Accessibility links

Qənimət Zahidin anasının evindən komputer, əmisi oğlunun evindən narkotik tapılıb


Qənimət Zahid və anası (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)
Qənimət Zahid və anası (Foto Qənimət Zahidin Facebook səhifəsindən götürülüb)

İyulun 24-də “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin Şamaxı rayonunun Meysəri kəndində (Bakıdan 120 kilometr qərb) yaşayan anası Xədicə xanımın, qardaşı Nemət Zahidovun oğlu Xəqani Zahidovun və Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun evlərində axtarış aparılıb. Xatırladaq ki, Rövşən Zahidov bir neçə gün öncə polis tərəfindən saxlanılaraq 25 sutka inzibati həbs edilib.

Axtarışın konkret hansı hüquq mühafizə orqanı tərəfindən aparılması məlum deyil.

Ailə üzvləri Amerikanın Səsinə bildirib ki, Zahidovların anası Xədicə xanımın evindən ailə üzvləri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi komputer götürülüb. Xəqani Zahidovun isə evindən heç nə tapılmayıb.

Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan Rövşən Zahidovun evində axtarış zamanı narkotik tapıldığı bildirilib.

Rövşən Zahidovun qardaşı Ağasadıq Zahidov Amerikanın Səsinə bildirib ki, axtarışda 15-dək çox mülki və polis forması geyimində olan şəxslər iştirak edib.

“Qardaşımın evinə heç kimi buraxmadılar. Evdə yalnız Rövşənin həyat yoldaşı Leyla xanım vardı. O dedi ki, gözümün qabağında Rövşənin iş pencəyinin cibinə kağıza bükülü nə isə qoydular, sonra isə dedilər burada narkotik var”, o qeyd edib.

Ağasadıq Zahidovun dediyinə görə, qardaşı Rövşən ümumiyyətlə siqaret belə çəkmir.

“Qardaşımın evində axtarış aparıb, guya narkotik tapmaqla onun barəsində cinayət işi qaldırmaq istəyirlər. Amma, hamı bilir ki, qardaşıma və qohumlarıma qarşı bu təqiblər Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlıdır”, o qeyd edib.

Hazırda Qənimət Zahidin qardaşı oğlanlarından biri Rüfət Zahidov da narkotiklə ittiham edilir. O, həbs edilib. Baş redaktorun digər qardaşı oğlu Tural Zahidov isə iyulun 18-də polisə müavimət ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.

Qənimət Zahidin qohumlarına qarşı təqiblər onun hökumət rəhbərlərini sərt tənqid edən televiziya verilişindən sonraya təsadüf edir.

Qənimət Zahidin digər qohumlarının axtarıldığı da bildirilir.

Baş verənlərə rəsmi qurumlar hələ münasibət bildirməyib.

XS
SM
MD
LG