Accessibility links

Azərbaycan sivil cəmiyyətinin durumu və gələcəyi: QHT-lər etiraz edir [Ziya Quliyevlə Video-Müsahibə]


Milli Məclis QHT-lərə aidiyyəti ilan qanunlara 50 düzəliş, 8 əlavə edib. Vətəndaş cəmiyyəti bunu təzyiq kimi qiymətləndirir

Azərbaycanda qanunvericiliyə son dəyişikliklər vətəndaş cəmiyyətinin fəaliyyətinin kəskin məhdudlaşdırılmasına yönəlib, hökumət vətəndaş cəmiyyəti ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirmir, beynəlxalq təşkilatların adınadan imitasiya məqsədi ilə istifadə edir, vətəndaş cəmiyyəti öz hüquqlarının müdafiəsi uğrunda mübarizəni dərinləşdirməlidir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilməli, hökumətlə dialoq aparılmalı və etiraz aksiyaları keçirilməlidir.

Vətəndaş cəmiyyətləri təzyiqlərə qarşı mübarizə aparmaq, monitorinqlər keçirmək, hesabatlar hazırlamaq, beynəlxalq təşkilatlarla əlaqələr qurmaq məqsədi ilə daimi fəaliyyət göstərəcək işçi qrupu yaradacaq. Bu gün Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin, Hüquq Təşəbbüsləri Mərkəzinin dəstəyi ilə “Azərbaycan sivil cəmiyyətinin durumu və gələcəyi: Sonuncu qanuna əlavələr BMT-nin Universal Dövri İcmalı kontekstində” mövzusunda keçirilən konfransın əsas leytmotivləri bunlar olub.
Milli Məclis dekabrın 17-də vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və “İnzibati Xətalar Məcəlləsi”nə 8 əlavə 50-dək düzəliş edib. Əlavələrin 7-si cərimələrin artırılması, 1-i isə QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması ilə bağlıdır. Bu dəyişikliklərdə hüquqi şəxslər üçün müəyyən edilən cərimələrin ümumilikdə maksimum cəmi 31 000 AZN, fiziki şəxslər üçün isə 21 000 AZN olub;
Qanunda göstərilən ayrı ayrı hallarda QHT-lər 8 000 manatadək Fiziki və vəzifəli şəxslər isə 3000 manatadək cərimə oluna bilər.

Düzəlişlər isə vergi, qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər edilib. Bu QHT-lər siyasi proseslər və mənəvi dəyərlərlə bağlı fəaliyyət göstərə bilməz.
“Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər güclənməkdə davam edir. Vətəndaş cəmiyyətinin təzyiqlərə qarşı effektli mübarizə metodu yoxdur, müdafiə mövqeyində durmaqdadır”, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva qeyd edib.

4 il əvvəl BMT-nin Azərbaycana cəmi 40 tövsiyəsi var idisə, hazırda bu iradlar 162-yə çatıb. Hökumətin BMT-nin tövsiyələrinə cavabı da imtina xarakteri daşıyır.

“Hökumət BMT-yə cavabında yazır ki, iradların göstərildiyi sahələrdə hər şey yaxşıdır. Biz yalnız həmin sahələrdə təkmilləşdirmələr apara bilərik. Belə cavab isə Azərbaycanı təcridə aparır”, L.Əliyeva qeyd edib.

Vətəndaş cəmiyyəti BMT-nin Universal Dövri İcmalı ilə bağlı aparılacaq monitorinqlərdə fəal iştirak edəcək. Bunun üçün “Yol xəritəsi” hazırlanıb.

“Vəziyyət o qədər mürəkkəbdir ki, vətəndaş cəmiyyəti bütün imkanlarında istifadə edib mübarizə aparmalıdır. Basqılar güclənib, insan və maliyyə resursları tükənmək üzrədir, dəstək verənlər azalıb. Qanunvericiliyə son dəyişikliklər isə QHT-lərin və xarici QHT-lərin fəaliyyətini qeyri-mümkün edir”, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev bildirib.

Azərbaycan BMT qarşısında öhdəliklərini yerinə yetirdiyini bildirir, BMT ekspertlərinə monitorinqlər aparmaq üçün daimi dəvətnamələr göndərib.

“Buna baxmayaraq BMT-nin 2014-cü ilin yayında Azərbaycanda toplaşmaq azadlığı ilə bağlı qərar qəbul edəcəyi gözlənilir”, Hüquq Təşəbbüsləri Mərkəzinin rəhbəri Ziya Quliyev bildirib.
Hökumətin məqsədi müstəqil QHT-ləri çökdürmək və ya özünə tabe etdirməkdir.

“Azərbaycan QHT-ləri Belorus variantından istifadə etməlidir. Biz Gürcüstanda fəaliyyət göstərə bilərik, necə ki, Belorus QHT-ləri Polşada fəaliyyətdədir. Siyasi partiya və QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi müstəqil fəaliyyətə zərbədir. Buna görə də, QHT-lərə Dövlət Dəstəyi Şurasını boykot etmək lazımdır”, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli qeyd edib.

Çıxışlarda beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlı tənqidlər səslənib. Belə ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qrantlar ayıran beynəlxalq təşkilatların fəaliyyəti, qrantların kimlərə verilməsi və QHT-lərin inkişafına hansı kömək etməsi məsələləri monitorinq edilib cəmiyyətə məlumat verilməlidir.

“Məsələn, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı milyonlarla dollar qrant ayırıb. Bu qranların kimlərə verildiyi və vətəndaş cəmiyyətinin inkişafında rolunun nə olduğu barədə monitorinq aparılmalıdır”, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu qeyd edib.

Forumda yanvarın 15-dən martın 15-dək vətəndaş cəmiyyətinin müdafiəsi ilə bağlı müxtəlif aksiyalar, konfransların keçirilməsi, cəmiyyətin məlumatlandırılması kampaniyaların keçirilməsi ilə bağlı fikirlər səslənib. Bildirilib ki, təzyiqlərə adekvat cavablar verilməlidir.

“REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun hüquqlarının müdafiəsi yaxşı təşkil edilmədi, bunun davamı kimi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbs edildi”, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu qeyd edib.

Konfrans iştirakçılarının qəbul etdiyi bəyanatda da vətəndaş cəmiyyəti nümayəndələri getdikcə artam təzyiqlərdən, QHT, KİV, siyasi partiyaların fəaliyyət imkanlarının əhəmiyyətli şəkildə məhdudlaşdırılmasından, BMT və digər beynəlxalq təşkilatlar qarşısında götürülmüş hüquq və azadlıqların təminatı sahəsində ciddi geriləmələrdən narahatlıq bildirilir.

“Biz Azərbaycan hökumətini tövsiyələri yerinə yetirməyə, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını beynəlxalq standartlara uyğunlaşdırmağa və vətəndaş cəmiyyəti təmsilçilərinə qarşı davamlı təzyiqlərə son qoymağa çağırırıq”, sənəddə qeyd edilir
XS
SM
MD
LG