Accessibility links

“Quba işi” üzrə ikisi jurnalist olmaqla ondan çox adam həbsdədir.

Quba hadisələri ilə əlaqədar həbs edilmiş “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevin içində hər hansı yenilik yoxdur. Jurnalistlər sonuncu dəfə aprelin əvvəlində dindirilib və bundan sonra onlara qarşı hər hansı istintaq hərəkəti aparılmayıb. Bu barədə Amerikanın Səsi radiosuna vəkil Rəşid Hacılı bildirib.

V.Qonaqov və Z.Quliyev Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirli bilinib. Hər iki jurnalist martın 13-də Qubada saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həbsə səbəb kimi Quba rayon İcra Hakimiyyəti başçısının çıxışının təhqir motivi olan hissəsinin sosial şəbəkələrdə yerləşdirilməsi göstərilir. Belə ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun www.youtube.com saytında yerli əhalini təhqir edən fikirləri yer almış videogörüntü yerləşdirildikdən sonra minlərlə adam etiraz olaraq dinc aksiya keçirib. Aksiya sonradan qarşıdurma ilə müşayiət olunub. İnsanlar icra hakimiyyətinin binasının şüşələrini sındırıb, Rauf Həbibovun villasını yandırıb. Bundan sonra, daxili qoşun və polis qüvvələri ilə yerli əhali arasında qarşıdurma olub. Əhali yalnız R.Həbibov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sakitləşib. Hadisələrdən sonra ondan çox insan həbs edilib.
İyunun əvvəllərində Quba rayonunun keçmiş icra başçısı R. Həbibov da istintaq tərəfindən şahid qismində dindirilib.

XS
SM
MD
LG