Accessibility links

Qərb mətbuatı Azərbaycan seçkiləri haqda


Seçki rəsmiləri məktəb binasında səsvermə məntəqələrini quraşdırırlar. 8 oktyabr, Bakı.

Seçki rəsmiləri məktəb binasında səsvermə məntəqələrini quraşdırırlar. 8 oktyabr, Bakı.

“ABŞ-ın diplomatik yazışmalarında Azərbaycanda Korleone mafiasına bənzədilən Əliyev sülaləsi neftlə zəngin Xəzəryanı dövlətdə öz hakimiyyətini belə görünür üçüncü onillik davam etdirməyə hazırlaşır” - ABŞ-ın xəbər saytı olan Global Post “Ailə biznesi: Azərbaycanda Əliyevlər hakimiyyətdən möhkəm yapışıb” adlı məqaləsini bu sözlərlə başlayır.

Qərb mətbuatı prezident İlham Əliyevi avtoritar lider kimi təsvir edir.

Qərb mətbuatı prezident İlham Əliyevi avtoritar lider kimi təsvir edir.

Məqalədə prezident İlham Əliyev oktyabrın 9-u seçkilərində üçüncü dəfə daha beş il müddətinə hakimiyyətdə qalmaq üçün şəksiz favorit adlandırılır. Yazıda qeyd edilir ki, səsvermədən öncə keçirilmiş sorğularda tərəfdarları Əliyevləri sovet dövrü ucqar bir respublikanı Avropanı enerji ilə təchiz edən çiçəklənməkdə olan bir ölkəyə çevirdiklərinə görə tərifləyir, lakin tənqidçilər onların müxalifəti əzərək, hakimiyyətdən prezident və onun ailəsinin dəbdəbəli həyatını maliyyələşdirmək üçün gəlir mənbəyi kimi istifadə etdiyini deyir.

Məqalədə deyilir ki, atasından sonra hakimiyyətə gəlmiş İlham Əliyev neftdən əldə etdiyi milyardlarla 10 il ərzində iqtisadi artıma nail olub, Rusiya və Qərb arasında ehtiyatla manevr edərək, praqmatik xarici siyasət yeridir.

“Bu yanaşma tərzinə görə ABŞ-ın diplomatik yazışmasında o, “Xaç atası” kino-filmindəki soyuqqanlı Maykl Korleone obrazına bənzədilib. Eyni zamanda, Əliyev fərqli düşüncəyə malik olanlarla sərt rəftarına görə Korleone klanında Mayklın çılğın qardaşı Sonniyə də oxşadılıb.

Onun məqsədi Əliyev sülaləsinə heç bir etirazın olmadığı bir siyasi mühit yaratmaqdan ibarətdir.
"WikiLeaks saytının açıqladığı ABŞ-ın diplomatik yazışmasında deyilir ki, onun məqsədi Əliyev sülaləsinə heç bir etirazın olmadığı bir siyasi mühit yaratmaqdır.”

ABŞ-ın diplomatik sənədlərinə istinadən edən məqalədə Azərbaycanın birinci xanımı, iqtidarda olan partiyadan parlament üzvü və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəbdəbəli zövgə malik olduğu və həyat yoldaşının sələfi, hətta ona rəqib ola biləcəyi qeyd edilir.

Azərbaycanda Əliyevlərin sərvəti ilə bağlı suallar verilməsə də, jurnalist Xədicə İsmayılova onların bank, tikinti və telekommunikasiya sektorlarında böyük paylara nəzarət etdiyi haqda yazıb.

Azərbaycan polisi sərbəst toplaşmaq azadlığını boğur.

Azərbaycan polisi sərbəst toplaşmaq azadlığını boğur.

“Onun araşdırmasından sonra İsmayılovanın gizli çəkilmiş seks videosu internetdə yerləşdirilib. Azərbaycan rəsmiləri video ilə hər hansı bir əlaqəni inkar və Əliyev ailəsinin qeyri-qanuni sərvət topladığı haqda iddiaları rədd edib.”

Məqalədə eyni zamanda, Washington Post qəzetində Azərbaycan prezidentinin oğlu Heydər, qızları Arzu və Leylanın adına Dubayda 75 milyon dollarlıq əmlakın olduğu haqda məlumat verildiyi də göstərilir.

