Accessibility links

Qubad İbadoğlu: Azərbaycan iqtisadiyyatı 3.5 faiz kiçilib


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında tənəzzülün dərinləşməkdə olması ilə bağlı məqalə yazıb. Onun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Azərbaycan Dövlət Statisitika Komitəsinin son məlumatına görə, Azərbaycan iqtisadiyyatı bu ilin 1-cü rübündə 3.5 faiz kiçilib. Belə ki, rəsmi məlumata görə, 2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilib.

Milli iqtisadiyyatda kiçilmənin əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması göstərilir. Əslində isə hazırkı tənəzzülün başlıca səbəbi hökümətin işinin öhdəsindən gələ bilməməsi, kompleks yanaşma və koordinasiya olmadığından iqtisadi siyasətlə məsğul olan ayrı-ayrı dövlət qrurumlarının əlaqələndirilməyən fəaliyyətidir.

Belə ki, dövriyyədəki manat kütləsini məhdudlaşdıraraq buxovlayıcı monetar üsullara və inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeritməklə iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni situasiya formalaşdırıb. Bununla inflyasiyanın cilovlanmasına çalışan Mərkəzi Bank hazırkı siyasəti ilə alıcılıq qabliyyətinin və işgüzar fəallığı aşağı salıb.

Beləliklə də ÜDM artımını da tormozlayaraq, yeritdiyi siyasətlə onun aşağı düşməsini təmin edir. Digər tərəfdən də dövlət büdcəsinin xərc hissəsinin icra səviyyəsini 1-ci rübdə 73 faizə endirən Maliyyə Nazirliyi öz növbəsində məhdudlaşdırılmış fiskal siyasəti ilə həm büdcənin istehlak yönünün gücləndirilməsinə, həm də dövlət xərclərinin süni azaldılmasına nail olaraq işgüzar aktivliyin aşağı salınmasına xidmət edir. Nəticədə monetar və fiskal siyasətə məsul olan hər iki dövlət orqanının yanlış siyasəti nəticəsində həm ÜDM aşağı düşür və həm də işsizlik artır.

Bütün bunları koordinasiya etmək əvəzinə hökümət hələ də neftin qiymətinin bahalaşacağına və əvvəlki kimi iqtisadiyyatda lazım olan gəlirlərin bir resurs hesabına təmin ediləcəyinə umidlidir. Amma hətta neftin qiyməti əvvəlki səviyyədə bahalaşsa da belə bu hökümət Azərbaycan iqtisadiyyatını tənəzzüldən çıxara bilməyəcək. Çünki ölkədə qiymətlə yanaşı hasilat da düşür, istehsal xərcləri isə artır, islahatlar da aparılmır.

Məqalədə ünvanına tənqidi fikirlər səslənən qurumlar ekspertin məqaləsi ilə bağlı hələ şərh verməyib.

Show comments

XS
SM
MD
LG