Accessibility links

Qubad İbadoğlu: Təsəvvür edin, yol sektoruna 2 milyard, kənd təsərrüfatına 12,2 milyon manat investisiya ayrılıb (Audio)


Qubad İbadoğlu: Təsəvvür edin, yol sektoruna 2 milyard, kənd təsərrüfatına 12,2 milyon manat investisiya ayrılıb (Audio)

Qubad İbadoğlu: Təsəvvür edin, yol sektoruna 2 milyard, kənd təsərrüfatına 12,2 milyon manat investisiya ayrılıb (Audio)

2012-ci il dövlət büdcəsinin gəlirləri 16 438 000,0 min manat, xərcləri 17 072 000,0 min manat məbləğində təsdiq edilib.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsi radiosuna müsahibəsində 2012-ci il dövlət büdcəsinin formalaşmasında neft sektorunun çəkisinin böyük olduğunu bildirib. Onun sözlərinə görə, qeyri-neft sektorunun gəlirlər büdcənin cari xərcləri ilə müqayisədə belə çox azdır. Yeni büdcədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli artım yoxdur.

Xatırladaq ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 438 000,0 min manat, xərcləri 17 072 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 938 610,5 min manat, yerli gəlirləri 499 389,5 min manat və mərkəzləşdirilmiş xərcləri 15 779 160,0 min manat, yerli xərcləri 1 292 840,0 min manat) məbləğində təsdiq edilib.

Sual: Azərbaycan prezidenti 2012-ci ilin dövlət büdcəsini təsdiq edib. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilin dövlət büdcəsindən nə ilə fərqlənir?

Cavab: Əslində ciddi fərq yoxdur. Ölkədə iqtisadi siyasət və onun prioritetləri dəyişməyincə dövlət büdcəsində ciddi dəyişikliklər gözləməyə dəyməz. Yenə də dövlət büdcəsi neft gəlirləri hesabına formalaşmaqda davam edir və neft gəlirləri dominat rol oynayır. Bu, eyni zamanda büdcəyə digər sektorlardan vəsait daxil olma imkanlarını məhdudlaşdırır. Xərclər hissəsinə gələndə, yenə də dövlət büdcəsindən daha çox investisiyalara vəsait ayrılır və bütövlükdə götürüldükdə əsaslı kapital qoyuluşuna əvvəlki illərlə müqayisədə daha çox vəsaitin ayrılması nəzərdə tutulub. Təəssüflər olsun ki, büdcənin qeyri-neft sektorundan daxil olan gəlirləri, onun cari xərclərini ödəmək imkanlarına malik deyil. Təsdiq olunmuş büdcəyə görə, dövlət büdcəsinin cari xərcləri 8,8 milyard manatdır, qeyri-neft sektorundan daxil olmalar isə 4,5 milyard manat ətrafındadır. Bu halda neft gəlirləri olmadan büdcənin ən zəruri xərclərini belə ödəmək iqtidarında deyilik.

Sual: Hökumət dövlət büdcəsini sosial yönümlü adlandırıb. Sizcə, dövlət büdcəsi sosial yönümlüdürmü? Büdcədə sosial xərclər nə qədər artıb?

Cavab: Sosial xərclərdə artım səviyyəsi investisiya xərclərinin artım səviyyəsindən geri qalır. Büdcənin təxminən 2,5 milyard manatının əməyin ödənilməsinə yönəldilməsi gözlənilir. Bu isə bütövlükdə dövlət büdcəsində 15 faiz deməkdir. Büdcə xərcləmələrində tikintiyə və digər investisiya istiqamətlərinə vəsait ayırmaları daha çoxdur. Nəzərə alsaq ki, 2011-ci ilin dekabrında Azərbaycan hökuməti əmək haqlarını cüzi də olsa artırdı və bu səbəbdən 1012-ci ilin dövlət büdcəsində əmək haqlarının artımı üçün ciddi mənbə görsənmir. Düşünürəm ki, ilin birinci yarısında sosial xərclərdə ciddi dəyişiklik olmayacaq və əmək haqlarının, müavinətlərin, pensiyaların artırılacağı gözlənilmir.

Sual: Büdcədə korrupsiya hallarına meyllik nə qədərdir? Bu mümkündürmü?

Cavab: Mümkündür. Çünki, büdcə xərcləmələrində investisiyanın aparıcı rol oynaması, investisiya layihələrinin şişirdilməsi, bu istiqamətdə hökumətdə hesabatlılıq və şəffaflıq səviyyəsinin aşağı olması deməyə əsas verir ki, investisiya yönümlü xərcləmələrdə korrupsiya imkanları genişdir. Korrupsiya hallarının ildən-ilə artması eyni zamanda, investisiya büdcəsinin genişlənməsi ilə də izah oluna bilər. 2012-ci ilin dövlət büdcəsindən həm büdcə vəsaitləri, həm də kreditlər hesabına investisiyalar üçün təxminən 8 milyarddan bir qədər çox vəsait ayrılıb. Bu vəsaitin xərclənməsində daha çox korrupsiya imkanları var. Çünki, dövlət maliyyə nəzarəti zəifdir, şəffaflıq yoxdur.

Sual: Büdcədə qeyri-neft sektorunun inkişafı ilə bağlı hansı yeniliklər nəzərdə tutulub? Qeyri-neft sektorunun inkişafı hansı vəziyyətdədir?

Cavab: Büdcədən də aydın görünür ki, qeyri-neft sektorunun inkişafı zəifdir və bu istiqamətdə büdcə vəsaitlərinin ayrılmasında dövlət yenə də xəsislik edib. İki göstərici ilə fikrimi izah etmək istəyirəm. Azərbaycan dövlət büdcəsinin investisiya xərcləmələrində ayrılmış vəsaitin 2 milyard manatı Nəqliyyat nazirliyinin xətti ilə birbaşa yol infrastrukturunun yenilənməsinə yönəldiləcək. Amma, bu gün əhalinin 38 faizi çalışan kənd təsərrüfatında investisiya məqsədli xərclər cəmi 12,2 milyon manatdır. Təsəvvür edin, 2 milyard yol sektoruna, 12,2 milyon manat isə kənd təsərrüfatına vəsait ayrılıb.

Sual: Kasıb insanlar, yəni ölkədə bir milyon yarımadək insan minimum əmək haqqı səviyyəsində vəsait alır. Bununla yanaşı, bahalı yollar, parklar və klublar tikilir. Bu əksliyi aradan qaldırmaq üçün hökumət nə etməlidir?

Cavab: Hesab etmirəm ki, hökumət büdcə vəsaitlərinin böyük hissəsini sosial xərclərə yönəltməlidir, maaşları qaldırmalıdır. Hökumət qeyri-dövlət sektorunda, özəl sektorda işgüzar fəaliyyəti, eyni zamanda təşəbbüsləri stimullaşdırmaq istiqamətində siyasətini dəyişməlidir. İqtisadiyyatın liberallaşdırılması, dövlət büdcə vəsaitlərinin idarə edilməsinin mərkəzsizləşdirilməsi prosesinə start verməlidir. Büdcə vəsaitlərinin mərkəzləşdirilmiş şəkildə xərclənməsi, eyni zamanda xərclərin son təyinatının təxminən 60 faizini icra hakimiyyətlərinin həll etməsi, onu göstərir ki, mərkəzi icra strukturları büdcə vəsaitlərinin ayrılması ilə bağlı qərarların verilməsində əlahiddə səlahiyyətlərə malikdir. Bu, həm korrupsiya hallarını artırır, həm də büdcə xərclərinin səmərəsiz xərclənmə hallarını çoxaldır.

XS
SM
MD
LG