əbülfəz bəyin yazdığı ön sözlə birlikdə İkiyə Bölünmüş Vətən adlı bir kitab şəklində çap etdirmişəm. Biz Güney Azərbaycan, oradakı hərəkatla bağlı analitik yazılar yaza bilərik və indi də ara sıra bu cür yazılar yazılır. Amma oradakı hərəkata informasiya dəstəyi verən, baş verən hadisələr haqqında operativ məlumatlara əsaslanan şərhlər yazılmalıdır. Çox təəssüf ki, Güney Azərbaycandan olan fəallar bu kampaniyada yeni Quzey Azərbaycanın informasiya resurslarından faydalanmaqla müntəzəm yazılar yazmaqda passivlik göstərirlər. Son zamanlar Rza Talibinin, Elçin Hatəmi adlı soydaşımızın yazdığı yazıları xatırlada bilərəm. Rza bəylə bir mühüm məsələdə razılaşıram ki, İlham Əliyevin platforması ilə Güney Azərbaycan hərəkatı ilə bağlı təşkil edilən bir çox tədbirlər, epizodik olmaqla, cənab Əliyevin diqqəti öz rejiminin törətdiyi qanunsuzluqlardan yayındırmaq məqsədini güdür. Bu proses cəlb edilən resurslar Güney Azərbaycandan kənardakı, ölkənin içi ilə əlaqəsi olmayan mərhələlərə sərf edilir. Amma bütün hallarda, Güney Azərbaycan hərəkatının fəalları daha konstruktiv fəaliyyət formaları tapmalı, informasiya-analitika işinin təşkilində daha peşəkar yollar aramalıdır. Öz adımdan bildirirəm ki, bu istiqamətdə hazırlanan bütün normal yorum ve xəbərlər üçün Azadlıq qezetinin qapıları açıqdır. Azadlığın internet versiyası gündən-günə reytinqini artıran bir portala çevrilir. Bu qəzetdə nəşr olunmaq, bu qəzetlə xəbər yaymaq bu baxımdan da mühüm və faydalıdır…

Forumu tam mətnini buradan oxuya bilərsiniz:
http://blogs.voanews.com/azerbaijani/audience-comments/2012/12/24/azadliginiz-mubar%C9%99k-q%C9%99nim%C9%99t-zahid-suallari-cavablandirir/
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG