Accessibility links

Qənimət Zahidin qardaşı oğluna qarşı narkotik ittihamı irəli sürülüb


Qənimət Zahid (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

Qənimət Zahid (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

Hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə Amerikanın Səsinə hüquq mühafizə orqanlarındakı mənbələrdən bəlli olub.

Maddənin sankisyasında 5 ildən 12 ilədək həbs nəzərdə tutulur.

Rüfət Zahidov iyulun 20-də Bakıda saxlanılıb.

Atası Fərasət Zahidov Amerikanın Səsinə bildirib ki, oğlu əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdadəsinə aparılıb.

“Guya onun cibindən və avtomobilindən 5 qram heroin götürüblər. Bu ittiham tam uydurmadır. Oğlumu qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar. Bunu digər qardaşımın oğlunun, əmimin oğlunun həbsi də sübut edir. Hazırda qardaşım Əfqanın oğlunu da axtarırlar”, o qeyd edib.

Fərasət Zahidov bu gün Səbael rayon Polis İdarəsində işi aparan müstəntiq İlqar Həmidovla görüşüb. İlqar Həmidov ona oğlunun saxlanması ilə bağlı məlumat verib.

Öz növbəsində Səbael rayon Polis İdarəsindən Rüfət Zahidova qarşı cinayət ittihamının irəli sürülüb-sürülməməsi barədə məlumat almaq mükün olmayıb.

Xatırladaq ki, iyulun 18-də Qənimət Zahidin Şamaxı rayonunun Meysəri kəndində yaşayan digər qardaşının oğlu Tural Zahidova Şamaxı rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs verilib.

İyulun 20-də baş redaktorun Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 25 sutka həbsə məhkum edilib.

Müşahidəçilər həbslərin Qənimət Zahidin rəhbəri olduğu “Azərbaycan saatı” televiziya proqramında yüksək vəzifəli hökumət rəhbərlərinin sərt tənqidindən sonraya təsadüf etdiyini bildirir.

Xatırladaq ki, son dövrdə “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzi 5 il həbsə məhkum edilib. Digər aparıcı Natiq Adilov ölkədən mühacirətə gedib. Onun qardaşı Murad Adilov isə narkotik ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG