Accessibility links

İranda həbsdə olan gənc qıza yeni ittihamlar irəli sürülüb


Qönçə Qəvami

Qönçə Qəvami

5 aydır Tehranın Evin zindanında saxlanan 25 yaşlı Qönçə Qəvamiyə yeni ittihamlar irəli sürülüb.

“Media forum” saytının məlumatına görə, Tehran prokurorluğu noyabrın 18-də bəyanat yayaraq Qönçə Qəvamini xaricdəki İran müxalifəti ilə əlaqə saxlamaqda, peyklə ölkəyə verilişlər yayan xarici telekanallarla münasibətdə, sistemə qarşı toplantılara qatılmaqda və tutulandan sonra aparıldığı polis bölməsindən şəkillər çəkmədə günahlandırıb.

Prokurorluğun bəyanatında bildirilir ki, Qönçə Qəvaminin mobil telefonunda 2009-cu ildə ölkədə keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan çəkilmiş şəkillər də aşkarlanıb.

Qönçə Qəvami bundan əvvəl sistemə qarşı təbliğatda təqsirli bilinərək bir illik həbsə məhkum edilib.

Həm İran, həm də Böyük Britaniya vətəndaşı olan Qönçə Qəvami bu il iyunun 20-də Tehranın “Azadlıq” idman kompleksi qarşısında tutulub. O, İran və İtaliyanın kişi voleybol yığmaları arasında keçirilən oyunu izləmək istəyirmiş.

İranda qadınların stadionlara və digər idman komplekslərinə daxil olması qadağandır.

XS
SM
MD
LG