Accessibility links

Hüquq müdafiəçiləri Həsən Hüseynli ilə bağlı prezidentə müraciət edib


Həsən Hüseynli

Həsən Hüseynli

QHT fəalı Həsən Hüseynlini 7 il həbs gözləyir

Hüquq müdafiəçiləri - Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Əvəz Həsənov Gəncə şəhərində fəaliyyət göstərən “Kamil Vətəndaş” maarifləndirmə mərkəzi ictimai birliyinin sədri, fizika üzrə fəlsəfə doktoru Həsən Hüseynlinin məhkəmə işi ilə bağlı prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə qeyd olunur ki, Həsən Hüseynli 2014-cü il martın 31-də həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda təqsirləndirilərək, 48 saat Gəncə şəhər Baş Polis İdarəsində saxlanılıb, daha sonra müstəntiqin qərarı ilə polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Gəncə şəhər sakini Arzu Qəhrəmanovun böhtanı və istintaqa yanlış ifadəsi nəticəsində ittiham olunan H.Hüseynliyə qarşı bir aydan çox istintaq araşdırması aparılmasına baxmayaraq, ciddi sübutlar və ittiham faktları ortaya qoyulmayıb.

İstintaq onun A.Qəhramanlıya xəsarət yetirməsi faktını sübut edə bilməyib. Buna baxmayaraq Gəncə şəhər, Nizami rayon Məhkəməsində aparılan məhkəmə prosesinin son iclasında dövlət ittihamçısı Həsən Hüseynliyə qarşı qaldırılan qondarma cinayət işinin maddələrində nəzərdə tutulan ən ağır cəzanı – 7 il həbs verilməsini istəyib.

Hüquq müdafiəçiləri H.Hüseynlinin vətəndaş cəmiyyətinin qurulması istiqamətində rolunu vurğulayaraq bildirir.

“Son 15 ildə Gəncə şəhərində maarifçilik tədbirlərinin həyata keçirilməsində, istər dövlət strukturları, istərsə də beynəlxalq və yerli qeyri hökumət təşkilatlarında onlarla savadlı gəncin iş tapıb çalışmasında və onların təhsilinin dünyanın bir çox tanınmış universitetlərində davam etdirməsində H.Hüseynlinin rəhbərlik etdiyi təşkilatın və şəxsən onun özünün danılmaz rolu olub.

H.Hüseynli Gəncədə kifayət qədər hörməti olan bir alim və ziyalıdır. Onun uydurma ittiham ilə həbs olunmasına imkan verilməsi dövlətimizin ziyalılara və ictimai fəal insanlara indiyə kimi göstərdiyi qayğıya ciddi zərbə olar”.

Hüquq müdafiəçiləri İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Azərbaycanda ziyalıların dövlət qayğısı ilə təmin olunması və imkanlarının genişləndirilməsi sahəsində atdığı uğurları qeyd edərək, “Azərbaycanın dəyərli bir ziyalısının əsassız ittihamlar ilə həbs olunması və ona qarşı böhtan kampaniyasının davam etdirilməsinə imkan verilməməsinə” kömək istəyir.

Həsən Hüseynliyə qarşı qondarma cinayət işinə görə 7 il həbs verilməsini istəyən dövlət ittihamçısına öz etirazını bildirmək üçün hüquq müdafiəçiləri Azərbaycanın baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya da müraciət ünvanlayıb.

XS
SM
MD
LG