Accessibility links

O bildirib ki, Azərbaycan və Qırğız separatizmə qarşı, ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı uğrunda birgə mübarizə edir.

Azərbaycan və Qırğız bir-birini dəstəkləyir, beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir. Demək olar ki, bütün məsələlərdə iki ölkənin fikirləri üst-üstə düşür. Bu barədə Qırğız prezidenti Almazbek Atambayev Azərbaycan Milli Məclisində deputatlar qarşısında çıxışında bildirib.
“Biz separatizmə qarşı, ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı uğrunda mübarizə edirik. Prezident İlham Əliyevlə geniş spektr məsələləri müzakirə etdik”, - deyə o qeyd edib.
Prezident deyib ki, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün müqavilə-hüquqi bazanın inventarizasiyası həyata keçirilməlidir. Bütün sənədlər 90-cı illərdə imzalanıb, buna görə bu gün bu bazanın yenilənməsinə ehtiyac var.
”Biz eyni mədəni və dini köklərə malikik, “Manas” və “Dədə Qorqud” eposlarımız buna dəlalət edir. Bizə həmişə təzyiq göstəriblər və sındırmağa çalışıblar, amma biz heç vaxt diz üstə çökməyəcəyik və qul olmayacağıq. Bizim atalarımız və dədələrimiz əsrlər boyunca türkçülüyə sadiqliyi yaşadıblar”, - deyə Almazbek Atambayev bildirib.
Onun sözlərinə görə, repressiya illərində 10 minə yaxın azərbaycanlı Azərbaycandan Qırğızıstana deportasiya olunub və orada ikinci vətənlərini tapıb.
Prezident xatırladıb ki, bu il Bişkekdə türk ölkələri Parlament Assambleyasının növbəti iclası, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammiti keçiriləcək. “Türkdilli dövlətlər güclü olmalıdır. Tarix bizə türk birliyini möhkəmləndirmək üçün daha bir şans verir”, - deyə cənab Atambayev bildirib.
“20 il əvvəl biz müstəqillik əldə etdik, lakin indiyədək fiziki və texniki cəhətdən güclü dövlətlərdən asılıyıq, hər il enerji daşıyıcılarının idxalında çətinliklər yaşayırıq”, - deyə Qırğızıstan prezidenti qeyd edib.

Xatırladaq ki, Qırğız prezidenti Azərbaycanda rəsmi səfərdədir. O bu gün prezident İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Görüşlərin yekunu olaraq iki dövlət arasında 6 sənəd imzalanıb

XS
SM
MD
LG