Accessibility links

Qubad İbadoğlu: Azərbaycan istehlakçılarını gözləyən ən ciddi problem qiymətlərin bahalaşmasıdır


Son ayların ən mühüm iqtisadi hadisələrindən biri Azərbaycanda manatın devalvasiyası olub. Vaşinqtonda səfərdə olan iqtisadçı ekspert Qubad Obadoğlu Amerikanın Səsinin “Amerika icmalı” proqramında milli valyutanın sabitləşdirilməsi səyləri, iqtisadi perspektivlər və istehlakçıların problemlərindən danışıb.

Qubad İbadoğlu manatın dəyərini itirməyə davam etməsinin səbəblərini göstərərək, neft qiymətlərinin dünya bazarlarında düşməsinə görə Azərbaycanın valyuta gəlirlərinin azalmasını və Azərbayacana digər məhsul və xidmətlərin satışı ilə əlaqədar valyta gətirmək qabiliyyəti olan şirkətlərin olmadığını qeyd edib. “Ona görə də bazardakı tələb və təklif tarazlığı manatın xeyrinə pozulub, valyuta qıtlığı yaranıb və bu baxımdan da manatı qorumaq üçün, manatı məzənnəsini tənzimləmək üçün həm Neft fondu, həm də Mərkəzi Bank son zamanlar valyuta bazarına öz ehtiyatlarını çıxarmağa başlayıb.”

“Gerçək məzənnə olmadan biznes inkişaf etməyəcək, gerçək məzənnə olmadan manata etimad bir daha bərpa olunmayacaq. Eyni zamanda, gerçək məzənnə olmadan banklar öz əvvəli stabil mövqeyinə qayıda bilməyəcək."-Qubad İbadoğlu

Lakin bütün bunlar kifayət etmir, çünki manat öz gerçək məzənnəsini hələ almayıb və mən düşünürəm ki, manat özünün gerçək məzənnəsini o zaman alacaq ki, Mərkəzi Bank valyuta bazarına müdaxilə etməyəcək və valyuta bazarında Mərkəzi Bankdan, Neft Fondundan kənar bazar iştirakçıları olacaq.”

Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hələ buna hazır olmadığı üçün Mərkəzi Bank valyutanı tənzimləmək üçün bazara müdaxilə etməyə məcbur olur.

İqtisadçı ekspert ölkəyə səmayə axınını təmin üçün gerçək məzənnənin vacibliyindən danışıb. “Gerçək məzənnə olmadan biznes inkişaf etməyəcək, gerçək məzənnə olmadan manata etimad bir daha bərpa olunmayacaq. Eyni zamanda, gerçək məzənnə olmadan banklar öz əvvəli stabil mövqeyinə qayıda bilməyəcək. Ona görə də düşünürəm ki, Mərkəzi Bankın qarşısında duran əsas vəzifələrdən biri manatın gerçək, real bazar dəyərinin müəyyənləşdirilməsi üçün fəaliyyət göstərməkdən ibarətdir.”

"Xüsusilə də ərzaq qiymətlərinin bahalaşmasında meyllər daha güclüdür. Azərbaycan ailəsinin büdcəsinin strukturunda ciddi dəyişiklik baş verir."-Qubad İbadoğlu

Qubad İbadoğlu iqtisadiyyatı neftdən asılı olan Azərbaycan iqtisadiyyatının 2016-cı ildə qarşılaşacağı çətinlikklərdən danışıb.”

2016-cı il Azərbaycan iqtisadiyyatı üçün çətin il olacaq. Bilirsiniz ki, iqtisadiyyatda çətinliklər baş verir. Sərmayə qoyuşuşları aşağı düşür, həm dövlət hesabına, həm xaricdən cəlb edilən investisiyanın həcmində azalma müşahidə olur. Azərbaycan iqtisadiyyatında maliyyə bazarında əsas iştirakçılar olan bankların zərərləri getdikcə artır və bankların problemli kreditlərinin ümumi kredit portfelindəki payı yüksəlir. Azərbaycan iqtisadiyyatının bütövlükdə rəqabət qabiliyyəti aşağı düşür, çünki əsas rəqabət qabiliyyətli məhsulu neft və qaz idi. İndi neft və qaz hasilatında müəyyən dəyişiklər baş verir. Hətta mən düşünürəm ki, iqtisadiyyatda enmə müşahidə oluna bilər. Amma ən yaxşı halda Azərbaycan iqtisadiyyatını 2016-cı ildə biz durğunluq səviyyəsindən çıxarsaq, bu da düşünürəm ki, yaxşı bri nəticə kimi qiymətləndirilə bilər.”

"İndi maşın alan yoxdur, ev alan yoxdur, çünki bunun üçün əlavə vəsait cəlb etmək imkanları da məhduddur. Əvvəllər bunun üçün kredit vəsaitlərindən də bəhrələnənlər var idi, çünki indiki halda bank sistemləri də o kreditləri vermək qabiliyyətinə malik deyil."-Qubad İbadoğlu

İqtisadçı ekspert eyni zamanda mövcud iqtisadi durumda istehlakçıların qarşılaşdığı problemləri qeyd edib. “Azərbaycan istehlakçılarını gözləyən ən ciddi problem qiymətlərin bahalaşmasıdır. Xüsusilə də ərzaq qiymətlərinin bahalaşmasında meyllər daha güclüdür. Azərbaycan ailəsinin büdcəsinin strukturunda ciddi dəyişiklik baş verir. Çünki əvvəllər Azərbaycan ailəsi özünün vəsaitlərinin bir hissəsini ərzağa yönəldirdi, bir hissəsini qeyri-ərzağa, bir hissəsini istirahət üçün, bir hissəsini də böyük alışlar üçün xərcləyirdi və yerdə qalanı depozit olaraq banklarda yerləşdirirdi. İndiki halda ərzaq məhsullarının qiymətlərinin bahalaşması ailənin büdcə strukturunu dəyişib. İndi maşın alan yoxdur, ev alan yoxdur, çünki bunun üçün əlavə vəsait cəlb etmək imkanları da məhduddur. Əvvəllər bunun üçün kredit vəsaitlərindən də bəhrələnənlər var idi, çünki indiki halda bank sistemləri də o kreditləri vermək qabiliyyətinə malik deyil. Hətta kreditə maşın almaq qaydaları da xeyli sərtləşdirilib. Hesab edirəm ki, ən ciddi bahalaşma ərzaq məhsullarında olacaq. İstehlakçılar yeni qiymət artımına hazır olmalıdılar, çünki proses xüsusilə də mart, aprel və may aylarında artan xətlə inkişaf edəcək və ola bilər ki yayda mövsüm amillərinin təsiri altında qiymətlərdə sabitləşmə olsun. Amma 2016-cı il Azərbaycanda inflyasiyanın son 10 ildə ən yüksək səviyyəsinin qeydə alına biləcəyi bir ildir və mən bu baxımdan istehlakçılara təklif edərdim ki, öz alışlarında, öz xərcləmələrində daha rasional olsunlar və nəzərə alsınlar ki, getdikcə onların xərcləri çoxalacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG