Accessibility links

Qənimət Zahid: Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib (Audio)


Qənimət Zahid: Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib (Audio)

Qənimət Zahid: Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib (Audio)

O, Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu ilin mayında övladlarının həyatına təhlükə yarandığından onları məktəbə belə buraxmayıb.

Azadlıq qəzetinin redaktoru Qənimət Zahid ailə üzvləri hədələndiyindən Fransadan sığınacaq alıb. Fransa hökuməti redaktorun həyat yoldaşının və uşaqlarının təhlükəsiz şəraitdə yaşamasına təmin verib. Bu günlərdə Bakıya qayıdan Qənimət Zahid Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu ilin mayında övladlarının həyatına təhlükə yarandığından onları məktəbə belə buraxmayıb.

Sual: Ailənizə təhlükələrlə bağlı bəyanatlar veribsiniz. Eyni zamanda ailə üzvlərinizi Fransada yerləşdiribsiniz. Bütün bunlara səbəb nədir?

Cavab: Mən bu barədə Fransaya yola düşməmişdən əvvəl və qayıtdıqdan sonra intensiv bəyanatlar vermişəm. Bir daha bildirirəm ki, hansısa naməlum qruplar hansısa naməlum mərkəzdən istiqamətləndirilərək mənim övladlarımı çox ciddi şəkildə hədələmişdilər. Təhlükə o qədər ciddi idi ki, hətta mən may ayı ərzində uşaqların məktəbə getməsini durdurmağa məcbur oldum. Bu təhlükənin birbaşa mənim fəaliyyətimlə əlaqələndirilməsi faktı var idi. Çox yaxın saydığım, güvəndiyim insanlarla məsləhətləşəndən sonra, bu addımı atdım. Hesab edirəm ki, mənim vəziyyətimdə olan hər kəs bu hərəkəti etməli idi.

Sual: Təzyiqlər konkret kimlər tərəfindən idi? Hakimiyyət tərəfindən, hakimiyyətə yaxın qruplar tərəfindən, biznes qurumları tərəfindən, yoxsa kimin tərəfindən?

Cavab: Bu quldurcasına tərzdə göstərilmiş təzyiq idi. Dərsdən çıxan uşağın qarşısını kəsib hədələmək, onların atalarına görə cəzalandırılacağını demək bir quldur tərzidir. Mən bunun konkret olaraq hansı mərkəzlərdən istiqamətləndirilməsi barədə yalnız ehtimallar irəli sürə bilərəm. Ehtimalların arasında da, daha çox o variantı gücləndirilmiş şəkildə qəbul edirəm ki, bu hadisədən təxminən bir ay öncə Azadlıq qəzetinin əməkdaşı Seymur Həzini oğurlayıb vəhşicəsinə döymüşdülər. Eyni hərəkət tərzi bir neçə il əvvəl Bahəddin Həziyevə qarşı da baş vermişdi. Onu da oğurlayıb, qəddarcasına döymüşdülər, xəsarət yetirmişdilər. Artıq, hamıya məlumdur ki, bu kimi hərəkətlər siyasi hakimiyyətin hansısa sektorundan sanksiyalaşdırılır. Mənim hansısa biznes strukturu və ya qeyri hökumət təşkilatı ilə hər hansı konfliktim yoxdur.

Sual: İndi Azərbaycana qayıdıbsınız. Həyatınız üçün təhlükə hiss edirsiniz?

Cavab: Mənə qarşı ünvanlanan təhlükələri heç zaman nəzərə almıram. Bu, mənim öz seçdiyim yoldur, özüm üçün müəyyənləşdirdiyim yolun mümkün aqibət formasıdır. Ona görə də narahat deyiləm. Amma, övladlarımla bağlı bu davranışın baş verməsini istəmirəm.

Sual: Təhlükə ilə bağlı Azərbaycanın hüquq mühafizə orqanlarına müraciət edibsinizmi? Cavabları nə olub?

Cavab: Müraciət etməyəcəm və müraciət etmək fikrim yoxdur. Hesab edirəm ki, hüquq mühafizə orqanları öz təşəbbüsləri ilə bu prosesi araşdıra bilərlər. Onu bacara bilərlər. Amma, müraciət etsəm də hansısa nəticəsinin olacağına zərrə qədər də inanmıram. Analoji hadisələrlə bağlı çoxsaylı müraciətlər olub. Amma, hüquq mühafizə orqanlarının hansısa nəticə əldə etməsi ilə bağlı ortada heç nə yoxdur.

Sual: Mətbuatdan məlumdur ki, ailənizlə bir neçə ay Türkiyədə qaldınız. Türkiyə hökuməti Sizi qəbul etmədi, yoxsa Fransaya getmək üçün Türkiyədə müraciətlər edirdiniz?

Cavab: Açığı, mənim Türkiyədə qalmaq fikrim yox idi, müraciət də etmədim. Amma, orada qaldığım müddətdə mənə məlum oldu ki, deyəsən Türkiyə hökuməti heç mühacir qəbul etmir. Özəlliklə də Azərbaycandan siyasi mühacir qəbul etmir. İki ölkə arasında hansısa diplomatik normalar və ya davranış maneraları var, mən bilmirəm. Amma, Türkiyədə ailəmi saxlamaq planım da idi.

Sual: Fransada ailənizin təhlükəsizliyi təmin edilibmi?

Cavab: Bəli, Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib.

Sual: Uşaqlarınız təhsilini davam etdirirmi? Mənzil şəraiti, sosial təminat necədir?

Cavab: Sosial şərtlər tamamilə təmin edilib.

Sual: Ümumilikdə Azadlıq qəzeti son illərdə hansı təzyiqlərlə üzləşib? Qəzetin əməkdaşları neçə dəfə təzyiqlərə məruz qalıb, həbs edilib, neçə əməkdaş ölkəni tərk edib?

Cavab: Çoxlu sayda. Ən qabarıq ştrixlərlə görünəcək hadisələr var. Məsələn, bunlar Aqil Xəlil, Fikrət Hüseynli, son zamanlar Seymur Həzi, Ramin Deko ilə bağlı hadisələrdir. Mənim və Mirzə Sakitin son illər həbsini bu sıraya aid edə bilərəm. Bunların sayı daha çoxdur. Sadəcə, ən qabarıq, ən vəhşicəsinə və ən savadsız edilənləri diqqətə çatdırdım.

Sual: İndi də qəzetə qarşı təzyiqlər qalırmı?

Cavab: Bilirsiniz, bu o demək deyil ki, ya təzyiq var, ya yoxdur. Biz indi, davamlı əzabkeş deyilik ki, elə davamlı bizi çarmıxa çəksinlər. Ən başlıca neqativ odur ki, bu təzyiqlərin hədəfi olmayacağımıza heç kimdən təminat almamışıq.

XS
SM
MD
LG