Accessibility links

QHT-lər haqqında qanunvericiliyə mürtəce düzəlişlərin əleyhdarlarının sayı artır (Video)


Vətəndaş cəmiyyəti parlamenti qanun layihəsini qəbul etməməyə çağırıb

Ölkənin 30-dan çox aparıcı QHT-sinin iştirakı ilə keçirilən ictimai forumun iştirakçıları Azərbaycan Parlamentini ictimai təşkilatların maliyyə hesabatlılığını pozmasına görə məsuliyyətin sərtləşdirilməsi haqqında qanunvericiliyə təklif edilən düzəlişləri qəbul etməməyə çağırıb.
Xatırladaq ki, fevralın 6-da Parlamentin Dövlət Quruculuğu və Hüquq Siyasəti komitəsi qanunvericiliyə QHT-lərin ianə və qrant müqaviləsi olmadan digər maddi yardım alınması, nağd ianələr alınması haqqında məlumat verməməsinə görə 5000 manatdan 15 min manata qədər cərimə nəzərdə tutan düzəlişləri təqdir edib. Hüquqpozma obyekti olan vəsaitlər müsadirə ediləcək.
Lakin bu günki forumun iştirakçıları hesab edir ki, bu tədbirlər vətəndaş cəmiyyətinin onsuz da ağır olan vəziyyətini daha da pisləşdirəcək.
Görüş Norveç İnsan Hüquqları Evinin Azərbaycan şöbəsi və “Şərq tərəfdaşlığı” Forumunun milli komitəsi tərəfindən Avropa Komissiyası və Norveç XİN tərəfindən maliyyələşdirilən layihə çərçivəsində təşkil edilib.
Forumda həmçinin ölkə parlamentinin bir sıra deputatları, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, düzəlişlərə ehtiyac yoxdur, belə ki, hökumət onsuz da QHT-lərin fəaliyyətinə nəzarət edir. Hər bir QHT hər il müxtəlif instansiyalara 19 hesabat təqdim edir.

Öz növbəsində, qanun layihəsinin müəllifi deputat Çingiz Qənizadə iddia edib ki, qanun layihəsi QHT-lərə ziyan vurmur. Onun sözlərinə görə, düzəlişlər ianələr qarşılığında torpaqları müxtəlif təşkilatlara satan bəzi “pis mollalara” qarşı yönəlib.
Lakin İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev QHT-lər üçün 5-7 min manat məbləğində böyük cərimələr müəyyən olunmasının əsassız olduğunu qeyd edib.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da onu dəstəkləyərək, 200 manatdan çox ianələr üçün böyük məbləğdə cərimələrin əsassız olduğunu bildirib.

Kimsə vəhşi faunanın müdafiəsi üçün 201 manat ianə verirsə, o və ianəni alan təşkilat cərimə olunmalıdır, deyə o qeyd edib.

“Ekoleks” QHT-nin rəhbəri Samir İsayev bildirib ki, QHT-lərin maliyyə hesabatlılığını pozması cəmi 1,5% təşkil edir, buna görə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac yoxdur.

Norveç İnsan Hüquqları Evinin Azərbaycan şöbəsinin rəhbəri Şəhla İsmayıl ölkədə QHT-lər və ümumiyyətlə insan hüquqları sahəsində vəziyyətin getdikcə daha da pisləşdiyini qeyd edib.

İAM rəhbəri İbadoğlu QHT-lərə tədbir keçirmək üçün zalların verilməməsi probleminə diqqət çəkib. Belə ki, hazırki forumun “Park İNN” otelində keçirilməsi planlaşdırılırdı, amma otel rəhbərliyi son anda imtian etdi. Digər mehmanxanalar da konfrans zallarını verməkdən imtina edib.

Müzakirələrin yekunlarına görə parlamentə qanunvericiliyə mürtəce düzəlişləri qəbul etməmək çağırışı ilə müraciət etmək qərara alınıb. Ölkənin 50-dən çox QHT-si də analoji çağırışla çıxış edib.
XS
SM
MD
LG