Accessibility links

AŞPA Azərbaycanı mətbuata təzyiqlərə son qoymağa çağırıb


Avropa Şurası Parlament Assambleyası

Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında ukraynalı deputat Vladimir Arevin mətbuat azadlığı sahəsində vəziyyət haqqında hazırladığı 2141 saylı qətnamə qəbul edilib.

Məruzədə Avropa Şurasına üzv ölkələrdə mətbuat azadlığının vəziyyətinin pisləşdiyi və orada 2015-ci ilin yanvarından etibarən 16 jurnalistin həlak olduğu bildirilir.

Yüzlərlə jurnalisti terrorçularla əlbir olmaqda və milli təhlükəsizlik üçün təhlükə yaratmaqda ittiham edən Türkiyə hakimiyyətinin siyasəti AŞPA-da xüsusi narahatlıq doğurur. Qətnamə bu ölkədə həbs edilmiş bütün KİV işçilərinin azad edilməsini və ölkədə hadisələrin "dramatik" inkişafına son qoyulmasını tələb edir.

Qətnamədə həmçinin "Rusiyanın işğal etdiyi Krım yarımadasındakı" vəziyyətdən, burada tatar əsilli jurnalistlərin, habelə Kiyevə loyal olan mətbuat işçilərinin fəal təqibinin davam etməsindən narahatlıq ifadə olunur.

Qətnamədə həmçinin Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyi, jurnalistlərin və blogerlərin təqibinin gücləndiyi qeyd olunur. Bununla əlaqədar AŞPA Azərbaycan hakimiyyətini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təqibinə son qoymağa və onun işçilərinin ölkə ərazisində azad fəaliyyət göstərməsinə imkan verməyə; bloger Mehman Hüseynovun təqibinə son qoymağa, onun şəxsiyyət vəsiqəsini qaytarmağa və onunla qeyri-insani rəftar faktlarını araşdırmağa; Meydan TV müstəqil internet resursuna qarşı cinayət işlərinə son qoymağa, onun əməkdaşlarına və bu kanalla əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlərə son qoymağa, habelə onların ölkədən çıxışına qoyulmuş bütün qadağaları ləğv etməyə; "Azadlıq" radiostansiyasının Azərbaycan xidmətinə qarşı bütün araşdırmalara son qoymağa və redaksiyanın Bakıda normal fəaliyyət göstərməsinə imkan verməyə çağırıb.

Qətnamədə həmçinin Dağlıq Qarabağ (Azərbaycan), Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və Dnestryanı (Moldova) kimi separatçıların nəzarəti altında olan ərazilərdə mətbuat azadlığının olmamasından təəssüf ifadə olunur.

XS
SM
MD
LG