Accessibility links

“Qlobal Maqnitski” qanununun müəllifi “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin həmmüəllifidir


Kristofer Smit

Kristofer Smit

“Qlobal Maqnitski” adlı məlum qanunun müəllfi amerikalı konqresmen Cim Makqovern “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin həmmüəllifi olub. Bu qanun layihəsi ötən ilin sonlarında digər nüfuzlu konqresmen Kristofer Smit tərəfindən irəli sürülüb. Məlumatı Turan agentliyi yayıb.

Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı dövlət məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

“Qlobal Maqnitski” qanunu isə bütün dünyada korrupsionerlərə və insan hüquqlarını pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinin həbsini nəzərdə tutur.

Bundan öncə “Azərbaycan Demokratiya Aktı”na iki konqresmen – Luiza Loter və Co Xek qoşulub.

Qanun layihəsinin müəllifi Kristofer Smit Turan-a müsahibəsində deyib ki, o və həmkarları “çox ciddi əhval-ruhiyyədədir”.

“Biz prezident İlham Əliyevi inandırmaq istəyirik ki, ayrı-ayrı şəxslərin, jurnalistlərin və müxalifətçilərin sıxışdırılmasına yönələn siyasətin sonu pis olacaq”, o vurğulayıb.

Konqresmen qeyd edib ki, ABŞ administrasiyası siyasi məhbuslar və mətbuatın sıxışdırılması məsələsini Əliyevin qarşısında aydın və birmənalı şəkildə qaldırmalıdır.

“Azərbaycan Demokratiya Aktı” bu il ərzində Konqresdə bütün mərhələlərdə müzakirədən keçdikdən sonra qəbulu mümkündür.

Qeyd edək ki, martın sonu İlham Əliyevin nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a səfəri gözlənilir. Səfər çərçivəsində Vaşinqton nümayəndələri ilə Azərbaycan rəhbəri arasında mühüm və prinsipial danışıqların olacağı gözlənilir.

XS
SM
MD
LG