Accessibility links

"Azərbaycanda qoyun əti Ermənistandakından 3 dəfə bahadır"


Kənd təsərrüfatı naziri Heydər Əsədov son zamanlar bəzi kənd təsərrüfatı məhsullarının bahalaşmasına münasibət bildirərək deyib ki, devalvasiyanı nəzərə alanda qiymətlər çox qalxmayib. O deyib ki, ətin kilosu devalvasiyadan qabaq 7-8 manat idi. Həmin 7-8 manat 9-10 dollara bərabər idi. Bu gün isə ətin qiyməti 10-12 manat arasındadır. Bu da indiki məzənnə ilə 7-8 dollar edir.

Yeri gəlmişkən, ətin qiyməti dollarla düşüb ya qalxıb, bundan əti manatla alan alıcıya bir isti-soyuğu varmı?

Ümumiyyətlə, “qiymətlər sabit qalmalıdır” fikri ilə də nazir razı deyil.

Niyə kənd təsərrüfatı məhsullarının qiymətini devalvasiya ilə müqayisə edirlər? Azərbaycan əti, yağı xaricdən dollarla və ya avro iləmi alıb gətirir?

Heydər Əsədov onu da bildirir ki, kartof kimi bəzi məhsullar isə ucuzlaşıb, bundan nədənsə danışan yoxdur.

Nazirin izahı doğrudurmu? Niyə kənd təsərrüfatı məhsullarının qiymətini devalvasiya ilə müqayisə edirlər? Azərbaycan əti, yağı xaricdən dollarla və ya avro iləmi alıb gətirir? Ola bilər ki, toxumlar xaricdən gətirilir, bu da məhsulun maya dəyərində özünü göstərə bilər. Ancaq nə qədər?

Kənd təsərrüfatı məhsulları Azərbaycan kimi aqrar potensiallı ölkədə niyə bahalanır?

Vahid Məhərrəmov yaxın qonşuları misal çəkərək bildirir ki, həmin ölkələrdə kənd təsərrüfatı məhsullarını özləri istehsal etdikləri üçün həmin məhsulların qiymətində enmə müşahidə olunur.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatı naziri bu sahənin mütəxəssisi olmadığı üçün həmin sahədə baş verənlərdən xəbərsizdir. Ekspert yaxın qonşuları misal çəkərək bildirir ki, həmin ölkələrdə kənd təsərrüfatı məhsullarını özləri istehsal etdikləri üçün həmin məhsulların qiymətində enmə müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycanda həmin sahənin idarəçilərinin peşəkar olmamasından irəli gəlir ki, məhsul uyğun şəkildə istehsal edilmir və qiymətlər qalxır. Vahid Məhərrəmov bildirir ki, hazırda Azərbaycanda qoyun ətinin qiyməti Ermənistandakından 3 dəfə, Gürcüstandan isə 2 dəfə bahadır.

Azərbaycanda əksər ailə büdcələri lazımi miqdarda ət-yağ almaq üçün bəs etmir.
Azərbaycanda əksər ailə büdcələri lazımi miqdarda ət-yağ almaq üçün bəs etmir.

Ekspert onu da vurğulayır ki, bahalaşmanın bir səbəbi də əksər məhsulların ölkəyə idxal olunmasındadır. Vahid Məhərrəmov deyir ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə özünü təmin edə bilsəydi bahalaşmanın qarşısını almaq olardı. Onun sözlərinə görə, nazirin açıqlaması onu göstərir ki, onlar istehsalın artımında deyil, idxalın artımında maraqlıdır. Bunun da inhisar kimi səbəbləri var.

Qadir İbrahimli bahalaşmaya əsas səbəb kimi monopoliyaları görür.

İqtisadçı ekspert Qadir İbrahimli də kənd təsərrüfatı nazirinin açıqlamasını məntiqəuyğun hesab etmir. Onun sözlərinə görə, həmin açıqlama bir daha göstərir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları idxaldan asılı durumdadır. Ekspert bahalaşmaya əsas səbəb kimi monopoliyaları görür. Qadir İbrahimli deyir ki, məhsulu ölkəyə gətirən inhisarçılar onun qiymətini istədiyi səviyyəyə qaldırmağa meyilli olurlar. Ekspert başqa bir məsələni də önə çəkir. Onun sözlərinə görə, bu həm də o deməkdir ki, hər il ərzaq təhlükəsizliyi üçün büdcədən ayrılan milyonlarla vəsait səmərəsiz sərf olunub, həmin proqram yerinə yetirilməyib.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan insanların digər xərcləri də olduğu üçün ölkədəki inflyasiya və bahalaşmalar onlara da təsir edir və onlardan qiyməti sabit saxlamağı tələb etmək doğru deyil. Ekspert deyir ki, bəzi məhsulların qiymətinin artması isə birbaşa hökumətin səhv addımlarının nəticəsidir.

XS
SM
MD
LG