Accessibility links

Azərbaycan Milli Məclisi “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar qəbul edib.

Sənəddə deyilir ki, Milli Məclis 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni silahlı dəstələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınının parlamentin 1994-cü il 24 fevral, 1995-ci il 24 fevral, 2007-ci il 27 fevral və 2012-ci il 24 fevral tarixli qərarları ilə soyqırım (genosid) cinayəti kimi qiymətləndirilməsini bir daha təsdiq edir.

"Hüquq mühafizə orqanlarına tövsiyə olunur ki, Xocalı şəhərində soyqırım aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri davam etdirsinlər. Müvafiq dövlət və qeyri-hökumət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. Xarici ölkələrin parlamentlərinə, beynəlxalq parlament təşkilatlarına müraciət edilsin ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğınını soyqırım cinayəti kimi tanısınlar", qərarda qeyd olunur.

Xatırladaq ki, erməni silahlı birləşmələrinin törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

XS
SM
MD
LG