Accessibility links

Hökumət QHT-lərlə münasibətdə qanunu sərtləşdirir, cərimələri artırır

Bu gün İnsan Haqları Evi Fondunun təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclis tərəfindən dəstəklənməsi gözlənilən QHT qanunvericiliyinə dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilməsi nəzərdə tutulur.

Tədbir Azərbaycanda hüquq müdafiəçilərinə dəstək məqsədilə Avropa İttifaqı və Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

İnsan Haqları Evi Fondunun təmsilçisi Şəhla İsmayılova Turan-a bildirib ki, fond tədbiri uzun axtarışlardan sonra Beynəlxalq Mətbuat Mərkəzində keçirmək qərarına gəlib.

“Çünki fevralın 11-dək mətbuat konfransını Park İnn otelində keçirməkdə qərarlı idik. Otelin rəhbərliyi dünən axşam tədbiri keçirmək üçün yer ayırmaqdan imtina etdi. Fond Caspian Plaza biznes mərkəzi, “Diplomat” oteli və başqa çoxsaylı otel və mərkəzlərə müraciət edib. Onlar da tədbirə yer verməkdən imtina ediblər. Bəzi otellər isə qiymətləri 2-3 dəfə baha deyiblər ki, tədbiri keçirməyək. Çünki həmin yerlərdə tədbirlər keçiririk və indi dedikləri qiymətlər ənənəvi qiymətlərindən çox bahadır”, - o qeyd edib.

Bir sıra QHT-lər BMM-in Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun nəzarətində olduğunu əsas gətirərək mətbuat konfransında iştirakdan imtina ediblər. RATİ-nin direktoru Emin Hüseynov və hüquq müdafiəçisi Arzu Abdullayeva tədbirə qatılmayacağını bəyan edib.

Vətəndaş Cəmiyyəti təmsilçiləri hesab edirlər ki, otellər və biznes mərkəzləri siyasi təzyiq nəticəsində tədbirlərdən imtina edirlər. Ötən seçkilər dövründə də bütün siyasi tədbirlər eyni konfrans zalına yönəldilmişdi. Belə ki, bu zaman siyasi tədbirin nəzarətə götürülməsi asanlaşır.

Xatırladaq ki, 2012-ci il iyulun 2-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda müzakirə keçirib.

Müzakirələrdə Əli Həsənov deyib ki, QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir. Hökumət Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazırdır.

“İctimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır, bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir”, - o bildirib.

Dialoq zamanı QHT-lər çoxsaylı təkliflərlə, o cümlədən qeydiyyatın asanlaşdırılması, tədbirlərin keçirilməsi üçün imkanların yaradılması, QHT-lərin maliyyələşdirilməsindəki problemlər və digər məsələlərlə bağlı çıxış ediblər.

Ə.Həsənov tədbirin sonunda bildirib ki, QHT-lərin səsləndirdiyi təkliflər təhlil olunacaq:

“Təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir”.

QHT-lərlə hökumət münasibətlərini kəskinləşdirən qanun layihəsinin parlamentə təqdim olunması ilə şöbə müdirinin QHT-lərlə görüşdə səsləndirdiyi bəyanat üst-üstə düşmür. Qanun layihəsi qrantlar və ianələr haqqında vaxtında hökumət orqanlarına məlumat verməyən QHT-lərə ağır cərimələr nəzərdə tutur. Bu isə QHT-lərin fəaliyyətinə nəzarəti təmin etmək məqsədi daşıyır.
XS
SM
MD
LG