Fransanın aparıcı qəzeti olan Le Monde-da dərc olunan yazı “Azərbaycanda hakimiyyətdə olan klançılıq və avtokratiya” adlanır. Jurnalist Aymeric Janier hesab edir ki, 2003-cü ildə prezident olduqdan bəri İlham Əliyev güclü siyasi opponentlə üzləşməyib. 2008-ci ildə Əliyevin 88.73%lə qalib gəlıməsini keçmiş Sovet məkanına xas göstərici kimi qiymətləndirən müəllif bu “səs çoxluğunun” avtokratik metodlar sayəsində qazanıldığını vurğulayır.

Əliyev klanı ölkənin iqtisadi resurslarının əksəriyyətini ələ keçirib.
“Kağız üzərində Azərbaycanın maliyyə durumu yaxşıdır. Hərçənd ki, artım son ildə ötən illərə nisbətən yavaşıyıb, neft və qaz yataqları ilə zəngin Azərbaycanın qıvraq enerji sektoru mövcuddur... Ümumilikdə bu sərvətlər Azərbaycanın ixrac qazanclarının 95 faizini təşkil edir,” Janier yazır. Amma bu mənzərinin arxasında ölkənin “tünd reallıqları” dayanır. Azərbaycan dövlət başçısı və onun əlaltıları tərəfindən talan olunur: “Əliyev klanı ölkənin iqtisadi resurslarının əksəriyyətini ələ keçirib.”

Fransız jurnalist vurğulayır ki, Azərbaycanın əksər vətəndaşları bu sərvətlərdən bəhrələnməyiblər. Regionlarda klanlar rüşvət şəbəkəsinə nəzarət edir. Həyata keçirilən əksər layihələr vətəndaşların ehtiyaclarını ödəmək əvəzinə görüntü xarakteri daşıyır. Ölkədə müxalifət əzilir. Dinc nümayişlər zorakılıqla dağıdılır, gənc fəallar həbsə atılır.

Avropalılar Əliyevlə münasibətləri korlamaq istəmirlər.

Avropalılar Əliyevlə münasibətləri korlamaq istəmirlər.

Müəllif qeyd edir ki, beynəlxalq ictimaiyyət, ələlxüsus Avropa, Azərbaycan rəhbərini tənqid etməkdən çəkinir, çünki onlar Azərbaycanı İrana qarşı balanslaşdırıcı qüvvə kimi görürlər. Avropa eyni zamanda Azərbaycanın Rusiyadan asılılığını azaltmağa can atır və bu üzdən İlham Əliyev hökumətinin onun maraqlarına cavab verdiyi qənaətindədir.

XIndex onlayn dərgisində yazan Rebecca Vincentin tonu isə daha sərtdir. Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığını yazan Vincent rəsmi Bakının seçkilər ərəfəsində özünü sürətlə inkişaf edən ölkə kimi göstərdiyini, daxildə isə avtokratik metodlara əl atdığını bildirir.
Vincent yazır ki, Azərbaycanda hazırda 142 siyasi məhbus var. Avropada “mənim heç bir siyasi rəqibim həbsdə deyil,” deyən İlham Əliyev həqiqəti təhrif edir. Belə opponentlərdən biri ReAL hərəkatının lideri İlqar Məmmədovdur.

Prezident Əliyevə gün ərzində saatlarla vaxt ayrıldığı halda, başqa namizədlərə həftədə ümumilikdə 18 dəqiqə düşür.
Rebecca Vincent hökumətin ölkə daxilində bütün tele-radio kanallaına nəzarət etdiyini və bu qurumların əsasən İlham Əliyevi təbliğ etdiklərini yazır. “İctimai xidmət yayımçısı kimi təqdim olunan İTV öz rolunu yerinə yetirmir, balanslı və fərqli proqramlar tərtib etmir.” Vincentin yazdığına görə prezident Əliyevə gün ərzində saatlarla vaxt ayrıldığı halda, başqa namizədlərə həftədə ümumilikdə 18 dəqiqə düşür. Üstəlik Mərkəzi Seçki Komissiyası müxalifət namizədlərinə diqqət ayrıdığına görə 2009-cu ildə Azərbaycanda yayımları qadağan edilmiş BBC, AzadlıqRadiosu və Amerikanın Səsini “təbliğat aparmaqda” ittiham edir.

Vincent müxalifətin bu dəfə Əliyev hökumətinə qarşı mübarizə apardığını önə çəkir və bu faktorun 2013 seçkilərini əvvəlkilərdən fərqləndirdiyini vurğulayır. Azərbaycanın 2003-cü ildən bəri azad və ədalətli seçki keçirmədiyini yazan Rebecca Vincent bu ölkənin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edir.
XS
SM
MD
LG