Accessibility links

Bu, Quba hadisələri üzrə ikinci məhkəmə prosesidir. Bu il martın 1-də rayon icra başçısının təhqiredici ifadələrindən qəzəblənən minlərlə sakin etiraz aksiyası keçirib. Aksiya iğtişaşa çevrilib, icra başçısının villası yandırılıb.

Quba rayon məhkəməsində Etibar Quliyevin sədrliyi ilə Quba şəhərində 1 mart 2012-ci il iğtişaşları ilə əlaqədar təqsirləndirilən 9 nəfərdən ibarət qrupun cinayət işi üzrə dinləmələr keçirilib.

Müttəhimlər kürsüsündə yerli sakinlər Tapdıq Qəribov, Səxavət Faizi, Xəyyam Yunusov, Niyaməddin Ələsgərov, Rəşad İlyasov, Elgün Məhərrəmov, Bəhruz Qəribov, Ələkbər Nəcəfi və Rafiq Mürşüdov əyləşib.Xəyyam Yunusov və Ələkbər Nəcəfi həbsdədir, digərlərindən isə şəhəri tərk etməmək haqqında iltizamnamə alınıb.

Təqsirləndirilən şəxslər CM-in 186.2.1 (başqasının əmlakına böyük məbləğdə ziyan vurma və ya məhv etmə), 186.2.2 (başqasının əmlakını yandırma yolu ilə məhv etmə ağır nəticələrə səbəb olduqda), 233 (ictimai asayişin pozulmasını təşkil etmə və ya ictimai asayişin pozulmasında iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin regional nümayəndəsi Avtandil Məmmədlinin Turan-a verdiyi məlumata görə, Yunusov özünü yalnız 233-cü maddə ilə təqsirli bilib. O, Rauf Həbibovun yerli əhalinin ünvanına səsləndirdiyi təhqiredici ifadələrlə bağlı aksiyada iştirak etdiyini qeyd edib.

Digər müttəhimlər ittihamları qəbul etməyiblər. Onların bir qismi Həbibovun villasında olduqlarını, lakin villanın yandırılmasında iştirak etmədiklərini bildiriblər.
16 zərərçəkmiş polisin də ifadələri alınıb. Polislər nümayişçilərin onlara daş atdıqlarını iddia ediblər, bu daşlar onların hamısının sol ayağına dəyib. Proses sentyabrın 13-də davam edəcək.

Qeyd edək ki, bu, Quba hadisələri üzrə ikinci məhkəmə prosesidir. Bu il martın 1-də rayon icra başçısının təhqiredici ifadələrindən qəzəblənən minlərlə sakin etiraz aksiyası keçirərək, onun istefasını tələb ediblər. Aksiya iğtişaşlara çevrilib, icra başçısının villası və rayon administrasiyasının bir hissəsi yandırılıb.
XS
SM
MD
LG