Accessibility links

Dünən Azərbaycanın Quba şəhərində minlərlə insan küçələrə çıxaraq İcra Hakimiyyətinin başçısının istefasına çağırıb. Rauf Hebibovun onları təhqir etdiyini düşünən sakinlərin tələbləri yerinə yetirilib. Belə ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayaraq onu vəzifəsindən azad edib. Quba rayon prokurorluğunda isə fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

(Bu video Amerikanın səsinin YouTube kanalına da yüklənib. Videonu məqalənin sonunda izləyə bilərsiniz)

Noyabr ayının 22-də sosial məsələlərə dair müşavirədə çıxış edən zaman Quba rayonu İcra Hakimiyyətinin başçısı Rauf Həbibov ağlından belə keçirməzdi ki, təxminən 3 ay sonra bu nitq ona baha başa gələcək. Mart ayının 1-i Quba şəhərinin minlərlə sakini Rauf Həbibovun sözügedən çıxışı zamanı qubalıları təhqir etdiyini iddia edərək İcra Hakimiyyətinin binası qarşısına toplaşıb. Başçının və hətta Bakıdan regiona gözlənilməz səfər etmiş nəqliyyat naziri Ziya Məmmədovun xalqdan üzr istəməsinə baxmayaraq, xalq tələbində israrlı idi: “Rauf Həbibov vəzifəsindən azad edilməlidir!”

Qəzəbi soyumayan xalq Rauf Əliyevin bir neçə iqamətgahına hücum edib. Hadisə yerində olan əməkdaşımız Tapdıq Fərhadoğlu sakinlərin bununla kifayətlənmədiyini bildirib: “Bura, Quba rayon icra başçısının evidir, onun yemək otağıdır. Buranı yandırıblar. Qarşıda gördüyünüz də icra başçısının evidir. Bu gün yerli sakinlər bu evi də yandırıblar.”
Əməkdaşımız bildirir ki, şəhərdə iğtişaşın qarşısını almaq üçün Daxili Qoşunların xüsusi təyinatlı qüvvələri yerləşdirilib.
Nəhayət, Quba rayonunun millət vəkili Vahid Əhmədovun xalqla hökumət arasında vasitəçilik səyləri nəticə verib. Millət vəkili icra başçısının istefasının razılaşdırıldığını, həbs edilən etirazçıların azadlığa buraxıldığını bildirib və narazı kütləni evlərinə dağılmağa çağırıb.

Hadisələri yaxından izləyən əməkdaşımız iğtişaşlarda əsasən 20-35 yaşlarında olan gənclərin iştirak etdiyini bildirib.

Qubada hadisələrin qızğın vaxtında gənc blogger Emin Milli facebook vasitəsilə Azərbaycanın bütün regionlarını qubalılara dəstək mitinqləri keçirməyə çağırıb. Amerikanın səsinə açıqlamasında çağırışını təsdiq edən blogger deyib ki, qubalılar tək olmadıqlarını bilməlidirlər: "Biz onları tək qoya bilmərik. Qubanın icra başçısı bu hakimiyyətin simvolu olduğu üçün bu, hakimiyyətə sadəcə ilk mesaj idi. Bu son deyil, bu başlanğıcdır".

Nəzərinizə çatdıraq ki, qubalılar icra başçısının çıxışı barədə məlumatı da sosial şəbəkələrdən, xüsusilə Youtube-dan əldə etmişdi. Orada iğtişaşlar davam edən zaman hadisə yerindən çəkilmiş videoların çoxu da qubalılar tərəfində sosial şəbəkələrə yerləşdirilirdi.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz telefonla Amerikanın səsinə verdiyi müsahibədə bunu son iki-üç ildə internet qiymətləri sahəsində aparılan ciddi islahatlarla əlaqələndirir. Ancaq onun fikrincə hələ regionlarda internet istifadəçiləri şəhər-rayon mərkəzlərində müəyyən kontingenti əhatə edir: “Hələlik rayon mərkəzlərində bəlli bir təbəqə, kontingent formalaşıb. Bu min, iki min, beş min nəfər ola bilər. Yəni məhdud bəlli bir təbəqədir”.

Dünən bəzi mətbuat orqanları Quba regionunda internetin kəsildiyini bildirmişdi. Osman Gündüz isə belə bir hadisənin baş vermədiyini deyir. Ancaq onun sözlərinə görə, texniki baxımdan bunu çox asanlıqla həyata keçirmək olar: "Baxmayaraq ki, bu, düzgün olmazdı və beynəlxalq normalara, qanunvericiliyə ziddir, ancaq əgər hökumətin belə bir istəyi olsa, bunu texniki cəhətdən reallaşdırmaq bir saniyənin işidir. Yəni, Delta Telekom şirkətinə göstəriş verəcəklər ki, Azərbaycanın internetini bağla!".

Qubalılar İcra başçısının vəzifəsindən azad olunması xəbərini sevinclə qarşılayırdı.

Vaşinqtonda səfərdə olan tanınmış tarixçi, Ziyalılar Forumunun həm təsisçisi Cəmil Həsənli Amerikanın səsinə açıqlamasında icra başçısının işdən azad edilməsinin qaçılmaz olduğunu bildirib: “Quba Azərbaycan cəmiyyətinin kiçik bir modeli idi. Partlayış orada baş verdi. O adamlara qarşı repressiv hücumlar tətbiq etməkdənsə, real vəziyyəti öyrənmək lazımdır”.

Cəmil Həsənlinin sözlərinə görə, hökumətdəkilər elə bilir ki, avtoritar üsullarla cəmiyyəti özlərinə tabe edə biləcəklər: “Bismarkin bir sözü var idi. Deyirdi “Süngü ilə hakimiyyəti ələ almaq olar, amma süngünün üstündə uzun müddət oturmaq olmaz”.”

Ziyalılar Forumunun həmtəsisçisi deyir ki, Quba üsyanının digər regionlarda baş verməməsi üçün real islahatlar həyata keçirilməlidir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG