Accessibility links

QHT Koalisiyası prezidentin problemlərin həllinə təşəbbüs göstərməsini xahiş edir


Mədən sənayesində şəffaflıq koalisiyasının iclası
Mədən sənayesində şəffaflıq koalisiyasının iclası

“Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyası prezident İlham Əliyevə müraciətində oktyabrın 25-də EITI (Mədən sənayesində şəffaflığın artırılması üzrə Beynəlxalq təşəbbüs) İdarə Heyətinin toplantısı ilə əlaqədar narahatlığını ifadə edib.

Müraciətdə xatırladılır ki, QHT Koalisiyası 2004-cü ildən Azərbaycanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqində iştirak edən hökümət qurumlarının və şirkətlərin etibarlı tərəfdaşı kimi fəaliyyət göstərir

Koalisiyasının sıralarında 150-ə qədər təşkilat və tanınmış şəxslər fəaliyyət göstərir. Koalisiya Azərbaycanda EITI-nin gerçəkləşdirilməsində fəal iştirak edib və öz töhfəsini verib.

Lakin ötən illər ərzində Azərbaycan vətəndaş cəmiyyətinin bu təşəbbüsdə azad və səmərəli iştirakı zamanı qarşılaşdığı çətinliklərə görə 2015-ci il aprelin 15-də ölkə tamhüquqlu üzv statusunu itirib. Ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunub. Bununla əlaqədar EITI- nin keçmiş sədri xanım Şort Bakıya gəlib və prezident İlham Əliyevlə görüşüb.

QHT-lərin problemlərinin həllinə başlanılıb. QHT rəhbərlərinin və üzvlərinin ölkədən çıxışı və ölkəyə dönüşü zamanı qarşılaşdıqları sərhəd yoxlamaları dayandırılıb, üzv təşkilatların bank hesablarından həbslər götürülüb və əvvəllər qeydiyyatından imtina edilmiş bir sıra qrant müqavilələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Amma atılan addımlar davamlı və sistemli olmadığına görə vətəndaş cəmiyyətinin problemləri tam və vaxtında həll olunmayıb.

Bəzi təşkilatların qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə onların bank hesablarından istifadəyə tətbiq olunan qadağalar hələ də qüvvədədir. Hətta, əksinə bank hesablarından həbs götürüldükdən sonra 2 üzv təşkilatın hesabında olan donorlara məxsus vəsait vergi borcu əvəzinə silinib.

6 təşkilata tətbiq olunan vergi cərimələri nəticəsində onlar fəaliyyətlərini bərpa edə bilmirlər. Koalisiyanın iki üzvü müxtəlif səbəbdən hələ həbsdədir.

Koalisya Şurasının bir üzvünə qarşı bir neçə il əvvəl başlamış cinayət təqibi davam edir, bu səbəbdən həmin üzvün ölkədən çıxışına qadağa qoyulub.

Ən pisi də odur ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanun və normativ sənədlərdə son illər ərzində edilən məhdudlaşdırıcı xarakterli əlavə və dəyişikliklərdən sonra hüquqi mühit daha da pisləşib.

Nəticədə 1 il 6 ay müddətində bəzi tədbirlər indiyədək yerinə yetirilməyib. Bu isə Azərbaycanın EITI-də tamhüquqlu üzv statusunun geri alınmasında ciddi çətinliklər yaradır.

Bununla əlaqədar koalisiya oktyabrın 25-dək sözügedən problemlərin aradan qaldırılmasına çağırır.

Koalisiya üzvləri öz narahatlıqlarını prezidentlə bölüşmək qərarına gəlib və dövlət başçısından problemlərin həllinə təşəbbüs göstərməsini xahiş edirlər.

XS
SM
MD
LG