Accessibility links

Qubad İbadoğlu Müsavat Partiyası üzvlüyündən xaric edilib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Fevralın 6-da Müsavat Partiyasının başqanlığına keçmiş namizəd, divan üzvü Qubad İbadoğlu partiya sıralarından xaric edilib. Bu barədə partiyanın divanı qərar qəbul edib.

Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən 8-ci qurultayında başqanlığa namizədlər Arif Hacılı 228, Qubad İbadoğlu 200 səs toplayıb. Qurultay Arif Hacılını başqan təsdiq edib.

Qubad İbadoğlu və tərəfdarları seçkiqabağı mühitin azad olmadığını bəyan edib. İbadoğlu həmçinin partiya qarşısında islahatlarla bağlı təkliflər paketi ilə çıxış edib. Onun təkliflərini partiya rəhbərliyi birmənalı qarşılamayıb.

2014-cü ilin dekabrında Qubad İbadoğlu və tərəfdarları Demokratiya və Rifah Hərəkatını təsis edib.

Nəhayət, divanın bu günki toplantısında Qubad İbadoğlu müzakirələrin video çəkilişinin aparılmasını təklif edib. Bu təklif qəbul edilmədikdə o divanın iclasını tərk edib.

Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi onun divanın iclasını tərk etməsi və son vaxtlar partiyanın əleyhinə yönəlmiş fəaliyyətlə məşğul olması ilə bağlıdır.

Qubad İbadoğlu divanın qərarını "yanlış və əsassız" hesab edir.

O APA agentliyinə divanın müzakirəsini "formal" adlandırıb. "Arqumentləri zəif olduğuna görə, video çəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi".

Qubad İbadoğlu qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Partiyasını indi yalnız bir nəfər idarə edir", o qeyd edib.

XS
SM
MD
LG