Accessibility links

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatınının lideri, iqtisad elmləri doktoru Qubad İbadoğlu Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyilənlərə münasibət bildirib.

Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, Nazirlər Kabinetinin son müşavirəsinin iqtisadi sahədə əsas tezisləri sirasında büdcə vəsaitinin qənaətlə işlədilməsi və sahibkarlardan əsassız ödəmələrin tələb olunmaması diqqəti daha çox cəlb etdi.

Onun şərhini təqdim edirik:

Hər iki məsələnin indiki situasiyada əhəmiyyətini dəyərləndirməklə yanaşı hesab edirəm ki, hazırda hökümətin qarşısında duran başlıca vəzifələrdən biri də daxildə əlavə maliyyə qaynaqlarının tapılması və xaricdən birbaşa investisiyaların cəlb edilməsi üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Çünki qənaət öz-özlüyündə ictimai vəsaitlərin istifadəsində rasionallığı və səmərəliliyi artırsa da bu sonzuluğa qədər davam edə bilməz. Bisnesin fəaliyyət imkanlarının genişləndiirlməsi isə əlavə maliyyə qaynaqlarının təmini üçün çox vacibdir. Nəzərə alsaq ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb və ölkəmiz dünyanın 40 ən rəqabətli ölkəsi ilə bir qrupdadır. Bu halda xarici investisiyaların təşviqi vasitəsilə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasəti dayanıqlı iqtisadi artımın təmin edilməsini şərtləndirə bilər. Odur ki, investorlar Azərbaycan Respublikasında əlaqədar qanunvericiliyin, xüsusilə də vergi və gömrük rejiminin dəyişdirilməsindən qaynaqlanan təsirlərdən sığortalanmalı və onlara bununla bağlı bəzi təminatlar verilməlidir. Çünki, son zamanlar vergi qanunvericiliyinin qeyri-əlverişli şərtlərlə dəyişdirilərək sərtləşdirilməsi nəticəsində əlaqədar orqanların əsassız yoxlamaları və haqsız cərimələri fonunda müşahidə olunan ekspropriasiya (bir qrup tərəfindən başqa bir qrupun mülkiyyətinin icbari, zorakılıq yolu ilə qəsb edilməsi) kiçik və orta sahibkarların bir sinif kimi sıradan çıxarılması təhlükəsi yaradıb.

Eyni zamanda hesab edirəm ki, Azərbaycanda post neft dövrünün artıq başlandığını etiraf edən hakimiyyətin keçid dövrü üçün ilk addımlarından biri maliyyə amnitsiyası olmalıdır. Ölkəyə neft gəlirlərinin sürətlə və iri həcmlərdə daxil olduğu son illərdə gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının tam və ya qismən leqallaşdırılması, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması, xaricə aparılan kapitalın geri qaytarılması, getdikcə artan və kütləviləşən məhkəmə çəkişmələri ilə müşahidə olunan vergi borc öhdəliklərinin həlli üçün hazırkı şəraitdə maliyyə amnistiyasının elan olunmasını zəruriyyətə çevirib. Bu tədbir yeni iqtisadi situasiyada məlum çətinliklərlə üzləşən bazar subyektləri, biznes qurumlarının fəaliyyətinin təşfiqinə xidmət edə və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün vacibliyi getdikcə artan investisiya qoyuluşları probleminin həllinə töhfə ola bilər. Hazırda Azərbaycanda büdcə gəlirlərinin formalaşmasında, ölkəyə xarici sərmayələrin cəlb olunmasında müşahidə olunan çətinlikləri nəzərə alaraq hökümətdə bu istiqamətdə müzakirələr başlanmalı, ümumi vergi amnistiyası elan olunmalı, vergi ödəyicilərinə münasibətdə “təmiz səhifə”dən başlanılmalı, bəyan edilməyən aktivlərin repatriasiyasının stimullaşdırılması üçün xüsusi proqram qəbul edilməlidir.

XS
SM
MD
LG