Accessibility links

Qubad İbadoğlu: Gələn il bu günə şükür edəcəyik


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Bu ilki büdcə layihəsində xərclərin azaldılması hökumətin rasionallığının yox, neft gəlirlərinin azalmasının nəticəsidir. İqtisad elmləri doktoru Qubad İbadoğlu bunu Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsilə bağlı Facebook səhifəsindəki şərhində yazır.

O qeyd edir ki, büdcə 2011-ci il səviyyəsində qərarlaşıb. 2016-cı il üçün büdcə gəlirləri 2015-ci il il ilə müqayisədə 4,87 milyard manat və ya 25,1%az proqnozlaşdırılır.

Büdcənin əsas donoru Dövlət Neft Fondundan transferlərin bu ildən başlayan azalması meylinin 2016-da davam edəcəyi deyilir. Bundan sonra büdcənin əsas gəlir mənbəyi kimi mənfəət vergisi, fiziki şəxslərdən gəlir və əlavə dəyər vergisi sahələri göstərilir. Amma bu illə müqayisədə gələn il hər 3 əsas mənbədən azalmalar proqnozlaşdırılır. 2015-ci illə müqayisədə 2016-cı ildə şirkətlərin mənfəət vergisinin 17,6% az proqnozlaşdırılması biznesin yeni tələblərə hazır olmamasının göstəricisi sayılır. Bu azalma həm də ölkədə biznes mühitinin daha da pisləşəcəyinin rəsmi etirafı hesab edilir. Gəlirlə işləyən müəssisələrin bəzilərinin mənfəətlərinin azalacağı, digərlərinin mənfəətli fəaliyyətinin zərərlə əvəz olunacağı bu səbəbə görə gözləniləndir. Bu isə ixtisarların artacağını, əmək haqları və fiziki şəxslərin gəlir vergilərindən daxilolmaların azalacağını göstərir.

İnvestisiya büdcəsinin kəskin ixtisarının bu sahədə mənfi meylləri daha da artıracağı iddia edilir. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, əlavə dəyər və aksiz vergisinin əvvəlkindən az daxil olacağını şərtləndirir. Artımla proqnozlaşdırılan mənbələrdən biri sadələşdirilmiş vergi üzrə gəlirlərdir. Bu isə kiçik və orta biznesin vergi öhdəliklərinin daha da artırılacağı hesab edilir.

Gələnilki xərclərdən bəhs edən Q.İbadoğlu gələn il büdcənin də faktiki icrasının proqnozlaşdırıldığından az ola biləcəyi barədə xəbərdarlıq edir.

Bu illə müqayisədə gələn il xərclərin həcminin 4,836 milyard manat və ya 22,9% az proqnozlaşdırılır. 2016-cı ildə hər 100 manatdan 21 manat 85 qəpik tikintiyə, 14 manat dövlət aparatının saxlanılmasına, 11 manat 70 qəpik sosial müdafiə və təminata, 11 manat 30 qəpik müdafiəyə, 10 manat 50 qəpik təhsilə, 7 manat 60 qəpik dövlətin xarici və daxili borclarının ödənilməsinə, 7 manat məhkəmə hakimiyyəti, hüquq-müdafiə və prokurorluğa, 4 manat 60 qəpik səhiyyəyə, 4 manat mədəniyyət, incəsənət və bədən tərbiyəsinə, 3 manat 65 qəpik kənd təsərrüfatına və balıqçılığa, 81 qəpik elmə, 1 qəpik ekologiyaya və ətraf mühitin mühafizəsinə xərclənir. 2016-cı il üşün proqnozlar hətta özünü doğruldacağı halda belə büdcədə 1,7 milyard manat da kəsir yaranacağı vurğulanır.

Bu rəqəmlərin proqnoz odluğunu deyən Q.İbadoğlu son zamanlar proqnozların da özünü doğrultmadığını vurğulayır. 2014-cü ildə 2015-ci il üçün proqnozlaşdırılan büdcə ilə gözlənilən icra arasında 2,5 milyard manat fərq yarandığı xatırladılır.

“Bu il olduğu kimi gələn il büdcəsinin faktiki icrası da proqnozlaşdırılandan az ola bilər və gələn il bu günə də şükür edəcəyik, deməli, bu hələ son deyil”, - Q.İbadoğlu büdcə layihəsinə yekun mövqeyini ifadə edib.

XS
SM
MD
LG