Accessibility links

Dövlət rəsmisi keçmiş icra hakimiyyəti başçısının günahını isə baş verənlərə dərhal reaksiya verməmək olduğunu düşünür. “Əgər günahı olmasaydı, niyə vəzifədən çıxarılırdı?”

İyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbsdə olan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay - sentyabrın 17-dək uzadıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsi radiosuna bildirib ki,
iyulun 18-də Bakı Apelyasiya Məhkəməsində jurnalistlərin aşağı instansiya məhkəmənin həbs qərarından şikayətini təmin etməyib. Hakim Mirpaşa Hüseynov Vüqar Qonaqovun və Zaur Quliyevin barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
2012-ci il martın 1-də Qubada (Bakıdan 170 kilometr şimalda) qarşıdurma baş verib. Qubada etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsi səbəb olub. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı vətəndaşlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Etirazçılar polis qüvvələrinə daş, asfalt parçaları və kəsəklərlə hücum çəkib. Polis isə gözyaşardıcı qazdan istifadə edib.
Deputat Vahid Əhmədovun vasitəçiliyi nəticəsində etirazlar səngiyib və icra başçısının vəzifədən azad edilməsi adamların evlərinə dağılmasına səbəb olub. Hadisələr zamanı saxlanan 22 nəfər həmin gün azadlığa buraxılıb.
Bundan sonra fakt üzrə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) , 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib. Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib və həbslər başlayıb. Həbs olunanlar arasında “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev də var.
Vəkil Elçin Sadıqov ehtimal edir ki, istintaq artıq başa çatmaq üzrədir. Quba hadisələri üzrə cinayət işinin üç qisimdə məhkəməyə göndəriləcəyi gözlənilir. Belə ki, jurnalistlərin işi, Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi üzrə həbs edilənlərin işi və Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə həbs edilənlərin işi ayrılıqda məhkəməyə göndəriləcək.
Vəkil ehtimal edir ki, jurnalistlərin işi avqust ayında məhkəmə baxışına göndərilə bilər.
Həbs edilənlərin vəkilləri ilə söhbətlərdən sonra təxmin etmək olur ki, hazırda Quba hadisələri ilə bağlı 40-dək adam həbsdədir. Son həbslər təxminən bir ay bundan qabaq olub. İki Quba sakini sabiq icra hakimiyyəti başçısı Rauf Həbibovun təhqiramiz çıxışını sosial şəbəkələrdə yaymaqda ittiham edilib.
Yerli mətbuatın yazdığına görə, sabiq icra başçısı yalnız bir dəfə istintaqa çağırılaraq şahid qismində 4 saat dindirilib.
Bununla yanaşı, yerli təhlilçilər Qubada baş verən hadisələri daha çox məmur özbaşınalığı ilə bağlı olduğunu bildirib. Ekspertlər istintaq orqanlarının icra hakimiyyəti başçısının qısa müddətdə böyük məbləğdə mülkiyyəti necə əldə etməsinin araşdırılmasına ehtiyac olduğunu xatırladıb.
Siyasi hakimiyyət isə Quba hadisələrinin süni şəkildə qızışdırmanın nəticəsi olduğunu düşünür. Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Media Forum saytına müsahibəsində bildirib ki, Qubada baş verənlər süni şəkildə qızışdırılmış hadisələr idi. “Bunu rayon icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi. Hazırda araşdırma gedir və bunu təşkil edənlərdən bəziləri məlumdur. Məlum olmayanlar da araşdırılır. Onlar müəyyən geniş qrupları da cəlb etmək üçün fəaliyyət göstəriblər, bu istiqamətdə addımlar atıblar. Bu məsələlər hazırda araşdırılır. Nə qədər ki, araşdırma başa çatmayıb, buna ciddi qiymət vermək istəmirəm. Çünki verilən hər bir qiymət araşdırmaya və məhkəmə prosesinə təsir edə bilər.
Amma istənilən halda bu, Quba camaatının geniş ictimai narazılığı deyildi. Buna baxmayaraq müxalifət bunu məhz belə təqdim etməyə cəhd göstərdi. Guya insanların hakimiyyətə qarşı üsyanıdır. Əslində isə qətiyyən belə deyildi. Bu konkret olaraq rayon icra hakimiyyəti başçısına qarşı məqsədyönlü şəkildə təşkil olunmuş aksiya idi. Təəssüflər olsun ki, icra başçısı da ona qarşı təşkil olunmuş aksiyaya müəyyən qədər əsas vermişdi”.
Dövlət rəsmisi keçmiş icra hakimiyyəti başçısının günahını isə baş verənlərə dərhal reaksiya verməmək olduğunu düşünür. “Əgər günahı olmasaydı, niyə vəzifədən çıxarılırdı? O, bir icra başçısı olaraq bu tipli aksiyanın təşkil olunmasına rəvac verməməliydi. O, çıxışlarının elə formada təhrif olunmasına imkan verməməliydi. Əgər təhrif olunmuşdusa, bunu dərhal araşdırıb tədbir görməliydi. İcra başçısı vaxtında bunun qarşısını ala bilməmişdi. Ona görə də vəzifəsini itirdi. Görünən odur ki, faktiki olaraq bu hadisələr subyektiv amillər nəticəsində törədilib”.
Cənab Həsənov bir daha təkrarlayıb ki, Quba hadisələri nə xalqın hakimiyyətə qarşı etirazı, nə də hakimiyyətdaxili qruplaşmaların mübarizəsi olmayıb. “Qubada baş verənlər mərkəzi hakimiyyətə qarşı yönəlməmişdi. Bu konkret olaraq bir-iki adamın yerli icra hakimiyyətinə qarşı təşkil etdiyi aksiya idi. Onlar aksiyaya geniş əhali kütlələrini qatmağa cəhd göstərmişdilər. Amma bacarmadılar. Düzdür, ora bir qrup insan toplaya bilmişdilər. Ora toplananlar geniş əhali kütləsi sayıla bilməz. Geniş əhali kütləsi o halda olur ki, baş verənlər nəzarətdən çıxmış prosesə çevrilir”.
Cənab Həsənovun Quba hadisələrinə münasibətinin özündə də ziddiyyətlər var. Belə ki, o əvvəl həm “bunu icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi”, “bunu təşkil edənlərdən bəziləri məlumdur” deyir. Sonra isə, “xalqın hakimiyyətə qarşı etirazı, hakimiyyətdaxili qruplaşmaların mübarizəsi” olmadığını bildirir. Məmurun çıxışındakı ziddiyyətlər də hadisənin kökündə daha ciddi amillərin durduğundan xəbər verir.
Müxalifətin mövqeyinə görə isə Qubada hadisələr korrupsiya, məmur özbaşınalığı, hökumətin xalqa qarşı pis rəftarı və bir çox hallarda hakmiyyətdaxili qruplaşmalar arasındakı qarşıdurmanın nəticəsində baş verib.
Bununla yanaşı, Quba hadisələrinə məhkəmədə Azərbaycan siyasi hakimiyyətindən fərli münasibətin ortaya çıxacağı inandırıcı görünmür. Çox yəqin ki, hadisələrin hüquqi qiyməti siyasi münasibətdən irəli getməyəcək.
XS
SM
MD
LG