Accessibility links

Qərb İranla bağlı siyasətini dəyişməyəcək


Qərb İranla bağlı siyasətini dəyişməyəcək
Qərb İranla bağlı siyasətini dəyişməyəcək

Sual-İran prezidentinin BMT-dəki çıxışı birmənalı qarşılanmayıb. Bu çıxış reallığı əks etdirirmi?

Cavab-İran prezidenti Mahmud Əhmədinejad ənənəvi çıxışını etdi. O, hər zaman BMT sessiyalarından təbliğat üçün istifadə edir. Bu dəfə də 11 sentyabr hadisəsinin güya ABŞ-ın özünün törətdiyinə dair müəyyən mülahizələr irəli sürdü. Yeni bir şey yenə də söyləmədi. Amerika televiziyalarına müsahibələrində də Amerikanı tənqid etdi. Lakin İran ətrafında dairə getdikcə daha da qapanır. Artiq Rusiya prezidenti S-300 raketinin satışını rəsmən qadağa etdiyini açıqladı. Rusiya İrana bundan sonra heç bir hərbi gəmi və ya təyyarə satmayacaq. Rusiya İranla uzun illər dost və müttəfiq ölkələr olub. Bu gün İran Rusiya ilə əlaqələrini itirir və yeganə Çinlə əlaqə saxlayır. Əslində İranın Çini də itirmək təhlükəsi var.

Sual-Bu çıxışdan sonra İrana qarşı münasibətlər sistemində bir yenilik olacaqmı?

Cavab-Düşünmürəm Qərbin İrana dair siyasəti dəyişsin. Başda ABŞ olmaqla Avropa İttifaqı İrana qarşı daha sərt sanksiyalar tətbiq edib. BMT səviyyəsində də sanksiyalar mövcuddur. ABŞ və Avropa İttifaqına üzv dövlətlər də İrana qarşı təktərəfli sanksiyalar tətbiq edirlər. Əgər İran BMT sanksiyalarına qarşı müqavimət göstərirdisə, birtərəfli sanksiyalar İrana qarşı artıq mənfi təsir etməyə başlayıb. Və artiq İran rejimi üçün müqavimət göstərmək çətinləşib. Bu sanksiyalardan sonra daxildə iqtisadi vəziyyət ağırlaşır. İran fabrik və zavodları üçün Avropadan gərəkli mallar da ala bilmir. Çin İranla enerji layihələrində iqtisadi əməkdaşlıq edir. Lakin Çinin daha böyük layihələri Qərblə, ABŞ-ladır. ABŞ Çinlə məsləhətləşmələri genişlədirsə, düşünürəm ki, gələcəkdə Çin də İrana qarşı Rusiyaya yaxın bir mövqe nümayiş etdirə bilər.

Sual-Belə bir gərgin siyasi dövirdə İran prezidentinin Azərbaycana səfəri gözlənilir. Buna münasibətiniz necədir?

Cavab-İran prezidentinin Azərbaycana səfəri heç nə ifadə etmir. Azərbaycanla İran arasında münasibətlər dost və qonşu münasibətləri adlandırılsa da, problemlər həddindən artıq çoxdur. Ona görə ki, İran sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. İran rəsmiləri Dağlıq Qarabağ məsələsində güya dəfələrlə Azərbaycanı dəstəklədiyini söyləyib. Lakin faktiki olaraq, İran Ermənistanla çox sıx əlaqələr qurub. Məsələn, Rusiyada quraqlıq və yanğınlar səbəbindən Moskva xarici dövlətlərə, o cümlədən Ermənistana taxıl ixrac edə bilməyəcəyini bəyan etdi. Bundan sonra dərhal İran hərəkətə keçərək Ermənistana taxıl ixrac edəcəyini açıqladı. Ermənistanın prezidenti, baş naziri və xarici işlər naziri, habelə Ermənistanın sabiq prezidenti Robert Koçaryan İranda çox hörmətli qonaqlardır. Bir çox prezident və dini liderlər səviyyəsində görüşlər keçirilir. İran işğalçı Ermənistan ölkəsini çox fəal şəkildə müdafiə edir. Bu yaxınlarda Tehranda Azərbaycan perspektivləri adında bir konfrans oldu. Həmin konfransa Azərbaycandan bir çox şəxs dəvət olunmuşdu. Orada İranın parlament məsələləri üzrə vitse- prezidenti açıq şəkildə ifadə etdi ki, Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın işğalçı siyasətini pisləyir. Bu açıqlama Azərbaycanda böyük bir ajiotaj yaratdı və manşetlərdə yer aldı. Ona görə ki, biz İran rəsmilərindən dəstəklə əlaqədar bu qədər açıq bəyanat eşitmirik. Lakin bir neçə gün sonra İranın Ermənistandakı səfirliyinin əməkdaşı vitse-prezidentinin sözlərinin kontekstdən çıxdığını və onun belə bir söz demədiyini bildirib. Bu isə o deməkdir ki, sözdə bir cür ifadələr işlədilir, əməldə isə başqa cür siyasət yürüdülür.

Azərbaycanın münasibətini necə qiymətləndirirsiniz? İranın Azərbaycana münasibəti kontekstində, Azərbaycanın İrana münasibətini necə qiymətləndirirsiniz?

Mənə elə gəlir ki, Azərbaycanın hakimiyyət rəsmiləri İranla dostluq və qonşuluq siyasətindən danışsalar da, rəsmi Bakı İranın siyasətindən son dərəcə ehtiyat edir. İranın Ermənistan siyasəti, Dağlıq Qarabağ həllinə yönəliş siyasəti, Azərbaycana qarşı qurduğu təbliğat siyasəti, məsələn, bizim cənub bölgələrimizdə yayımlanan Səhər proqramı açıq-aşkar Azərbaycan əleyhinə təbliğat aparır. Və dəflərlə xəbərdarlığ edilməsinə baxmayaraq, rəsmi Tehran bu kanalın siyasətini dəyişmə istiqamətində heç bir iş görmür. Rəsmi Bakı bunu başa düşür, lakin İran böyük dövlət olduğundan, İranla münsabitələrdə problemlər yaşamaq istənilmədiyindən İran-Azərbaycan münasibətləri dost və qonşuluq münasibətləri adlanır. Bir məsələni də qeyd etmək istəyirəm.İran Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi viza rejimini aradan qaldırıb. İndi İran Azərbaycan tərəfindən də eyni addımın atılmasını umur. Lakin rəsmi Bakı tələsmir, ona görə ki, İrandan ehtiyat edir.

XS
SM
MD
LG