Accessibility links

Gənc fəal Qiyas İbrahimov barədə ekspertiza təyin edilib. Bu onun bədənində işgəncə izlərinin müəyyən edilməsi məqsədi ilə təcili təyin edilməli məhkəmə tibbi ekspertizası deyil. O ekspetizanı yəqin ki, işgəncə izləri tam sorulandan sonra təyin edəcəklər. İndi Qiyas İbrahimovun narkoman olub-olmamasını müəyyən etmək üçün məhkəmə narkoloji ekspertizası keçiriləcək. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Onun szölərinə görə, ekspertiza ilə bağlı qərar mayın 19-da elan olunub.

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Vəkillər gənclərin tutulan zaman qeyri-insani rəftara və işgəncələrə məruz qaldığını bildirib. Çoxsaylı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları fəalların həbsini qanunsuz adlandırıb.

Gənclər ittihamı qəbul etmir və məruz qaldıqları işgəncələrə hüquqi qiymət verilməsini istəyir.

XS
SM
MD
LG