Accessibility links

Qlen Hovard: ABŞ Azərbaycana diqqəti artırmağa çalışır (Video)


Qlen Hovard: ABŞ Azərbaycana diqqəti artırmağa çalışır (Video)

Qlen Hovard: ABŞ Azərbaycana diqqəti artırmağa çalışır (Video)

Jamestown Fondunun prezidenti hesab edir ki, Azərbaycan Əfqanıstana ABŞ qüvvələrinin daşınmasında mühüm tranzit nöqtəsidir

Sual: ABŞ dövlət katibi Hillari Klinton Azərbaycana səfərini başa vurdu. Görüşlərdə başlıca mövzulardan biri Dağlıq Qarabağ sülh danışıqları idi. Sizcə, xanım Klinton özü ilə Azərbaycan və Ermənistan liderləri ilə danışıqlara nə kimi mesaj aparmışdı?

Cavab: Düşünürəm ki, o, 2009-cu ilin oktyabrında imzalanmış Zürix protokollarınn mühümlüyünü önə çəkmək istəyirdi. Uzun müddət faydasız ümidlə çalışılırdı ki, Türkiyəyə sərhədləri açmaq üçün təzyiq göstərilsin. Xanım Klinton Bakıya gələndə agah idi ki, ABŞ-ın sərhədləri açmaq siyasəti uğursuz olub. İndi admninistrasiya Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əvvəlki siyasətə qayıdır. Anlamalıyıq ki, münaqişəni həll etmək üçün Azərbaycanla Ermənistan arasında danışıqlara diqqət yetirmək lazımdır. Bu, Qarabağla Azərbaycan, yaxud Ermənistanla Türkiyə arasında münaqişə deyil. Söhbət burada Azərbaycanın torpaqlarının işğal edilməsindən gedir.

Klintonun bu səfəri mühüm idi. Belə ki, ABŞ dövlət katibi qismində sonuncu dəfə Ceymz Beyker Azərbaycana 18 il bundan öncə gəlmişdi. Artıq bir ildir ki, ABŞ Rusiya ilə təmaslar quraraq Cənubi Qafqaza diqqət yetirmir. Bu səfər müdafiə naziri Robert Geytsin səfərinin ardınca baş verir. ABŞ Azərbaycanla münasibətlərə yenidən nəzər salmaq prosesindədir. Artıq bir ildir ki, ABŞ-ın bu ölkədə səfiri yoxdur. Azərbaycan ABŞ üçün prioritet olmayıb. Amma Geytslə Klintonun səfərləri göstərir ki, ABŞ yenidən diqqətini Azərbaycana yönəltməyə çalışır.

Sual: Müzakirələrdə demokratiya və insan haqları da mühüm yer alıb. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədə pisləşən vəziyyətə diqqət çəkiblər. Sizcə, Hillari Klintonun səfəri Azərbaycanda demokratiyanın maraqlarına xidmət etdimi?

Cavab: Zənnimcə Azərbaycana məhəl qoymamaq bu ölkənin demokratiyaya doğru irəliləməsinə kömək etmir. ABŞ Azərbaycana nə qədər çox diqqət yetirsə insan hüquqları sahəsində göstəricilər də bir o qədər yaxşı olar; siz demokratiya və media azadlığı sahəsində də proqres görə biləcəksiniz. Bu baxımdan Klintonun Azərbaycana səfəri önəmlidir. Əgər ABŞ Azərbaycana diqqət yetirirsə onda bu ölkəyə təsir imkanları daha geniş olur. Bundan əlavə, Azərbaycanın da üzləşdiyi sınaqlar var ki, bu işlərdə Vaşinqton ona yardım etməlidir. Azərbaycan Əfqanıstan hərbi qüvvə və ləvazimat daşınmasında mühüm tranzit nöqtəsidir. Abşeron yarımadasında yerləşən aerodromlar hərbi təyyarələrin yanacaqla təchiz olunmasında rol oynayır. Demək istədiyim budur ki, Azərbaycana məhəl qoymadıqda insan haqları sahəsində proqresə nail olmaq mümkün deyil.

Sual: Son aylarda ABŞ-Azərbaycan münasibətlərində müəyyən soyuqlaşma hiss edilirdi. Bəziləri bunu Türkiyə-Ermənistan yaxınlaşmasında Azərbaycan hökumətinin sərt mövqeyi, başqaları isə demokratiya sahəsindəki geriləmələrlə əlaqələndirir. Siz ABŞ-Azərbaycan münasibətlərinin gələcək təkamülünü necə görürsünüz?

Cavab: Qarşıdan gələn aylarda Azərbaycana diqqət artacaq. Necə ki, bu, Gürcüstanda baş verir. Obama administrasiyası indiyədək ifrat dərəcədə diqqətini Rusiyaya yönəldib. İndi onlar bu diqqəti Cənubi Qafqaza, Azərbaycana yönəldirlər. Bu yaxınlarda Qırğızıstanın Oş vilayətində baş qaldıran iğtişaşılar, özbəklə qarşı etnik təmizləmə Orta Asiyada ABŞ bazarlarının taleyi barədə suallara yol açıb. Manas hava bazasına çıxış Amerika üçün mühümdür. Və əgər Qırğızıstanda zorakılıqlar davam etsə və sabitsizlik artsa onda Azərbaycana diqqət artacaq. Belə bir narahatlıq var ki, ABŞ yanacaqdoldurma və təchizat məqsədləri üçün Azərbaycandan istifadə etmək məcburiyyəti qarşısında qalsın.


XS
SM
MD
LG