Accessibility links

Qəzzada hərbi əməliyyatlara ara verilir


Ramazan bayramının başlaması ilə müharibə nəticəsində dağıntılara məruz qalmış Qəzzada döyüşlərə ara verilir. Dünya liderləri İsrail və Həmas yaraqlıları arasında üç həftədir davam edən hərbi qarşıdurumaya son qoymaq məqsəsilə atəşkəsə nail olmağa çalışır.

BMT-nin Təhlükəsizlik Şurası İsrail və Həmas arasında dərhal və qeyd-şərtsiz atəşkəsə çağıran bəyanat qəbul edib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu tələbi rədd edərək, BMT-nin Ban Ki Muna deyib ki, sənəddə “yəhudi dövlətinin təhlükəsizliyi nəzərə alınmadığı halda, İsrail vətəndaşlarına qarşı hücumlar həyata keçirən qatil terrorçu qrupun ehtiyacları” nəzərə alınır.

ABŞ televiziyasına müsahibə zamanı Həmas lideri Xalid Məşal İsrailin Qəzzanın işğalına son qoymasını tələb edərək, İsral dövlətinin mövcud olmaq hüququnu heç bir zaman tanımayacağını deyib.

Söz müharibəsinin davam etməsinə baxmayaraq, İsrail Qəzza zolağında hücumları azaldıb. Fələstinlilər üç gün sürəcək Ramazan bayramının başladığı vaxt İsrail ərazisinə raket atıb.

İsrail hərbi qüvvələrinin rəsmisi ordunun məhdud müddətdə yalnız raket hücumlarına cavab olaraq atəş açacağını, lakin Həmasın silah saxlamaq və gizli olaraq İsrail ərazisinə daxil olmaq üçün istifadə etdiyi tunellərin axtarışı və məhv edilməsi əməliyyatlarını davam etdirəcəyini bildirib.

BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, atəşkəslə yanaşı, tərəflər uzun illər sürən münaqişəni həll etmək kimi məsuliyyət daşıyır. Onun sözlərinə görə, İsrail Qəzzanın blokadasına və yarım əsrə yaxındır davam edən işğala son qoymalı, fələstinlilər isə İsrailin təhlükəsizliyinə razı olmalıdır.

BMT-nin qətnaməni qəbul etməsindən bir neçə saat öncə ABŞ prezidenti Barak Obama İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək, çoxu fələstinlilər olmaqla mindən çox insanın həyatını itirdiyi münaqişədə dərhal və qeyd-şərtsiz humanitar atəşkəsin əldə edilməsini tələb edib. İsrail münaqişədə 43 əsgərin və üç mülki vətəndaşın həyatını itirdiyini bildirib.

XS
SM
MD
LG